xrusov

Sovet liderlərinin qəribə vərdişli xanımları

Baxış sayı: 1. 518

Onları Kremlin birinci xanımları adlandırıblar. Əslində dövlət başçılarının xanımlarına “Birinci ledi” titulunun verilməsi ilk dəfə 1849-cu ildən Amerika Birləşmiş Ştatlarında başlayıb və sonralar bu status dünyanın digər ölkələrində də tətbiq olunub.

Həmçinin SSRİ rəhbərlərinin xanımları da öz dövrlərində bu adı daşıyıblar. Sovetlər məkanında bu titulun sahibləri çox da populyar olmayıblar, mətbuatda, efirlərdə çox da görünməyiblər. Ancaq hər halda faktiki birinci xanım olmaq onların qismətinə yazılıb…

Vladimir İliç Leninin həyat yoldaşı Nadejda Krupskaya kifayət qədər ciddi bir qadın olub. O, öz dövrünün dəbinə imperializmin məhsulu kimi baxıb.

Ölkənin ictimai-siyasi həyatında ciddi fiqur kimi tanınan Krupskaya heç vaxt dəblə geyim haqqında düşünməyib. Birinci ledi qadın kimi səliqəsinə də diqqət yetirməyib.

1.jpg (176 KB)

Onun paltosundakı düymələrin ayrı-ayrı olması və ya üst geyimlərində düymələrin ümumiyyətlə olmaması tez-tez müşahidə olunub. Krupskaya xörək hazırlamağı və digər mətbəx işlərini görməyi də bacarmayıb.

Ən yaxşı halda o, proletariatın rəhbərini yumurta qayğanağı ilə yola verib. Vladimir İliçin xörək və qidalanma məsələsi ilə başqa qadınlar məşğul olub. Bəlkə də Leninin olduqca gözəl və dəbli olan İnessa Armanda vurulmasının səbəbi Krupskayanın qadın kimi yararsızlığı və yarıtmazlığı olub.

İosif Stalinin həyat yoldaşı Nadejda Alliluyeva cəmiyyət arasında nadir hallarda görünsə də, inadkarlığı və siyasi fəallığı ilə fərqlənib. O, milli məsələlər üzrə xalq komissarlığında çalışıb, həmçinin “İnqlab və mədəniyyət” və “Pravda” qəzetləri ilə əməkdaşlıq edib.

Nadeyda Alliluyeva Sənaye Akademiyasında Nikita Xruşov ilə eyni qrupda təhsil alıb. O, dəblə geyinməyi, Avropada istehsal olunmuş geyimləri xoşlayıb. Ancaq həmin dövrdə SSRİ-də belə Qərb dəbi hansısa bir mənada satqınlıq kimi qəbul olunub. Stalin dövründə məmur xanımlarının geyiminin bağlı və ciddi olması ideal qadın geyimi sayılıb.

2.jpg (81 KB)

Digər bir tərəfdən isə Stalinin bu məsələ ilə bağlı fikri qadınların dəb məsələsinə konkret aydınlıq gətirib: “Qadınlar öz cazibədarlığı ilə kişiləri kommunizm quruculuğundan yayındırmamalıdırlar”.

Stalinin bu qadağa dolu fikirlərinə baxmayaraq, onun məşuqələri ən dəblə geyinən qadınlar olub. Nadejda Alliluyevaya isə bütün qadağalar yetərincə tətbiq olunub.

1932-ci ilin noyabr ayının 8-dən 9-na keçən gecə SSRİ-nin birinci xanımı özünü güllələyib. Onun müəmmalı ölümü ilə bağlı digər versiyalar da mövcuddur.

3.jpg (100 KB)

Nikita Xruşovun həyat yoldaşı, SSRİ-nin növbəti birinci ledisi Nina Kuxarçuk sadə insan, qayğıkeş həyat yoldaşı və mehriban ana kimi xatırlanır. O, öz səmimiyyətinə görə sovet qadınlarının sevimlisi olub. Öz dövrünün digər birinci xanımları ilə müqayisədə Nina Kuxarçuk ən zövqsüz geyinən xanım olub.

O, baş katibin həyat yoldaşından daha çox adi bir kəndlinin həyat yoldaşını xatırladıb. Birinci xanım uzun illər komsomol və partiya orqanlarında çalışıb, fransız və ingilis dillərini mükəmməl bilib.

Nikita Xruşov ölkə rəhbərliyinə gəldikdən sonra SSRİ-nin birinci xanımları arasında Nina Kuxarçuk ilk dəfə olaraq, baş katibi xarici səfərlərdə müşayiət edib. O, Xruşovun üçüncü həyat yoldaşı olub. Nina Kuxarçuk 1984-cü ildə Moskvada vəfat edib.

4.jpg (160 KB)

Leonid İliç Brejnevin həyat yoldaşı Viktoriya Brejneva birinci ledi statusunu formal olaraq daşıyıb. O, nə siyasətlə məşğul olub, nə də baş katibi xarici səfərlərdə müşayiət edib. Viktoriya Brejneva geyim və dəb məsələlərində sovet standartlarından kənara çıxmayıb. Birinci ledi texnikom təhsili ilə kifayətlənərək tibb bacısı peşəsinə yiyələnib.

Brejnevin nazı ilə oynamağa özündə güç tapan Viktoriya Brejneva digər bir tibb bacısının, Leonid İliçin məşuqəsi olan Ninanın öhdəsindən gələ bilməyib. Əyləncələri çox da sevməyən baş katibin xanımı vaxtını daha çox mətbəxtdə keçirib. Ömrünün son illərini tənha və xəstəliklərlə keçirən Viktoriya Brejneva 1995-ci ildə vəfat edib.

5.jpg (179 KB)

Yuri Andropovun həyat yoldaşı Tatyana Lebedeva SSRİ-nin birinci xanımları arasında ən uğursuzu olub. Andropov 1956-cı ildə Macarstanda səfir işləyərkən ölkədə sovet rejiminə qarşı üsyanlar baş verəndə və kommunistləri küçələrdəki işıq dirəklərindən asanda Tatyana Lebedeva bütün bu hadisələrin canlı şahidi olub. Bu hadisələrdən sonra Lebedevanın psixoloji durumunda ciddi problemlər yaranıb.

Hadisələrdən illər ötsə də, Tatyana Lebedeva özünə qapanaraq evdən çölə çıxmağa qorxub. Müalicələr aparılsa da heç bir nəticə əldə olunmayıb. Ən ağır psixi xəstəliyə düçar olan Tatayana Lebedeva heç vaxt birinci xanım kimi Andropovun yanında görünməyib və o, ömrünün sonuna kimi bu xəstəlikdən əziyyət çəkib.

6.jpg (183 KB)

Konstantin Çernenkonun həyat yoldaşı Anna Lyubimova birinci xanımlığını yalnız xəstəxanalarda, həyat yoldaşının müalicələrində göstərə bilib. Məlum olduğu kimi, Çernenko 13 aylıq hakimiyyətinin yarısını Kreml xəstəxanasında keçirib. Bu müalicələr zamanı Anna Lyubimova demək olar ki, günün bütün hissəsini həyat yoldaşının yanında keçirib. Birinci xanım Çernenkodan 25 il sonra, 2010-cu ildə vəfat edib.

Mixail Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçova SSRİ-nin birinci xanımlarının passiv ictimai fəaliyyət ənənəsinə son qoyub. Birinci ledi öz statusunun imkanlarından maksimum səviyyədə istifadə edib.

Fəal ictimai fəaliyyəti ilə Raisa Qorbaçova qısa bir müddət ərzində birinci ledi imicini yaratmağı bacarıb. O, demək olar ki, həyat yoldaşını bütün xarici səfərlərdə müşaiyət edib.

7.jpg (236 KB)

Bununla yanaşı, SSRİ-yə səfərə gələn yüksək çinli qonaqların qarşılanmasında və görüşlərdə də iştirak edib. Ona qədər belə görüşlərdə iştirak Valentina Tereşkovaya həvalə olunurmuş.

Yüksək zövqlə geyinən Raisa Qorbaçova öz dəbi ilə xarici həmkarlarını təəccübləndirməyi də bacarıb. Bir sıra fondlara və ictimai təşkilatlara rəhbərlik edən birinci ledinin bəzən gizli, bəzən də açıq şəkildə siyasi proseslərə müdaxilə etməsi də sonradan məlum olub.

1999-cu ildə Raisa Qorbaçovada ağır qan xəstəliyi olan leykoz aşkarlanıb. Bütün imkanlardan istifadə olunsa da, onu xilas etmək mümkün olmayıb və elə həmin ildə də vəfat edib.

 

İlham Cəmiloğlu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir