koronavirus

Sərt karantin vəziyyəti idarəolunan səviyyəyə gətirəcək?

Baxış sayı: 933

COVİD-19 testi verə bilmək üçün bir neçə gün növbə gözləyənlər, testi verib nəticəsinin bir həftəyə gəlmədiyini deyənlər, vəziyyəti ağır olduğu halda xəstəxanalara yerləşdirilməsi mümkün olmayanlar, evdə inyeksiyaların tətbiqi üçün tibb bacısı tapa bilməyənlər, koronavirusdan ölənlərlə bağlı xəbərləri tez-tez almağımız və s. Son günlərin koronavirusla bağlı müşahidə etdiyimiz mənzərəsi bu cürdür.

Koronavirusa yoluxma ilə bağlı son günlərin statistikasındakı rəqəmlər də narahatlıq doğurur. 10 gündən çox müddətdə gündəlik, demək olar ki, 4000-dən çox yoluxma qeydə alınırdı. Vəziyyətin bu cür olduğunu nəzərə alan Nazirlər Kabineti dekabrın 14-dən etibarən xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar verdi. Ancaq sərtləşdirilmənin çıxış yolu olmadığını bildirənlər də var. Onlar bunu əsas gətirirlər ki, yenidən yumşaldılma olanda, yenə yoluxma sayı artacaq. Bəs buna nə ehtiyac var?

Həkim-infeksionist Mərdan Əliyevin sözlərinə görə, pandemiya ilə mübarizədə ən effektli çıxış yolu maariflənmə ola bilər, amma bu, çox da işləməyən metoddur: “Maariflənmə belədir ki, insanlar məlumatlandırılır və fərdi şəkildə qaydalara çox məsuliyyətlə yanaşırlar. Əgər maarifləndirilmə mümkün olsa, yaxşı nəticə əldə etməyə kömək edər. Amma bu üsul heç də həmişə effektli olmur. Çünki inanmayan, qaydalara riayət etməyənlər çox olur. Ona görə, pandemiya ilə mübarizədə ən geniş istifadə olunan üsul karantin rejiminin tətbiqidir. Pandemiya varsa, karantin tədbirləri görülür ki, yoluxma zənciri qırılsın. İndiki halda isə əsas çıxış yolu karantin rejiminin sərtləşdirilməsi idi. Heç bir ölkəyə iqtisadi cəhətdən karantin rejiminin tətbiqi sərf etmir. Amma məcbur qalaraq buna gedilir”.

İnfeksionist bildirdi ki, karantin rejiminin sərtləşdirilməsinin hansı effekt verdiyini zaman göstərəcək: “Mənə elə gəlir ki, müəyyən qədər effekti olacaq. Çünki indi şəhərdə insan, maşın çoxdur. İctimai nəqliyyatda sıxlıq idi, bu da yoluxmaya səbəb olurdu. Digər tərəfdən, şəxsi nəqliyyat vasitələrində bir neçə nəfər olurdu və bu zaman maska istifadəsinə o qədər də ciddi yanaşılmırdı. Vəziyyət həddindən artıq ciddidir. Klinikaya gətirilən xəstələrin yarısı pnevmoniya olanlardır. Əgər tədbirlər görülməsə, növbəti dövrlərdə gündəlik yoluxma sayı indikindən dəfələrlə artıq həddə də çata, gündəlik 10-15 min yoluxma da ola bilərdi”.

M.Əliyev bildirdi ki, hazırda rast gəlinən respirator xəstəliklərin 95 faizi koronavirusdur: “Həssas qruplar qripə qarşı peyvənd olundu. Bu, ona görə edildi ki, qrip də bir tərəfdən gəlib koronavirusa qarışmasın. Kəskin respirator xəstəliklər oxşar olsa da, hazırda bu xəstəliklərə yoluxma sayı indi azdır. Hazırda əsas rast gəlinən respirator xəstəlik koronavirusdur. Qrip boğaz ağrısı, burun axması, asqırma ilə başlayır, nadir hallarda qızdırma verir. Koronavirus isə qızdırma ilə başlayır. Sinir sistemini məhv etdiyi üçün 50 faiz xəstələrdə dad, qoxubilmə hissi də itir. Bu əlamətlərlə ayırd etmək olar. Hazırda respirator xəstəliklərin 95 faizi koronavirusdur. Buna baxmayaraq, insanlar yenə də onlarda qrip olduğunu zənn edirlər və xəstəliyin müalicəsinin gecikdirilməsi halları çox yaşanır. Bu da vəziyyətin ciddiləşməsinə səbəb olan faktorlardır”.

M.Əliyev deyir ki, vəziyyət idarəolunan səviyyədən çıxmışdı: “Vəziyyət hazırda idarəolunan səviyyədə deyil. Yoluxanların sayı çoxdur, sağalanlarınkı az. Düzdür, son günlərdə sağalanların sayının yoluxma sayına yaxınlaşdığını da gördük. Yoluxmanın çox olması stasionarların sayını azaldır. Xəstəxanalarda yer olmursa, xəstələri yerləşdirmək çətindirsə, mümkün deyilsə, təcili yardım heç də həmişə gəlmirsə, o deməkdir ki, vəziyyət idarəolunmaz hala gəlib”.

Həkim-terapevt Məlahət Hümmətqızı deyir ki, tibbi cəhətdən yanaşanda, insanların evə qapadılması yaxşı hal deyil, amma indiki halda pandemiya ilə mübarizədə karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yaranmışdı: “Təmiz havada olmaq, gəzmək insan sağlamlığı üçün vacibdir. Bu cəhətdən yanaşanda, təbii ki mən də SMS rejiminin əleyhinəyəm, insanları tamamilə evə qapatmağın tərəfdarı deyiləm. Digər tərəfdən, evə qapadılma, insanları çıxarmağa çalışdığımız passiv həyat tərzinə yönəldir. Passiv həyat tərzi də insan sağlamlığı üçün zərərlidir. İşsizlik problem olanları da var, bu da qapadılmanın çətin tərəflərindəndir. Passiv həyat tərzi, işsizlik insanlarda stressə səbəb olur. Bu tərəfləri düşünəndə, evə qapadılma, SMS icazənin tətbiqi məsləhət görülmür. Ancaq indiki durumda buna məcbur gedildi. Noyabr ayından etibarən 28 saylı Bakı şəhər Birləşmiş Şəhər Xəstəxanasının Bilgəh Modul tipli Xəstəxanasında çalışıram. Aprel, may, iyun aylarında isə Tibb Universitetinin Tədris-Cərrahiyyə klinikasında işlədim. Prosesin necə cərəyan etdiyini klinikalarda gördüyüm vəziyyətə əsasən qiymətləndirə bilirəm. Hazırda çalışdığım xəstəxanadakı vəziyyəti deyim. Xəstəxanada 3 korpus var, hər birində 62 xəstə yatır. Bütün korpuslarda xəstələr çox ağırdır. Əslində xəstəxana ağır koronavirus xəstələri üçün nəzərdə tutulmayıb, çünki reanimasiya şöbəmiz yoxdur. Amma digər xəstəxanalarda yer olmayanda, məcbur götürürük, xəstələri geri qaytarmırıq. Yoluxma günü-gündən artırdı və klinikaların bunları qaldırmağa gücü çatmırdı. Belə olan halda ağır xəstələrin yerləşdirilməsi ilə bağlı problem yaşanır. Heç kim də istəmir ki, virusu ağır keçirən yaxını evdə müalicə alsın. Bunun riskləri çox böyükdür. Yəni vəziyyət idarəolunan halda olmalıdır. Ona görə də, karantinin sərtləşdirilməsinə ehtiyac var idi və buna məcbur gedildi”.

M.Hümmətqızı bildirdi ki, əgər tədbir görülməsəydi, qışa doğru vəziyyət daha pis hal ala bilərdi: “Soyuq payız ayları gəldi, bu da virusa yoluxmanın artmasına səbəb olan əsas faktorlardandır. Digər tərəfdən, müharibə dönəmində olduq, insanlarımızı bir araya gətirən səbəblər çox oldu. Eyni zamanda, metro işləmir, marşrut avtobuslarındakı sıxlıq da hər kəsə məlumdur. Bunlar insanların yaxın təmasına səbəb oldu və yoluxma indi gördüyümüz rəqəmlərə gəldi çıxdı. Qışa doğru havaların soyuq keçməsi də xəstəliyin daha da artmasına səbəb olur. Qarşıdan daha soyuq qış ayları gəlir. Virus infeksiyaları qış aylarında daha da aktivləşir, yuxarı tənəffüs yollarının xəstəlikləri artır. Əgər sərt karantin rejiminə gedilməsəydi, bizi yəqin ki, çox böyük fəlakət gözləyə bilərdi. Yoluxmanın sayı daha da kütləvi hal alardı, xəstə sayı daha da artardı. Karantin rejiminin sərtləşdirilməsinin yoluxma sayına təsir etməyəcəyini demək olmaz. Əlbəttə ki, yoluxma sayının azalmasına gətirib çıxaracaq. Bunu əvvəlki təcrübələrimizdə də görmüşük”.

 

Aygün 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir