geyim

Sizə ən çox yaraşan rəng hansıdır?

Baxış sayı: 946

İnsanlar, adətən, kişilərə qara, göy və qəhvəyi rəngləri yaraşdırırlar. Elə bu səbəbdən də, kişilər şkaflarını demək olar ki, eyni rəngli paltarlarla doldururlar. Lakin kişilər qadınlar qədər olmasa da, müxtəlif rənglərdə geyinə bilərlər. Kişi geyimində, əsasən, tünd tonlar hakim olsa da, fərqli seçimlər də mövcuddur. 

Kişilərə yaraşan rəngləri müəyyən edən başlıca özəlliklər var. Paltarlarınızın rəngini seçərəkən bunlara da diqqət yetirməlisiniz. Belə ki, saç, göz, dəri rənginiz bu işdə həlledici rol oynayır.

Bu yazımızda da  kişi dəbinə işıq tutub sizə yaraşan rəngləri paylaşırıq:

Qarabuğdayı kişilərə yaraşan rənglər hansılardır?

Saç və gözləri tünd rəngli, dərisi əsmər olan kişilər qarabuğdayı kimi təsnif edilir. Belə kişilərə tünd dərilərində mükəmməl görünəcək ağ və qara rəng xaricində boz, açıq- qəhvəyi, açıq-sarı, bənövşəyinin tonları da yaraşır. Qarabuğdayı kişilərə bu rəngləri köynək seçimində istifadə etməyi məsləhət görürük. 

Rəngli gözlü, ağbəniz kişilər hansı rəngləri seçməlidir?

Bu tip kişilərə hər rəngin uyğun olduğunu demək yalnış olmaz. Amma sizə ən çox yaraşan rəng göz rənglərinizə yaxın olan rənglərdir. Məsələn, mavi gözlü kişilər üçün mavi və tonları ideal rəng seçimi olacaq. Bundan əlavə, sizə yaşıl, açıq- qəhvəyi rənglər də çox yaraşacaq.

Qumral kişilər hansı rənglərə üstünlük verməlidir?

Qumral kişilər açıq saç və dəri rənginə sahib olub tünd göz rəngləri ilə seçilirlər. Bu kişilərə qara, sarı, göy, xaki və boz rənglər uyğundur. Ağ yerinə krem rənglərə üstünlük vermək də daha cəlbedici görünüş yaradacaq. Qara rəng isə ən çox sizə yaraşır.

Sarışın və rəngli gözlü kişilər üçün ideal rənglər hansılardır?

Sarı saçlı, açıq dəri rəngli və rəngli gözləri olan kişilərə ölkəmizdə çox rast gəlinmir. Bir çoxları tərəfindən yaraşıqlı kimi qəbul edilən bu kişilərə mavi, tünd yaşıl və bozun hər tonu yaraşır. Sarı və bəyaz rənglərdə diqqətli olmağınızı tövsiyə edirik, bu rənglərdən uzaq durmaq məsləhətdir. Gecə dəvətləri üçün ən ideal rəng isə qara hesab edilir.

Qızılı dəri tonlu kişilər necə seçim etməlidir?

Bu kişilər üçün əvəzedilməz rəng xakidir. Siz ağ və qara rəngləri də gözəl daşıya bilirsiniz. Rəngli gözlü kişilər üçün dediyimiz burada da aktualdır, qızılı dəri tona sahib kişilər də göz rənglərinə uyğun rəngləri rahatlıqla seçə bilərlər. Qızılı və qırmızı rəng, eləcə də bu rənglərin tonlarından nə qədər uzaq dursanız, bir o qədər zövqlü görünəcəksiniz.

Bunu qeyd edək ki, bütün kişilərə yaraşan bir rəng varsa, o da mavi və çalarlarıdır. Bu baxımdan qərarsız qalanda bu rəngləri könül rahatlığı ilə seçə bilərsiniz.

Unutmayın ki, qadınlar qədər əlvan rənglər geyinməyə öyrəşməsəniz də, ağ və qaraya məhkum deyilsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir