“Gencaile.az” saytının ənənəvi olaraq hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi “Yeməyə nə var” rubrikasında bu dəfə həm yüngül, həm də az vaxtda hazırlanan bir sulu yeməyə yer ayırmışıq. Belə ki, bu gün tərəvəzli küftə şorbasının hazırlanma qaydasından bəhs edəcəyik.
Ərzaqlar:
– 300 qram qiymə (dana və ya quzu əti),
– 1 baş soğan,
– 1 ədəd yerkökü,
– 2 ədəd kartof,
– 1 ədəd bolqar bibəri,
– 1 ədəd pomidor (və ya 1 xörək qaşığı tomat pastası),
– 2 xörək qaşığı düyü,
– Duz, qara bibər, sarıkök,
– Yaşıllıq (cəfəri və ya şüyüd),
– 1-2 xörək qaşığı duru yağ.
Hazırlanması:
Əvvəlcə qiyməyə duz, istiot və bir az doğranmış soğan əlavə edib yoğurun. Kiçik küftəciklər düzəldin və bir kənara qoyun. Qazana azca duru yağ əlavə edib doğranmış soğanı və sürtgəcdən keçirilmiş yerkökünü qovurun. Ardınca doğranmış bolqar bibəri və kartof əlavə edin. Pomidorun qabığını soyub xırda doğrayın və ya tomat pastasını əlavə edib birlikdə qovurun. Üzərinə 1,5–2 litr qaynar su tökün.
Su qaynamağa başladıqda hazırladığınız kiçik küftələri və yuyulmuş düyünü əlavə edin. Duz, sarıkök və istiotunu əlavə edib orta odda bişirin. Düyü və küftələr tam bişəndə yemək hazırdır. Süfrəyə verməzdən əvvəl üzərinə doğranmış təzə yaşıllıq səpin.
Məsudə Sultan