jale hesenli

“Tam qələbə xəbərini çatdırmaqla bağlı xəyallarım var” – MÜSAHİBƏ

Baxış sayı: 1. 296

Otuz ildən sonra haqlı davamız – işğal altında olan Dağlıq Qarabağın azadlığı uğrunda başlatdığımız əks-hücum əməliyyatlarının ilk qələbə xəbərini çoxumuz İctimai TV-in “Xəbərlər”proqramının aparıcısı Jalə Həsənlidən eşitdik. Adəti üzrə efirə çıxdı, tamaşaçıları salamladı və səsi titrəyə-titrəyə, sevinc göz yaşları ilə dedi: “…Bəzi torpaqlarımız işğaldan azad olunub! Gözünüz aydın olsun! Füzulinin dörd kəndi, Cəbrayılınsa iki kəndi işğaldan azad olunub!”. Bu, hər bir jurnalistin, bütün vətəndaşların arzuladığı tarixi xəbər, qələbə müjdəsi idi.

Həmin gündən bu yana qələbə xəbərləri ard-arda gəlir.  Jalə Həsənli isə cəbhədəki hadisələrlə bağlı Azərbaycan tamaşaçısına müntəzəm məlumat verməklə yanaşı, həm də özünün “Facebook” hesabında vətənpərvər ruhlu yazılarla erməni mifini, düşmən yalanlarını ifşa edir.

Vətənpərvər jurnalist cəbhədəki məlum hadisələr və onun fonunda baş verənlərlə bağlı suallarımızı cavablandırdı: Nəhayət, otuz ildən sonra başlanan genişmiqyaslı hərbi əməliyyatların ilk qələbə xəbərini siz verdiniz. Bu necə hissdir?

 

– Çox möhtəşəm bir hissdir. Təsəvvür edin, uşaqlıqdan bu yaşıma kimi Dağlıq Qarabağı yalnız kitablardan, ailə albomlarımızdan görmüşəm. Şuşa, Kəlbəcər, Laçın və digər işğal altında olan rayonlarımızın haqqında ailəmdən aldığım məlumatlarla böyümüşəm. “Bir gün mən də xəbər aparıcısı olacam və, inşallah, o qələbə xəbərini mən çatdıracam” düşüncəsi ilə arzular qurmuşam.

Necə deyərlər, niyyətin hara, mənzilin ora… Mən xəbər aparıcısı oldum və Allaha şükür ki, xalqımın həsrətlə, intizarla gözlədiyi o xəbəri ilk mən səsləndirdim. Çox xoşbəxtəm. Qürurluyam.

Ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm. İnşallah, qələbələrimizin sayı artsın. Bütün həmkarlarıma da qələbə xəbərini çatdırmaq nəsib olsun. Hansı həmkarımızın dilindən səslənməsindən asılı olmayaraq,  bir xəbəri gözləyirik:

“Bu gün Qarabağımız tamamilə işğaldan azad oldu!”. İnanıram ki, o gün uzaqda deyil!

 

– Həmin dəqiqələrdə bu qədər emosional olmağınızın səbəbi ancaq iyirmi yanvarda anadan olmağınız, məktəb vaxtlarından “Şahin” hərbi-idman oyunlarında iştirak etməyiniz idi, ya başqa məqamlar da var?

– Mənim uşaqlığım 1992-1994-cü illərə təsadüf edib. Atam televizorda ancaq cəbhə xəbərlərinə baxırdı. Anam bizi yatırdanda gözləri dola-dola hansısa bir əsgərimizin cəbhədə etdiyi qəhrəmanlıqdan danışırdı. Sonra bir kitab nəşr olunmuşdu. Səhv etmirəmsə, üstündə “Xocalı faciəsi” yazılmışdı. Orda bizim əsirlərin çəkdiyi zülmlər, insanların başına gətirilən oyunlar açıq formada qeyd olunmuşdu. Kitabın üz qabığında da məcburi köçkün ailəsinin, yanılmıramsa, 2 uşağının baxışı əks olunmuşdu. Bacım o kitabı mənə oxuyurdu.

Deyirdi ki, ermənilər bizim xalqın başına bu müsibətləri gətirib. Ona görə də biz onlara nifrət edirik. Sonra zaman keçdi. Böyüdüm, məktəbə yola düşdüm. Mən Xətai rayonunda 116 nömrəli orta məktəbi bitirmişəm. Bizim “Gənclərin çağırışaqədərki hərbi hazırlığı” fənnini tədris edən bir müəllimimiz var idi – Cəfər müəllim.

Özü Cəbrayıldan məcburi köçkün idi. Hərbi dərsini bizə elə mükəmməl formada tədris edirdi ki, istəyirdin əlinə silah alıb, elə bu gün cəbhəyə yola düşəsən. Bizi hərbi yarışlara aparırdı. Deyirdi, müharibə şəraitində yaşayan ölkəyik. Qızlarımız da oğlanlarımız kimi qorxmaz, mərd olmalıdırlar. Aslanın erkəyi, dişisi olmaz.

Bütün dediklərim və sizin də qeyd etdiyiniz nüans – 20 yanvar 1990-cı ildə doğulmağım mənim bu ruhda böyüməyimə səbəb olub. Vətənimi çox sevirəm. Xoş günün xəbərini çatıranda sevincdən, kədərli gününü çatdıranda qəmdən gözlərim dolur. Mən də beləyəm… Mövzu vətənimdirsə, emosiyalarıma hakim ola bilmirəm. Çox sevirəm!

 

–  Bildiyimizə görə, ermənilər həmin kadrları da özününküləşdiriblər…

-Bəli, ermənilər bu addımları ilə nə qədər arsız, nə qədər həyasız olduqlarını bir daha nümayiş etdirdilər. Mənim o çıxışım çox geniş yayıldı, hər kəs də azərbaycanlı olduğumu qeyd etmişdi. Buna baxmayaraq, onların çıxıb, məni erməni aparıcısı kimi təqdim etməsi üzsüzlükdən başqa bir şey deyildi. Onlar bizim mahnımızı, musiqi alətlərimizi, milli mətbəximizi özəlləşdirməyə çalışırlar. Bir mən qalmışdım.  Bunu hər yerdə qeyd edirəm, yenə də deyim. Mən azərbaycanlı olmağımla, damarlarımda Azərbaycan türkünün qanını daşıdığım üçün çox qürur duyuram. Onlar məni erməni kimi qələmə verməklə, ancaq təhqir etmiş olurlar. Şükürlər olsun ki, bu məsələ də yerli və türk mətbuatında işıqlandırıldı. Hər zaman olduğu kimi, həqiqət yenə gün üzünə çıxdı.

 

– Necə düşünürsünüz, indiki məqamda jurnalistlərin, o cümlədən televiziya işçilərinin öhdələrinə düşən əsas vəzifə nədən ibarətdir?

– Əsas vəzifə – bacardığımız qədər baş verənləri dünya mediasına çıxarmaq, ermənilərin bizə etdiklərini bütün ictimaiyyətə, dünyaya göstərməkdir. Hərbçilərimiz səngərdə vuruşursa, biz də informasiya müharibəsində düşmənə qalib gəlməliyik. 1992-ci ildə Xocalıda baş verənlər bu gün Gəncə, Naftalan,  Beyləqan, eləcə də digər şəhər və rayonlara atılan mərmilərlə təkrarlanır. Bu fotoları yaymalı, onların dinc sakinlərə etdiyi vəhşiliyi dünyaya çatdırmalıyıq ki, erməni öz cəzasını alsın. Əsgərimizin qarşısına çıxmağa cəsarəti olmayan erməni məğlubiyyətinin hirsini dinc əhalidən alır. Bunu dayandırmaq lazımdır.

 

– Görünür, tarixi qələbə yaxındadır. Dağlıq Qarabağın düşmən tapdağından tamamilə azad olunması xəbərini Azərbaycan ictimaiyyətinə çatdıracağınız dəqiqələri necə təsəvvür edirsiniz?

–   Bilirsiniz, bununla bağlı çoxlu xəyallarım, arzularım var. Qoy, bunlar bu gün ürəyimdə sirr qalsın, inşallah, o qələbə xəbərini çatdırmaq mənə qismət olarsa, əməli olaraq görərsiniz. Əminəm ki, müharibə bizim qələbəmizlə yekunlaşacaq. Özü də tezliklə. Arzu edirəm ki, ilk qələbə müjdəsini verən aparıcı kimi, “Dağlıq Qarabağ tamamilə işğaldan azad olundu” cümləsini demək də mənə qismət olar. Allah Azərbaycan əsgərini qorusun. Ürəyimiz onlarla döyünür. Bu torpağın düşmən tapdağından azad olunması uğrunda canlarından keçən şəhidlərimizə də Allah rəhmət etsin. Tezliklə qələbə xəbərlərini çatdırmaq ümidi ilə… (“Sherq.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir