bina

Sosial evləri almaq üçün hakerlər peyda olub: Mənzillər əhaliyə necə satılır?

Baxış sayı: 997

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışını həyata keçirsə də, satışla əlaqədar hələ rəsmi məlumat yaymayıb. Bununla yanaşı, satışla əlaqədar MİDA-nın sosial şəbəkə hesablarında vətəndaşlar narazılıqlarını bildirərək, sistemin gec açılmasını, mənzil əldə edə bilmədiklərini və s. qeyd ediblər.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Yasamal Yaşayış Kompleksindəki son mənzillərin bugünki onlayn satışı sürətli olub və az-çox ümidi olan iştirakçılarda da çox böyük xəyal qırıqlığı yaradıb:

“Artıq əhalinin böyük əksəriyyətində MİDA-nın fəaliyyəti ilə əlaqədar ciddi şübhələr var. Bu məsələ haqqında məlumatlı olduğum üçün tez-tez fərqli sosial qruplardan müraciətlər olur. Mənzil alanların əksəriyyəti digər şəxslərin xidmətlərindən istifadə edirlər. Bu xidmətlərin qiyməti 500 manatdan 7 000 manata qədər yüksəlir. Xüsusi bazar formalaşıb və hətta bir, iki və üç otaqlı mənzillər üçün də differensial qiymətlər yaranmaqdadır. Məlumatlardan o da məlum olur ki, xüsusi robot proqramlar hazırlanmış CAPTCHA-nın (simvollardan ibarət avtomatlaşdırılmış kod) tətbiqi belə bu proqramların qarşısını almır. Son iki satış bunun bariz nümunəsi oldu deyə bilərik”.

İqtisadçı-ekspert sadaladığı problemlərin aradan qaldırılması üçün qaydalara və mexanizmə bir çox dəyişiklərin edilməsini zəruri sayır:

1. Mənzil sahibi olan, yaxud son 24 ayda adına olan mənzili satan vətəndaşın güzəştli mənzil mexanizmindən istifadə hüququ olmamalıdır. Hazırda bəzi adamlara MİDA 5-ci, 6-cı ev sahibi olmaq xoşbəxtliyi nəsib edib.

2. Mövcud satış mexanizmi aşağıdakılardan biri ilə əvəz edilə bilər.

2.1. Variantlardan biri kimi lotereya üsulu gözdən keçirilə bilər. Belə ki, satışdan əvvəl hər kəsin şəxsi kabinetinə konkret kodlar göndərilir. Lakin qalib nömrələr canlı yayımın təşkili şərti ilə satışa qatılmaq hüququ olan vətəndaşlar tərəfindən müəyyən edilir.

2.2. İkincisi, bu satışların təşkili Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi metodla təmin edilə bilər. Bu hüquqlardan yararlanmaq istəyən vətəndaşlar xüsusi zallarda toplana bilərlər. Bu zaman kənar şəxslərin zallara daxil olmaq imkanı olmayacaq. Proqram onlayn olsa belə, yalnız xüsusi məkanlarda aktiv edilə bilər. Bununla da insanlara ədalətli seçim imkanı təmin etmək olar. Satışların qeyri-iş günlərinə salınması və bir neçə yerdə təşkili iştirakın əlçatanlığını təmin edə bilər”.

R.Həsənov əlavə edir ki, yuxarıdakı şərtlər bir tərəfdən sərvət ovçularının məhdud sayda və dövlətin subsidiyaları ilə inşa edilən mənzillərin sahibinə çevrilməsi hüququnu aradan qaldıracaq:

“Digər tərəfdən, hakerlərin yaratdığı alternativ bazar sıradan çıxarılacaq. Qeyd edim ki, hakerlər prosesdə bərabərlik prinsipini pozmaqla layihənin əhəmiyyətini azaldır.

Əminəm ki, MİDA rəsmiləri belə Yasamal Yaşayış Kompleksində kirayə verilən mənzillərdən xəbərdardır. Qeyd edilən məhdudiyyət bu kimi problemləri aradan qaldıracaq, satışların ədalətliliyini və mənzillərin əlçatanlığını təmin edəcəkdir”.

Xatırladaq ki, dünən mövzu ilə əlaqədar saytımıza danışan “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də bir sıra təkliflərlə çıxış edib.

Qeyd edək ki, ümumilikdə dünənədək keçirilən 5 satışın nəticəsində 1 385 ailə MİDA-nın ilk layihəsi – Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilən mənzillərdən 247-si 1 otaqlı, 794-ü 2 otaqlı, 344-si isə 3 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.