telefon

“Sevgililər görüşür, hərə öz telefonuna baxa-baxa danışır, bəs hanı sevgi?”

Baxış sayı: 467

Bir kafeyə və ya restorana getdiyiniz zaman, metroda avtobusda hər kəs telefona baxır. Kimi oyun oynayır, kimi mesajlaşır, kimi musiqi dinləyir. Həyat yanımızdan ötüb keçir. Biz isə bunun fərqinə varmırıq. Sevdiyimiz insanlar yanımızda olarkən belə, gözümüz telefondadır. Gözümüzün, ağlımızın telefonda olması bizi yaxınlarımızdan uzaqlaşdırır.

Yeni texnologiyalar, sosial şəbəkələr uzaqları yaxın, yaxınları uzaq edir. Bu isə bizdə laqeydlik yaradır. Bəzən uzaqdan tanıdığımız bir insanın kədərinə kədərlənə bilirik. Amma qarşımızda gözyaşı axıdanı eşidə bilmirik, görə bilmirik. Uzaqları yaxınlaşdırdıqdan sonra adiləşir, daha uzaqlara əl uzadırıq.

Bir zamnalar insanlar qəzet oxuyar, televizora baxar, radio dinləyərdi. İndi ağıllı telefonlar hamısının yerini tutub. Ər-arvad yatağa girəndə belə son dəfə telefona baxıb yatır. Səhər yuxudan ayılan kimi ilk baxdığımız telefon olur.

Nədir bizim ağlımızı əlimizdən alan? Niyə bu qədər telefona aludə oluruq. Əslində heç nə axtarmırıq, sadəcə bu vərdiş halıdır, sosial şəbəkələrdən gələn bildirimlərə baxmaq, hansısa oyunda bizə məxsus olduğunu düşündüyümüz evə, avtomobilə zaman ayırmaq…

Bəs real həyatda nəyimiz var? Ağıllı telefon istifadəçiləri avtomobil qəzalarına da səbəb olur. Bu sadəcə avtomobil idarə edənlər üçün deyil, eyni zamanda piyadalara da aiddir. Ağıllı telefonlar gözlərin sağlamlığı üçün də zərərlidir. Ekranın parlaqlığı və uzun müddət ekrana baxmaq bədəni də gücdən salır. Bədəni radio dalğalara məruz qoyan telefonlar uzun müddət istifadə edildiyi təqdirdə insan beyninə mənfi təsir edir.

Ağıllı telefonlar uşaqların inkişafına da mane olur. Pediatr İlhamə Qurbanova deyir ki, telefonlar eyni zamanda mikrob mənbəyidir: “Hər yerə özümüzlə götürdüyümüz, ictimai nəqliyyatda, kafedə, restoranda istifadə etdyimiz telefonları ən son nə zaman təmizləmisiniz? Yəqin ki, xatırlamırsınız. Bu isə əlinizdə mikrob gəzdirirsiniz deməkdir”.

Həkim bildirir ki, bəzən analar uşaqlarına yemək verən zaman və yaxud uşaqların ağlamağını kəsmək üçün onlara telefon verir. Bu isə uşağın sağlamlığı üçün təhlükəlidir.

Mütəxəssislərin fikrincə, telefonlar yaxınımızda olan insanlarla münasibətimiz pozur. Psixoloq Ramin Hacıyevin sözlərinə görə, telefon asılılığı əslində aradan qaldırıla bilən bir asılılıqdır. Bunun üçün isə insana sadəcə iradə lazımdır: “Telefon da siqaret və alkoqollu içki kimi ağır asılılıq yaratmasa da, onun yaratdığı asılılığın təsiri daha ağır olur. İçki və siqaret asılılğında olduğu kimi yenə yaxınlarını itirirsən, amma yanında olduqları halda. Yəqin siz də müşahidə edirsiniz, sevgililər görüşür, hərə öz telefonuna baxa-baxa danışır, bəs hanı sevgi? Ailədə kişi işdən gəlir, əlində telefon maraqlanmır ki, qadın gününü necə keçirib. Uşaq məktəbdən gəlir, ana telefonda… Beləcə bir ailə olaraq bir-birimizi itiririk.

Gələcəkdə ruhu, hissi olmayan uşaqlara sahib olacağıq. Telefona baxmağa enerjimiz qalmayanda, telefona baxdığımız üçün vaxt ayırmadığımız uşaqlarımız da telefona baxıb bizə vaxt ayırmayacaqlar. Sizin telefondan daha çox bir-birinizə ayırdığınız vaxt daha önəmlidir”…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir