efzeleddin R

Sağlam ailə, düzgün hədəf və möhkəm struktur – “AİLƏ DOSTU”

Baxış sayı: 682

Ailə hər bir cəmiyyətin əsasını təşkil edən ali və ülvi bir quruluşdur. Onun sağlam təməllər üzərində qurulması, elə cəmiyyətin sağlam ruha malik olması deməkdir. Ailələr ona görə müqəddəsdir ki, orada ruhların bağlılığı, könüllərin birlikdəliyi mövcuddur. Sevgi və qayğı üzərində birləşən vahid inkişaf ruhunu özündə daşıyır sağlam ailələr. Bu onun üzvlərinin münbit şəraitdə inkişafını təmin edir. Həyatdan aldıqları zövq və məmnunluq hissini artırır. Buna görə də, sağlam ailə təməlinin sirlərini bilmək hamımız üçün yararlıdır.

Heç kimə gizli deyildir ki, ailə, insanın formalaşmasında ən mühüm rol oynayan amildir. Məhz ilk dəfə ata-anasının isti ailə ocağında dünyaya göz açan körpələr, onların qarşılıqlı olaraq bir-birilərinə məhəbbət, sevgi və sayğı göstərdiklərinin şahidi olur. Elə bu sevgidən dünyaya gəlmiş körpə, sonralar onların davamlı məhəbbətinin nəticəsi olaraq qayğı və şəfqət görür. Bununla da o, sağlam ruhlu şəxsiyyət kimi formalaşır. Çünki bir-birinə və həmçinin övladına qarşı qayğıkeş olan valideynlərin övladları etibarlı bir əlaqə tərzi inkişaf etdirərkən, onun ehtiyaclarını emmosional cəhətdən təmin etməyən valideynlərin uşaqları, gələcəkdə etibarsız bir bağlılıq tərzi nümayiş etdirəcəkdir. Həyatın ilk illərində inkişaf edən bağlılıq əlaqəsi, sonrakı dövrdə yaşanan əlaqələrə də təsir edir. Təhlükəsiz bir bağlanma tərzi görən uşaqlar, yetkinlik dövründə sosial və yaxın münasibətlərdə özünə güvənir və etibarlı bağlanma davranışı göstərir. Güvənsiz bir bağlılıq formasına malik olan uşaqlar isə, özlərini daha az dəyərli hesab etdikləri və başqalarına daha az güvəndikləri üçün özü ilə və şəxslərarası münasibətlərdə çətinliklər yaşayır və gələcəkdə sosial əlaqələrdə uyğunlaşma problemləri göstərirlər. (Collins, N.L. &Read, S.J. (1990). “AdultAttachment, WorkingModels and RelationshipQualityinDatingCouples”. Journal of Personality And SocialPsychology, 58, 644-663)

Evdə ata-ananın bir-birilərinə sevgi, nəvaziş, hörmət və dəyər verərək rəftar etdiyini müşahidə edən körpə, böyüdükcə bütün bunları mənimsəyir, zehninə və ya əxlaqına həkk edir. Onun duyğuları sağlam şəkildə formalaşır. Bu tərbiyə, onu təkcə valideynlərinə deyil, bütün cəmiyyətə şərəfli, ləyaqətli, şəfqətli və düzgün insan olaraq təqdim edilməsində mühüm və əsaslı rol oynayır. Ailə tərbiyəsində valideynlərin bir-birilərinə və övladlarına qarşı rəftarları, onları saleh əməlli bir şəxsiyyət kimi yetişdirir.

Amma əksinə bu körpə, dünyaya gəldiyi gündən ailədaxili münaqişələrin, valideynlərinin bir-birinə qarşı kobud rəftarlarının, adını belə çəkmək istəmədiyim müxtəlif xoşagəlməz davranışların şahidi olarsa, onun olduqca acınacaqlı psixoloji və mənəvi halını təsəvvür etmək elə də çətin deyildir. Görəsən, valideynlərinin bir-birinə qarşı ziddiyyətli davranışlarına və kobudluğuna şahid olmuş, yaddaşına qəm-kədər, kin-küdurət, iztirab və qəzəb həkk olmuş bu körpənin gələcəkdə onlarla qarşı. Öz ailəsinə, övladlarına və cəmiyyətdə başqalarına qarşı necə davranacağını umurlar?

Unutmayın, ailədə cütlərin bir-birilərinə qarşı qeyri-etik rəftarları və yaxud övlada qarşı kobud davranışları, onun şəxsiyyətini sındırmaq, təhqir etmək, döymək və sair kimi doğru olmayan yaramaz əməllər, onun ruhi sarsıntılar içində böyüməsinə, daim içinə qapalı olmasına, özünə inamsızlığa, dəyərsizlik hissinə, ya əksinə davakar və rəhimsiz, qəddar, təcavüzkar olmasına gətirib, çıxarır.

Unutmaq lazım deyildir ki, ailə bütöv bir cəmiyyətin, millətin və dövlətin modeli və kiçik formasıdır. Əgər bir cəmiyyətdə mövcud olan ailələr, möhkəm təməllərə və sağlam mühitə sahib olarsa, deməli, o cəmiyyət də, möhkəm bünövrəyə və sağlam mühitə malikdir.

 

Cinsiyyət fərqinin doğru təfsiri

Sağlam təməlli ailələr, qadın-kişi fərqliliyini düzgün anlamış ailələrdir. Yəni qadını zəriflik, incəlik, gözəllik, iffət, düşüncə və qayğı dolu bir varlıq kimi aşılayan, kişini igidlik, alicənablıq, ədəb, anlayış, diqqət və məsuliyyət sahibi kimi aşılayan ailələr, cəmiyyətə eyni hüquqlu iki şəxsiyyəti təqdim edir. Lakin qız övladına “ikinci dərəcəli şəxsiyyət” münasibəti göstərən, onun cinsi fərqliliyini acizlik kimi önə sürən ailələr isə əvvəlcədən sanki onun şəxsiyyətini şikəst etmiş sayılır. Bəzən ailədə oğlan övladına, qız övladının müqabilində, sırf onun cinsiyyət fərqinə əsasən verilən ədalətsiz üstünlüklər, əvvəlcədən gələcəyin anası olacaq qızın əzilmiş və dəyərsizləşmiş psixologiyasını hazırlayır, onu sevgi və yardıma möhtac şəxsə çevirir. Oğlanı isə özbaşına, kobud, istismarçı, başqalarına güvənc hissindən məhrum və lovğa bir şəxsiyyət olaraq tərbiyə edir. Belə münasibət görən qızın stokholm sindromlu, natamam şəxsiyyətli, oğlanın isə sosiapat, narsist şəxsiyyət çatışmamazlığına, ya bunun kimi sair şəxsiyyət nöqsanlarına sahib olacağı labüddür.

Başqa bir ifadə ilə desək, ailədə biz gələcəyin həyat yoldaşını, anasını tərbiyə ediriksə, onu özünə inamlı, özünü dəyərli bilən, qız olduğuna görə utanmayan, oğlan olmasını arzulamayan, əksinə cinsiyyət fərqinə görə özünü şanslı bilən, “nə yaxşı ki mən qızam” -deyə bilən, “xanımlıq” ruhunda tərbiyə etməliyik.

Oğlanı isə cinsiyyət fərqinin sadəcə təbii bir fərqlilik olmasını anlayan, hər bir fərqliliyin özünə məxsus üstünlüyü, özünə xas imtiyazı və gözəlliyi olmasına inanan, kişiliyin isə mərdlik, nəciblik və sədaqətlə birgə olmasına etiqad bəsləyən bir şəxsiyyət kimi tərbiyə etməliyik.

Əks halda ailələrdə cinsiyyət fərqini əskiklik, yaxud üstünlük bilən cütlərin sağlam mühit yaratmasından söhbət belə gedə bilməz.

 

 

Ailə qurmaqdakı hədəf növləri

Cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin istiqrarı və möhkəmlənməsinin əsas amillərindən biri də, ailə təməlinin düzgün və möhkəm şəkildə qoyulmasıdır. Bu dəyərli quruluşun sağlam təməllərlə möhkəmlənməsi üçün, ilk öncə evliliyin hədəfi və məqsədi doğru olmalıdır. Sosioloji təcrübə və müşahidələrdən belə qənaətə gəlmək olur ki, evlilik hədəfləri aşağıdakı formalarda baş tuta bilir:

  • “Valideyn evliliyi”: Bəzən oğlan, yaxud qızın ailə qurması, sırf onların valideynlərinin istəyi nəticəsində baş verir. İstər “ata-ananın xətrinə dəyməmək”, “onların arzularını çin etmək” üçün, istər “evə köməkçinin lazım olması” məqsədilə, istər “evdə qalmamaq” niyyətilə olsun, istərsə də məcburi şəkildə olmuş olsun, bəzi ailələrin təməli atılır.
  • “Müqayisə evliliyi”: Sırf həmyaşıdlarının evləndiyini görüb, buna hazır olmadan ailə qurmağa can atmaq. Burada artıq bir rəqabət evliliyindən söhbət gedir.
  • “Qınaq evliliyi”: Valideynlərin, yaxud cəmiyyətin qınaq obyektinə çevrilməmək üçün evlənmək. İnsanların “niyə evlənmirsən, problemin nədir?”- deyə istehza hədəfinə çevrilməmək, “sənin tayların evləndi”-deyə qınağa tuş gəlməmək və anormal olmadığını nümayiş etdirmək üçün ailə həyatı qurmaq.
  • “Qaçış evliliyi”: Ailədə valideynlərin, qardaş və bacının dava-dalaşından, mübahisələrindən, psixoloji və fiziki istismarından qaçmaq, qurtulmaq üçün təcili evlənmək. Burada artıq evlilik şəraitdən çıxış və bir xilas yolu kimi görülür.
  • “Şöhrət evliliyi”: Bir şəxslər onun tanınmış ailədən olmasına, qohum-əqrəbasının çoxluğuna və sairə görə evlənmək məqsədli ailə qurmaq. Burada əsas predmet, evlilik vasitəsilə əldə olunacaq prestijdir.
  • “Var-dövlət” evliliyi: Kiminsə sahib olduğu sərvətə görə onunla evlənmək niyyətinə düşmək. Burada əsas, qarşı tərəfin maddi imkanlarından və rifahından faydalanmaqdır.
  • “Şəhvət evliliyi”: Sırf zahiri gözəlliyi nəzərdə alaraq, kiminləsə evlənməyi qərara almaq.
  • “Kor evlilik”: Qarşı tərəfə ilk görüşdə aşiq olub, ildırım sürətilə, kor-koranə ürək bağlayaraq evlənmək.
  • “Asılı evlilik”: Cütlərdən biri ifrat bağlılıq və asılılıq şəxsiyyət problemindən əziyyət çəkir. Qarşı tərəfə elə bağlanıb ki, hətta onu təhqir etsə belə, ondan uzaqlaşa bilmir, “onsuz ölərəm”, “məni ondan başqa kim sevər ki?”-deyir. Belə şəxslər narsist şəxslər tərəfindən daha çox sui-istifadə oluna bilir. Stokholm sindromuna malik olan insanlar da buna nümunə ola bilər. Ailəsi və çevrəsi tərəfindən əzilmiş, sındırılmış, sevgi görməmiş şəxslərin bu tip evliliklərəmeyilli olduğu bildirilir. Belə şəxslər. Məhv onu əzən və sevməyən şəxslərə meylli olur ki, həm özünün əmin-amanlıqda təzmin etmiş olsun, həm də “güc-qüdrətin” sayəsində mütiləşərək öz “dəyərini” tapmış olsun.
  • “Heyranlıq evliliyi”: Qarşı tərəfin hansısa aktyora, aktrisaya, müğənniyə və sairə bənzədiyini görüb, sırf heyran olduğu, fanatı olduğu şəxsi onda tapmaq üçün evlənmək.
  • “İfrat empatiya evliliyi”: Qarşı tərəfə “yazığı gəldiyi” üçün evlənmək. Məsələn cütlərdən biri digərinə acıyaraq onunla evlənməyi qərara alır.

Yuxarıda qeyd olunan evlilik hədəfləri düzgün və normal olmadığı üçün ailənin dağılma potensialı, yaxud davam etsə belə problemli bir ailə olması, sağlam mühitə sahib olmama ehtimalı yüksəkdir. Belə ailələrin ən azından hədəflərini islah etməsi, doğru fikir tərzinə yönlənməsi lazımdır.

Burada yeganə düzgün evlilik məqsədi “Normal evlilik”-dir. Bu evlilikdə hədəf ilk öncə düşüncəsini, duyğularını tanıdığınız şəxslə, dəyər əsaslı ailə qurmaqdır. Qarşı tərəfi hansı dəyərlərə sahib olduğu üçün sevirsiniz? Onu nəyə əsasən özünüzə yaxın hesab edirsiniz? Sizi ona bağlayan nədir? Nəyə görə o sizin üçün dəyərli və önəmlidir? Onunla bir ömür hansı səbəbə birlikdə yaşamaq istəyirsiniz? Bunun cavabı yalnız pak duyğular və hisslər olmalıdır. Yəni, sizə dəyər verməsi, alicənablığı, nəcibliyi, qayğıkeşliyi, insafı, güzəştə getməsi, mərhəmətli olması, səbri, iradəli olması, sədaqəti, qarşılıqlı hörmət əsaslı münasibətlər qurması, dünyapərəst olmaması və sair kimi xüsusiyyətlərə sahib olması xüsusi önəm daşımalıdır. Bu gözəlliklər sizin bir-birinizi cəzb etməsinə səbəb olmalıdır. Cütlər bir-birini xoşbəxt etmək və onunla xoşbəxt olmaq arzusu ilə ailə qurmalıdırlar. Sözsüz ki, bunun tələb etdiyi amillərə, yaxud ailənin təməl sütunlarına da diqqət etməlidirlər.

 

Sağlam ailə sütunları

Ailə bir sıra təməl əsaslara malikdir ki, onlara işarə edirik:

  • Öhdəçilik: Öhdəçilik, cütlərin birlikdə yaşamalarına verdiyi dəyərin və əhəmiyyətin üzərində qurulan əhd-peymandır. Yəni onlar üçün ailə olaraq birlikdə yaşamaq əhəmiyyətlidir və vazkeçilməzdir. Ailəni qoruyub saxlamaq üçün hər ikisi səy göstərir və onun təməlinin süstləşməsini istəmirlər.

Ailənin cütlər üçün nə qədər önəm daşıması, onun sağlamlığı və inkişafı onlar üçün əsas prioritetə çevrilməsi ən əsas amildir. Cütlərin hər iki cümləsindən birində, “boşanacam”, “bu ailə deyil” və sair kimi uyğunsuz və neqativ ifadələr işlətməsi, boşanmaqla təhdid, yaxud onu çıxış yolu görmək, ailə öhdəçiliyinə ziddir. Ümumiyyətlə, öhdəliyin nə qədər aşağı olmasından və ya heç bir öhdəliyi olmayan insanlardan və ya bu öhdəliklərin zəif olmasından və ya öhdəliklərinə dair şübhələrdən asılı olaraq, bunlar ailə təməllərinin zəifləməsinə səbəb olacaq.

Bu sahədə öhdəliyə sadiq qalmaq da üç növdür:

a) Şəxsi öhdəlik: Cütlər qarşı tərəfin həyatında olmasını istəyir, onunla birgə yaşamağa əhəmiyyət verir. Qarşı tərəf onun üçün çox dəyərlidir.

b) Əxlaq prizmalı öhdəlik: Şəxsin ideologiyasına əsasən ailə həyatı əhəmiyyətlidir və buna görə də onu qorumağa çalışır.

c) Məcburi öhdəlik: Sosial qınaq, adət-ənənə, hüquqi sistem, maddi amillər, yaxud övladlara görə ailəni qoruyub saxlamaq.

  • Emosional bağlılıq:Bağlanma, həyatımızda önəmli yer tutan insanlara qarşı yaranan duyğu bağdır. Cütlər arasındakı duyğu əsaslı emossional bağlılıq nəzərdə tutulur. Bir-birilərini sevən və dəyər verən fərdlər, etibarlı bağlanma stilinə malikdir. Bu çox mühümdür və ailə patologiyasında özünəməxsus əhəmiyyət kəsb edir.

“Bağlanma” termini İngilis alimi JohnBowlby tərəfindən önə sürülmüşdür. Bowlby uzun illər ərzində körpələrin, valideynlərinə və ya onlara baxan insanlara olan bağlanma tərzləri haqda tədqiqat aparmış və “bağlanma nəzəriyyəsi” nin bünövrəsini həmin müşahidələrin üzərində əsaslandırmışdır. (Sümer, N. veGüngör, D. 71-106.)

Bağlanma davranış modellərinin yaş və ölçü tərzlərinə görə fərqlənməsi üç fərqli bağlanma modelinin formalaşmasına səbəb olmuşdur. Bu modellər bunlardır: “Ainsworth-in Üçlü bağlanma şəkli”, “HazanveShaverı-in Üçlü bağlanma forması” ve “Bartholomew-inDörtlü bağlanma tərzi”. (Mikulincer, M. veShaver, P.R. 2016.)

Bartholomew-in bağlılıq nəzəriyyəsində dörd növ yetkin bağlanma üslubu var: “Etibarlı bağlanma”, “asılı-vasvası bağlanma”, “narahat bağlanma” və “etibarsız bağlanma” tərzləri. Bunlar uşaqlıqda qurulmuş bağlanma üslublarına əsaslanır. “Etibarlı bağlılıq”, şəxsin uşaqlıq dövründə mənəvi ehtiyacları normal olaraq ödənildikdə baş verir. “Asılı-vasvası bağlanma”, “narahat bağlanma” və “etibarsız bağlanma” üslubları, uşaq anası və ya ümumiyyətlə valideynlərilə müntəzəm və etibarlı emossional əlaqə qura bilmədiyi zaman ortaya çıxır. Uşağa baxan şəxslə onun arasında vücuda gələn bağlılıq uşağa əmin-amanlıqda olduğu hissini verir. Uşağın baxıcısına qarşı sağlam duyğular bəsləməsi, irəliləyən yaş dövrlərində onun başqa insanlara qarşı münasibəti və hansı bağlanma stilinə sahib olmasına əsaslı dərəcədə təsir edir. Amma mənim nəzərimcə, bu təkcə uşaqlıqda deyil, ümumiyyətlə insan şəxsiyyətinin tam formalaşdığı zamana qədər davam edir. Belə düşünürəm ki, insan təcrübələr boyunca, üzləşdiyi şəxslərin münasibətləri və hadisələr axarında bağlanma stillərini dəyişə bilər. Həmçinin, terapiya ilə paralel şəkildə ailə konsultasiyasından da bəhrələnmək, bu sahədə olan çatışmazlıqları yoluna qoymaq qabiliyyətinə malikdir.

Hər-halda ailədə emossional bağlılıq əhəmiyyətini nəzərdə alaraq, sözügedən bağlanma formalarına qısa işarə edirəm:

“Etibarlı bağlanma”: 1) Bu insanlar özlərini sevgiyə və etibara layiq görürlər və digər insanların da belə olduğuna inanırlar. 2) Özlərinə inamları olduğuna görə, öz müsbət imicini qorumaq üçün başqalarının təsdiqinə daha az ehtiyac duyurlar. 3) Başqaları ilə daha asan əlaqə yarada bilirlər. 4) Azad ruhlu insanlardır.

Ümumiyyətlə, bu bağlanma modelinə görə, şəxsin özünə və başqalarına müsbət və etibarlı baxışı vardır. Buna görə də, sağlam ailə bağlarına sahib ola bilirlər. Bu fərdlər qarşılaşdıqları problemlər qarşısında mübarizə bacarıqlarını təsirli şəkildə istifadə edir, düşüncəli və anlayışılı davranır və lazım gəldikdə başqalarından dəstək almaqda problem yaşamırlar.

“Asılı-vasvası bağlanma”: 1) Səhv başa düşüləcəklərinə inanırlar. 2) Özlərini dəyərli bilmir və özünə inamsızdırlar. 3) Buna görə də, yaxın münasibətdə həm rədd edilməkdən, həm də tərk edilməkdən çox qorxurlar. 4) Qarşı tərəfdən asılıdırlar və özlərini onsuz təsəvvür edə bilmirlər.

Bu bağlanma modelinə görə, şəxsin özünə müsbət və etibarlı baxışı yoxdur, amma başqlarına vardır. Onlar həm rədd edilməkdən, həm də tərk edilməkdən qorxurlar. Buna görə də, belə insanlar münasibətlərində özlərini təsdiq etdirməyə meyllidirlər, münasibətlərində obsesif (vasvası və asılı) olurlar və münasibətləri ilə bağlı qeyri-real gözləntilərbəsləyirlər. Qarşı tərəfi itirməsinlər deyə, onun hər istəyini yerinə yetirməyə hazırdırlar. Ona sərhədsiz qayğı və qulluq göstərirlər. Təəssüf ki, belə şəxslər istismara hazır şəxslərdir.

“Narahat bağlanma”: 1) Özlərini dəyərli bilir və özünə inamlıdırlar. 2) Digər insanların etibarlı olduğuna inanmırlar. 3) Sosial əlaqəyə ehtiyac duyurlar, amma digər insanlara etibar etmədikləri üçün yaxın münasibətdən qaçırlar.

Bu bağlanma modelinə görə, şəxsin özünə müsbət və etibarlı baxışı vardır, amma başqlarına yoxdur. Buna görə də, əlaqə qurmaqdan, duyğu bağları yaratmaqdan çəkinir və qarşı tərəfə etibar etmədikləri üçün möhkəm ailə bağları yarada bilmirlər.

“Etibarsız bağlanma”: 1) Özlərini dəyərsiz bilir və özünə inamı yoxdur. 2) Digər insanların etibarlı olduğuna inanmırlar 3) Sosial əlaqəyə ehtiyac duymurlar, bunun səbəbi, üzünə və digər insanları etibarlı bilmədiyi və qorxduqları üçündür.

Bu bağlanma modelinə görə, şəxsin nə özünə və nə də ki başqalarına müsbət və etibarlı baxışı yoxdur. Etibarlı bağlanmanın əksinə, qorxu dolu bağlanma tərzinə sahib olan insanlar münasibətlərində həmişə inam problemi yaşayırlar. Rədd edilmə və inciklik hisslərindən qaçmaq üçün münasibətlərində həmişə məsafə qoyurlar. Hisslərini ifadə etməkdən, səmimi və yaxın münasibətlər qurmaqdan çəkinirlər. Burada da, ailə bağlarının sağlam tərzdə yaranması mümkün deyil.

  • Əlaqələrin sağlamlığı: Sağlam ailə təməlinin sirlərindən biri də, cütlər arasında sağlam əlaqələrin və münasibətlərin qurulmasıdır.

Etibarlı bağlanma tərzinə malik qadın və kişilər münasibət qurmaqda daha uyğun rəftar göstərirlər. Məqsəd dialoq, duyğu və emossiyaların düzgün ötürülməsi, istək, təşəkkür və narahatlıqların doğru şəkildə ifadəsidir. Etibarlı bağlanma stilinə malik cütlər qarşı tərəf ilə daha gözəl münasibət qurur və problem həll etmədə daha çox həmkarlıq edilər. Bu sonrakı qarşılıqlı əlaqələr üçün münbit mühit yarada və həll strategiyalarına təsir göstərə bilər. Həqiqətən də, müəyyən münaqişələrin həlli strategiyaları bağlılıq ölçüləri ilə əlaqələndirilir. Münaqişənin həlli, yoldaşına etibarlı bağlanmayan insanlar müqabilində daha çətin ola bilər, çünki “qaçan” fərdlərin münaqişədən yayınması və ya rədd etməsi, şəxslərin münaqişəyə davam etməsi və kin saxlaması baş verir. Etibarlı tərzdə bağlanan insanlar özlərinə qapalı deyil, problemdən qaçmır və sözlə yaxud fiziki şiddət nümayiş etdirmir.

Evlilikdə təsirli ünsiyyət, mövcud mesajın alıcıya ötürülməsidir. Bu səbəbdən mesajı açıq şəkildə ifadə etmək lazımdır. Həyat yoldaşları arasında ünsiyyətin olmaması evlilik keyfiyyətini azaldır. Ailənin keyfiyyətinin aşağı düşməsi ailə harmoniyasına təsir göstərir. Bu vəziyyətdə həm iş həyatınız, həm də ictimai həyatınız mənfi təsirlənəcək. Yəni dialoq əvəzinə sükut, passiv-aqressiv reaksiya ünsiyyətin qatilidir.

Digər tərəfdən, mövcud ünsiyyət boşluğu bəzən şifahi və fiziki şiddətə səbəb olur. Cütlər arasında ən çox diqqət çəkən şey budur. Cütlərdən birinin dediklərini, digəri əslində fərqli başa düşür. Doğru mənanı axtarmaqdansa mübahisə etməyi üstün tutur. Bu cür sağlam olmayan ünsiyyət əlaqənin kəsilməsinə səbəb olur. Həyat yoldaşları arasında ünsiyyətin olmamasının əsas səbəbi cütlərin öz fikirlərini müdafiə etmək istəyidir. Müdafiə olunan ideya qarşı tərəf tərəfə qəbul etdirilməyəçalışılır. Deməli, “müdafiə xarakterli hücum edilir”, bax bu yanlışdır.

Ünsiyyətdə ön mühakimə olmadan, qarşılıqlı dinləmək və anlayış göstərmək qabiliyyəti də olmalıdır. Burada dialoq forması, sözlərin seçilməsi, səs tonu, jest və mimikalar, bədən dili, dinləmə qabiliyyətini də nəzərdə almaq lazımdır.

  • Məmnunluq hissi: Bağlanma stili və evlilikdən məmnunluq miqdarı arasında önəmli bir əlaqə və rabitə vardır.

Düzgün bağlanma stilinə malik şəxslər evliliklərindən məmnunluq hissi duyurlar. Həm evli qadınlar, həm də evli kişilər üçün təhlükəsiz bağlanma ilə evlilikdən məmnunluq arasında müsbət əlaqə və etibarsız bağlanma tərzləri ilə evlilik məmnunluğu arasında mənfi əlaqə var. Güvən, təhlükəsizlik hissi və duyğuların yaxınlığı, həyat yoldaşının yanında olmaqdan duyulan hüzur və rahatlıq hissi daha yüksək ailə məmnunluğu deməkdir. Asılı və narahat bağlanma tərzinin bir xüsusiyyəti olan “tərk edilmə narahatlığı” həm ər, həm də arvad üçün aşağı məmnunluq hissi ilə əlaqələndirilir. (Lussier, Y., Sabourin, S. veTurgeon, C. 14, 777–791.)

Feeney, Noller və Callan müəyyən ediblər ki, sağlam əlaqə ilə ünsiyyət qurma bacarıqları yüksək olan həyat yoldaşları ilə evli olan şəxslərin evlilik məmnuniyyətləri daha üst səviyyədədir. (Feeney, J. A., Noller, P. veCallan, V. J. (1994).)

Deməli, həyat yoldaşlarından birinin belə etibarsız, narahat, asılı bağlılığa malik olması və yaxud sağlam əlaqə qura bilməməsi həm məmnunluğun, həm də yaxınlığın azalmasına səbəb olur.

  • Problemi həll etmək qabiliyyəti: Problemin həlli, nəticəni pozitiv şəkildə dəyişdirmək mümkün olmasa da, stressli bir vəziyyəti yönləndirə bilmək və ya stressli bir vəziyyətə uyğunlaşa bilmək hesab olunur. Bu, ailənin dayanıqlığını və stressli vəziyyətləri idarə etmək və emosional yükü minimuma endirmək qabiliyyətini artırır.

Stress zamanı sakitləşmə miqdarı çox mühümdür. Ailədə problem həll etmə bacarığı bir çox cəhətdən əhəmiyyətlidir. Həyat yoldaşları arasında təsirli ünsiyyəti gücləndirir və cütlüyün münasibətlərinin davamlılığını müsbət təsir edən əhəmiyyətli bir faktordur. Qeyd etmək lazımdır ki, stress idarəçiliyi və problemin həll edilməsində indiyədək qeyd etdiyimiz bütün məqamlar əsas rol oynayır. Öhdəçilik, emossional bağlılıq, əlaqələrin sağlamlığı, məmnunluq hissi birbaşa stressin idarə edilməsi və problemin həlli qabiliyyətində təsir qoyur.
Bu məqamlar hər nə qədər yüksək səviyyədə olarsa, ailə bir o qədər də, problemləri şəxsiləşdirməyəcəkdir. Məmnunluq hissi yaşayan cütlər, qarşı tərəfin yol verdiyi səhvi onun şəxsiyyətinə bağlamayacaq, bəlkə kənar amillərdə axtaracaq və yaxud həll yollarını önə sürəcək. Bir sözlə, problemlərə reaksiya yönümlü deyil, həll yönümlü yanaşacaqdır. (Davila, J., Karney, B. R., Hall, T. W. veBradbury, T. N. 557-570.)

Problemlərin həlli məsələsində, CBT yönümlü düşüncə tərzinin də öz rolu vardır ki, bu məhdud məqalədə, həmin mövzu haqda söhbət açmaq mümkün deyildir.

Burada biz fərdin sahib olduğu psixoloji problemlər, şəxsiyyət çatışmamazlıqlarını nəzərdə almadan, normal şəkildə baş verən prosseslərlə məsələyə yanaşırıq.

 

Nəticə

Şirlərin ailə sistemində bir neçə maraqlı məqam vardır. Onlar ailəyə, dəstələrinə yeni üzv aldıqları zaman, ilk olaraq atdıqları addım budur ki, ona bu ailənin bir üzvü olduğuna inandırırlar. Yeni şir özünü ailədən bilir, onlardan bilir. Ər-arvad və övlad ailənin bir üzvü olduğu üçün sevgi və məhəbbətə layiqdir, hansısa tələbləri yerinə yetirdiyi üçün deyil. Buna görə də, yanlış rəftar uyğun şəkildə qarşı tərəfə başa salınır, amma sevgisizlik və dəyərsizlikləəksül-əməl göstərilmir.

Şirlərin ikinci xüsusiyyəti budur ki, onlar həmişə üzvlərin hamısının eyni hədəf və məqsədə sahib olduqlarını bildikləri zaman birlikdə ova çıxırlar. Ailədə də belədir. Ailə hamının mənafeyinə xidmət etməlidir, bir fərdin deyil. Yəni ailənin tək-tək fərdlərinin mənafeyi mühümdür.

Şirlərin üçüncü xasiyyəti budur ki, aralarına yeni üzv aldıqları zaman, onunla birgə ovlamağa çıxırlar, əvvəlcə ovu yaralayırlar. Sonra onu yeni üzvün ixtiyarına buraxırlar ki, ovunu parçalasın ki, özünə inamı artsın. Ailədə də belədir. Sağalam ailə öz üvzlərinin şəxsiyyətini alçaltmaz, ona inanar və onun özünə inamını artırar. Onun inkişafını təmin edər. (PhD. Əfzələddin Rəhimli, “Sağlam ailə təməllərinin sirlərinə qısa bir baxış”, Hikmət jurnalı, 21-22.)

Ailə sağlam bir mühitin inkişaf dolu bir mühitin təminatçısı olmalıdır. Ailənin təməlində sevgi dayanır, qayğı dayanır. Bir-birilərinə bağlı olan, bir-birilərinə məmnunluq hissi verən, sağlam əlaqəyə sahib olan, bir-birilərinin xoşbəxtliyinə önəm verən, bir-birilərinin inkişafı üçün çalışan cütlərin birləşməsidir ailə. Ailədə eşq, məhəbbət, nəvaziş, qayğıkeşlik olmalıdır. Ailədə qüdrət, güc yarışı olmamalıdır. Ailədə qorxu hakimiyyəti olmamalıdır.

Ailədəki nəvaziş sırf fiziki nəvaziş deyil, təkcə cütlərin bir-birinə sarılması deyil, bu həm də mənəvi nəvazişdir. Qayğısına qalmaqdır, halını soruşmaqdır. Həqiqi mənada, həqiqətən…

Heç həyat yoldaşınızın arzularını soruşdunuzmu? Xəyalları ilə maraqlandınızmı? Söhbət sizin onu nə qədər çin edə biləcəyinizdən getmir. Məsələ budur ki, onun arzuları heç sizin maraq dairənizdə olubmu? Sizin üçün əhəmiyyət daşıyıbmı?

Həyat yoldaşınızın hazırda ən böyük narahatlığınızın nə olduğunu bilirsinizmi? Həyat yoldaşınızın işdə, yaxud evdə hansı çətinliklərləüzləşdiyinibilirsinizmi? Deyə bilərsiniz ki, “bilsəm belə, mənim əlimdən nə gələr ki?” Xeyir, burada əsas odur ki, biz bir-birimizi nə qədər başa düşürük? Onun problemini nə qədər həll edə biləcəyimiz mühüm deyil.

Nə qədər bir-birinizə təşəkkür edirsiniz? Yoxsa, bir-birinizin etdiklərini “bütün kişilər bu edir”, “hər bir qadın bunu edir” -deyə kiçildirsiniz?

Bir sıra uşaqlıqda basdırılan, sıxılan və icazə verilməyən hisslər, ehtiyaclar, duyğular evlilikdə sərhədsiz şəkildə özünü büruzə verir. Bu sıxılmış purjunun boş buraxılması kimidir. Belə şəxslər həyat yoldaşları ilə güc mübarizələrinə girir, uyğunsuz davranışlar göstərirlər. Yaxud anormal müstəqillik və azadlıq arzusunda olurlar. Bu da ailə təməlini sarsıtmaqda öz təsirini qoyur.

Bəzi insanların o qədər məhrum uşaqlıq həyatı olub ki, sevdiyi şəxsə öz əmlakı, əşyası kimi davranır. Yəni onları uşaqlıqda əziyyətlə seviblər. Kreditlə seviblər. Əzib, sındırıb, qorxudub, ağladıb seviblər. Sevgini şərtləndiriblər. Valideynləri tərəfindən sevilməli əzab dolu olub. Yaxud, valideyninin onu sevdiyini iddia etməsinə baxmayaraq onu möhkəm döydüyünü, dəyər vermədiyini görüb. Yaxud atasının anasını sevdiyini iddia etdiyini görüb, amma atası tərəfindən davamlı anasına qarşı fiziki zorakılıqlar, təhqirlər etdiyinin şahidi olub. Onların da sevgi anlayışı belə formalaşıb. Bunun üçün də öz həyat yoldaşına, övladına təqdim etdiyi “sevgi” tikanlıdır, acı və ağrı doludur.

Qadın-kişi arasında olan prosseslərdə, rabitələrdə məmnuniyyət ilə yanaşı təhlükəsizlik axtarışı önəmli rol oynayır. Buna görə də, bir ailənin xoşbəxt olması, onun möhkəm təməllərə sahib olması üçün onun məmnunluq bəxş etməsi lazımdır. Təhlükəsizlik bəxş etməsi zəruridir. Əgər bir qadın ürək sözünü, narahatlığını ərinə deyə bilmirsə ki, qışqırıb-bağıracaq, təhqir və yaxud fiziki şiddət nümayiş etdirəcək; yaxud bir kişi narazılığını həyat yoldaşına rahat ifadə edə bilmirsə ki, xanımı küsəcək, deyinəcək, onu passiv-aqressiv şəkildə bir növ cəzalandıracaqsa, burada sağlam ailədən danışa bilmərik.

Ailə bir növ dövlətlərin birləşməsinə bənzəyir. Mübaliğəsiz deyirəm. Çünki hər ailə əslində bir mədəniyyətdir. Və ayrı-ayrı ailələrdən gəlmiş insanların birləşməsi, mədəniyyətlərin birləşməsidir. Burada hər mədəniyyətin bəzi yanlış mentaliteti ola bilməsi də göz önündədir. Deməli, problemlər mədəniyyətlərin birləşməsindəki yarana biləcək çətinliklər kimidir və təbiidir. Amma ailə və ya evlilikdəki kiçik problemlər erkən həll və təfsir edilməzsə, gələcəkdə daha da böyük problemlərə yol aça bilər. Gələcəkdə daha böyük problemlərlə qarşılaşmamaq üçün evlilikdəki “problemləri həll etmə qabiliyyəti” əhəmiyyətli bir mənaya malikdir.

Bəzi ailələrdə problem həll etmək əvəzinə onu susdurmaq və bir-birilərinə hakimiyyət edərək, nəzarətdə saxlamaqla yanaşırlar. Ər, yaxud arvad ailənin yeknəvaxt və eyniyönlü olmasını istəyir. Bir-birilərinin seçimlərinə, zövqlərinə, istəklərinə bir təhlükə kimi baxırlar. Kontrol etmə istəyi bu təhlükələrdən qorxmaqla yaranır. Bəzən qorxunun gətirdiyi tələblər, sonda qorxduğunuz şeyin həmin formada, yaxud başqa şəkildə başınıza gəlməsini tətikləyir!

Ailədə biz bir almanın iki yarısıyıq deyə bir bütövləşmə axtarmaq da elə buradandır. Bir almanın iki yarısı olmaq lazım deyil, bu mükəmməl bir ailə quruluşunun əsası deyil, bir birinizə uyumlu, uyğunlaşan, məmnuniyyət hissi bəxş edən iki ayrı meyvə olsanız da olar. Hər birinizin öz fərqli baxışları, amma bir-birinə maneçilik törətməyən şəkildə bir-birinə zərər vurmayan şəkildə, bir-birini inkişaf etdirən formada ailə olmaq da olar.

Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə doktoru,

Peşəkar Ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir