film

Son onilliyin ən yaxşı Azərbaycan filmləri

Baxış sayı: 825

1) Axınla aşağı 

Rejissor: Asif Rüstəmov

İstehsal: “Azərbaycanfilm” | 2014

Dram janrında çəkilmiş “Axınla aşağı” rejissor Asif Rüstəmovun tammetrajlı debüt filmidir.

Əyalətdə yaşayan avarçəkmə müəllimi Əlinin həyat yoldaşı və yeniyetmə oğlu ilə münasibətləri gərgindir. Əlinin iş yoldaşı və məşuqəsi polşalı qadın isə onunla birlikdə xaricə getməsinə təkid edir. Əli bu məsələ ilə bağlı daim tərəddüd içindədir. O, özünü tənha hiss edir. Zəif iradəli və qərarsız biri olması ailəsində problemlərə səbəb olur. Oğlunu hər kəsin yanında təhqir edərək başqalarının yanında ona ata deməyə qadağa qoyur. Ona əvvəlcə avarçəkənlərin kapitanı vəzifəsini verir, lakin yarışa az qalmış oğlunu bu vəzifədən kənarlaşdıraraq komandaya başçılıq etməyi başqasına tapşırır. Bu hadisədən sarsıntı keçirən oğlu özünü suya atır və qeybə çəkilir. Əli və həyat yoldaşı Leylanın öz itkin düşmüş oğullarını axtarması onların sarsılmış münasibətlərini yavaş-yavaş bərpa etməyə başlayır.

Axınla aşağı

2) Çölçü

Rejissor: Şamil Əliyev

İstehsal: “Azərbaycanfilm” | 2012

“Çölçü” filmi Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəridir. Dünyanın 40-a yaxın ölkəsində keçirilmiş festivallarda iştirak edən film ümumilikdə 30-a qədər beynəlxalq mükafatın sahibidir. 2014-cü ildə “Çölçü” filmi “Xarici Dildə Ən Yaxşı Film” nominasiyasında “Oskar” mükafatına təqdim olunmuş və ilkin siyahıda yer almışdı.

Film poetik pritça janrında çəkilib. Çöllükdə yaşayan gənc və yaşlı bir kişi özlərini dolandırmaq üçün dəvə yunu satmaqla məşğul olurlar. Çölü özünə doğma yurd seçmiş Ulu və cavan çölçü haqqında nağılvari bir həyat hekayəsidir. Ulunun ölümündən sonra çölə, qısa saçlı bir qız gəlir. çölçünün həyatı tamamilə dəyişir.

Çölçü film

3) Qırmızı bağ

Rejissor: Mirbala Səlimli

İstehsal: “Azərbaycanfilm” və “WeiT Media” (Rusiya) | 2016

İnsan və təbiət arasındakı münasibətlərdən, arzuların gerçəkləşdiyi məkandan bəhs edən “Qırmızı bağ” filmi ucqar bir kənddə orta məktəbdə işləyən, sadə həyat tərzi keçirən bir müəllimin  həyatından bəhs edir.Rejissorun dilindən:

“Filmin qəhrəmanı Abbas müəllim öz içinə səyahət edən adamdır. Öz içinə səyahət edib, həyatda nəyisə dərk edib və xaricdə, hərəkətdə öz həyatını dəyişən insandır. Məncə, bu mənim həyatımda həmişə baş verib. Şüurlu və ya şüursuz öz içimə səyahət edirəm və mən bilirəm ki, hər dəfə bu səyahət baş tutursa, öz içimdən reallığa çıxanda həyatımda nəsə dəyişir”.

Qırmızı bağ

4) Dolu

Rejissor: Elxan Cəfərov

İstehsal: “Azərbaycanfilm” | 2012

“Dolu” filmi Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş real hadisələrə əsaslanır. Film Aqil Abbasın Qarabağ mövzusunda yazdığı eyniadlı romanı əsasında çəkilib.

Dolu film

5) Nabat

Rejissor: Elçin Musaoğlu

İstehsal: “Azərbaycanfilm” 2014

“Nabat” filmi Qarabağ mövzusunda çəkilən ən təsirli və ən uğurlu filmlərdən biridir. Rejissor Elçin Musaoğlu deyir:

“Nabat həyat deməkdir. Mən sonra gördüm ki, filmin adı nə qədər düzgün seçilib. Festivalda hamı “Nabat” sözünü gözəl tələffüz edirdi və bu, mənim xoşuma gəlirdi. Adın mənası da uyğun gəlirdi – həyat verən. Mən filmimi bizim analara həsr etdim. Əslində bu film müharibə əleyhinə çəkilmiş ekran əsəridir”.

Nabat xəstə həyat yoldaşı İsgəndər ilə kiçik və qapalı bir evdə yaşayır. O, iki gündən bir ən yaxın kəndə yeganə inəyinin südünü satmağa gedir. Müharibə yaxınlaşdıqca kənd səhralığa çevrilməyə başlayır. Ərinin ölümü ilə Nabat təkbaşına qalır. Azərbaycan Silahlı Qüvvələrinin kəndi tərk etməyi əmr etməsinə baxmayaraq Nabat kənddən getmir. Hər axşam tərk edilmiş evlərdə və məsciddə lampalar yandıraraq düşmənin kəndi işğal etməsinin qarşısını almağa çalışır. Teatrşünas Aydın Talıbzadə deyir:

“Bu film öz poetikasına görə film-ikonadır. Beləsi Azərbaycan kinematoqrafiyasında hələ indiyəcən olmayıb”.

Nabat film

6) Buta

Rejissor: İlqar Nəcəf

İstehsal: “Azərbaycanfilm”, “Buta Film”/2011

Buta film

Erkən yaşlarından valideynlərini itirən Buta (7 yaş) ucqar dağ kəndində nənəsi ilə birgə yaşayır. Onun yaşıdlarından daha ağıllı düşüncəyə sahib olması və hərəkətləri onlar tərəfindən qısqanclıqla qarşılanır. Kənd uşaqlarının zorakılığına məruz qalan Butanın köməyinə 70 yaşlı qoca çatır.

“Buta” filmi 85-ci Oskar mükafatının ən yaxşı xarici film nominasiyası siyahısına düşsə də, qısa siyahıda yer ala bilməyib.

 (“Nevarneyox.com”)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir