Serdar Amin

“Son zəng”lə bəkarətini itirənlər

Baxış sayı: 717

Məzunların hıqqana-hıqqana “bu gün həm sevinirəm, həm də kədərlənirəm, sevinirəm ona görə ki…” cümləsi ilə başlanan ürkək çıxışları, direktorların “bu gün müstəqil həyata qədəm qoyursuz” nidası bizdə adətən başqa biçimdə anlaşılır; oğlanlar artıq siqareti qutuyla alır, qızlar…

Hə, bu həftə tarixi tez-tez dəyişdirilsə də, hər birimizin həyatımızda bir ömür zınqıldayan “Son zəng” qeyd olundu.

Hər il sosial şəbəkələrdə son zəng günü bu mövzu danışılır; qızların müstəqil həyata atılması – ağ köynəkdə, qısa ətəkdə şəhərin ən qəribə nöqtələrinə ayaq açması, çiynindən aşırılmış məzun lentini çıxarmadan öpüşməsi, spirtin zəhrimar dadı ilə ilk dəfə tanışlığı, bu günə qədər qoruduğu və qorumaq zorunda olduğu hər şeyin ipini buraxması ilə assosiasiya olunur.

Sərbəst həyata atılmaq, azad, hür olmağı dadmaq özüylə paralel min mötəbər problem gətirir. Azadlıq bədəlsiz olmur. Sərbəst həyata ayaq açmaq məsuliyyətləri dərk etməklə başlanmalı idi. Bizə sərbəst olmağın yeganə şərtinin qadağaları tapdamaq olduğu düşünülür. Bunun səbəbi isə ümumi tərbiyə, övladlarımıza daim təlqin etdiklərimiz, onlara qoyduğumuz qadağalar – hansı ki, bu qadağalar puç qoz kimi mənasızdır – stereotiplərdir.

Qadağa sərhəddir, özünü sərbəst sayan insan öncə sərhədlərinin üstünə gedir.

İnsanı böyüdən sərhədləridir.

Sərhədlər nə qədər möhkəm olsa, insan o qədər güclü olmağa, sərhədlərinə qarşı daha əzmlə mübarizə aparmağa məcbur qalır və bu mübarizə onu cəmiyyət üçün yararlı fərdə çevirir.

Biz gələcəyimiz üçün çox məntiqsiz sərhədlər yaradırıq və bu sərhədləri aşmaq onlara çox rahat gəlir, həmin sərhədlərdən o tayda valideynlər heç bir mayak qoymur. Bütün gücünü sərf edib övladını mənasız qadağalar içində böyüdərək “Son zəng”ə təhvil verir. O tayını bilmədiyi çəpəri aşan gənclər orada nə bağ görür, nə div.

Biyabanlıq!

İntəhasızlıq!

İnsana öz dodaqları ilə sərhəd qoyan bir toplum, burnundan uzağı görə bilməz.

“Son zəng” bizim qızlar üçün təkcə yuxarıda yazılan dadlarla, yeniliklərlə tanışlıq yox, həm də bu qadağalardan o yandakı ucsuz-bucaqsız mənasızlığa atılmaqdır.

Daha sonra isə “hə, noolsun?”lar başlayır…

Qadağalar sehrli olur. O üzdən qadağan etdiyimiz şeyləri min ölçüb, bir biçmək lazımdır.

Bu yerdə yenə də dahi Xudu Məmmədovun “məhdudiyyət kəşfin anasıdır” sözlərini xatırlayıram. Məhdudiyyət insan üçün həm söykənib düşünməyə divardır, həm ayaqlarını dirəyib problemlərini çiyinləmək üçün dayaqdır, həm də yığılıb-yığılıb yay kimi atılmaq üçün tramplindir.

Qadağalarınızı uzaqlara qoyun, izn verin övladlarınız o qadağaları aşanda daha ciddi yeniliklərlə qarşılaşsın.

 

Sərdar Amin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir