bruselyoz2

Süddən və ətdən gələn təhlükə

Baxış sayı: 1. 787

Ətdən, süddən və digər süd məhsullarından insana çox ağır infeksiya – brusella keçə bilər.

Bu infeksiya insanda brusellyoz xəstəliyinin inkişafına səbəb olur. Bu çox təhlükəli xəstəlikdir. Bruselyoz insanı hətta əlil edə bilər.

İnfeksiya mənbəyi xəstə ev heyvanlarıdır (inək, keçi, qoyun). İnfeksiya orqanizmə dəridə olan sıyrıntılardan (çiy əti doğrayanda və s.), tənəffüs orqanların selikli qişasından və həzm sistemindən (xəstə heyvanın südünü, ətini qəbul etdikdə) daxil ola bilər. Daha sonra infeksiya bütün orqanizm boyu yayılır və ağır pozulmalara səbəb olur.

Bruselyoz hiyləqər xəstəlikdir – onun spesifik simptomları yoxdur. Xəstə müxtəlif pozulmalardan əziyyət çəkir və illər ərzində müxtəlif həkimlərdə müalicə alır, lakin şəfa tapmır. Xəstəlik bir çox hallarda xroniki formaya keçir.

Bruselyozun simptomları

– baş ağrıları, əsəbilik, yuxusuzluq, güclü zəiflik

– əzələ, oynaq və bel ağrıları

– hərarətin uzun müddət ərzində “səbəbsiz olaraq” artması

– tərləmənin artması (xüsusilə gecə saatlarında)

– qara ciyərin və dalağın böyüməsi

– ürək iltihabları (miokardit, endokardit, perikardit)

– cinsiyyət sistemi iltihabları, sonsuzluq, qadınlarda menstrual dövrünün pozulmaları

– sinir sisteminin zədələnmələri (meningit, ensefalit, nevrit)

– bədən çəkisinin və iştahanın azalması

– bronxit, pnevmoniya.

Gördüyümüz kimi, bruselyozun spesifik simptomları yoxdur. Bu isə onun diaqnostikasını çətinləşdirir. Xəstəliyin diaqnozunun qoyulması üçün xüsusi qan analizləri və digər müayinələr aparılır.

Bruselyozun müalicəsində antibiotiklər, iltihab əleyhinə preparatlar, immun sistemini gücləndirən preparatlardan istifadə olunur. Müalicə çətin və uzunmüddətlidir. Müalicə olunmuş xəstə daha sonra bir müddət ərzində həkimin nəzarətində qalmalıdır.

Bruselyoz xəstəliyinə tutulmaq asandır, lakin onu müalicə etmək çox çətindir. Bu səbəbdən özünüzü bruselyozdan qoruyun. Bunun üçün bu qaydalara əməl edin:

– Bazarlardan və s. bu kimi yerlərdən alınan südü qəbul etdikdən əvvəl yaxşı qaynatmaq lazımdır.

– Bazarlardan şor, pendir, yağ kimi süd məhsulları almayın və qəbul etməyin.

– Heç vaxt çiy ətin dadına baxmayın.

– Əllərinizdə çatlar, sıyrıntılar və s. olduqda çiy ətlə işlədikdə əllərinizə əlcək taxın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir