zumrud qasimova

Tanınmış aktrisa: “Ərimlə sevgimizin azalacağından qorxuruq” – FOTOLAR

Baxış sayı: 1. 583

YUĞ teatrının aktrisası, sevilən aparıcı Zümrüd Qasımova “Publika.az”-a müsahibəsində karyerasından, səhhətindəki problemlərdən və ailəsindən bəhs edib. “Gencaile.az” saytı həmin müsahibəni təqdim edir.

 

 – Tamaşa öncəsi görüşdük. YUĞ-dakı fəaliyyətinizdən danışaqmı?

– 15 ildir YUĞ teatrında işləyirəm. Həmişə Vaqif İbrahimoğlunun vurğunu olmuşam. Onun tələbəsi olmağı arzulamışam. Özüm də onu seçib gəlmişəm. Elə birinci kursdan Vaqif müəllim və Məmməd Səfa Qasımov kurs rəhbərim oldular. Təhsil alan müddətdə də məni teatra işə götürdü. Elə o vaxtdan YUĞ-dayam. Bu teatr mənim üçün bir ailədir, varlığımdır, yaşamımdır. YUĞ-suz özümü təsəvvür edə bilmərəm. Bura mənim üçün bir bina deyil, özüməm. Vaqif İbrahimoğlunun düşüncələri ilə yoğrulmuşam. Kifayət qədər tamaşada oynamışam. Bu yaxınlarda da Anton Çexovun “Elçilik” əsərini tamaşaya qoyduq. Mövsümü də o tamaşa ilə başa vurduq. Aparıcı kimi fəaliyyət göstərmişəm, filmlərdə çəkilmişəm. Amma mənim doğma məkanım teatrdır.

– Zümrüd xanım, son illər televiziya kanallarımızda yayımlanan serialların sayı artır. Əminəm ki, dəvət aldıqlarınız da olub…

– Bir neçə komediya filmlərinə təklif almışam. Ancaq razılşamğım üçün məvacib və ssenari ürəyimcə olmalıdır. Yəni özümü gördüyüm film hələ ki, yoxdur. Seriallardansa təkliflər gəlir, ancaq obrazı bəyənmədim. Bilirsiniz, hər şey məvacibdən ibarət deyil. Sadəcə ssenari mənə o qədər təsir etməlidir ki, düşünmədən razılaşım.

– Mən sizi ANS kanalından tanımışam.

– İlk televiziya fəaliyyətim “Space” kanalından başlayıb. Sonra ANS-ə keçdim və “Gecə yarı” verilişini apardım. Bu müddətdə xəstəliyim üzə çıxdı. Bir müddət fasilədən sonra yenidən “İkinci həyat” verilişinə qayıtdım. Sonra bir sıra başqa kanallarda, həmçinin ARB kanalında çalışdım.

– “İkinci həyat” verilişinin mövzusu nə idi?

– Sosial veriliş idi. Mövcud problemlər, həm də sağalıb, yeni qayıtdığım üçün mənim həyatımla da uyğunlaşırdı.

zümrüd2.jpg (149 KB)

– Xəstəliyiniz müddətində ekranlardan tamam itdiniz.

– Özüm istəmədim ki, haqqımda hər hansı məlumat yayılsın, buna görə də uzaqlaşdım.

– Amma siz və Hacı Nuranın simasında çoxları anladı ki, xərçəngə qalib gəlmək mümkündür.

– Artıq özümə söz vermişəm ki, bu haqda danışmayacam. Çünki hər şeyi tərsinə anlayırlar. Mən özüm xəstə olanda adam axtarırdım ki, kimə baxıb ilhamlana bilərəm. İnternetdə axtarış edirdim. Kim necə sağalıb, neçə ildir yaşayır və s. Demək məndə də yaxşı olacaq. Bu haqda əvvəllər də danışanda, deyirdilər, gənc qadınsan, niyə açıqlayırsan belə şeyləri? Amma hətta bu gün o qədər insan mənə yazıb, məsləhət istəyir, həkimlər haqda məlumat gözləyir ki, həyatımın ən ağır anlarını paylaşdığım üçün peşman olmuram. Baxın, indi də siz mənə sual verirsiniz bu haqda, mənsə cavab verirəm. Sabah yenidən xəbər başlığı xəstəliyimlə bağlı olsa, insanlar deyəcək ki, gündəmə gəlmək istəyir. Amma fikrimcə, bu dünyada hər kəsin öz missiyası var. Mən də insanlara bir ümid olmaq üçün yaşayıram. Çünki düşünürəm ki, məni bu hadisəyə qədər sevmirdilər. Bir az sərbəst aparıcı kimi tanınırdım.

– Amma hər yaşın da öz tələbi var…

– Bilirsiniz, mən indi də çılğınam. Sadəcə ailə həyatım bir az çərçivəyə salır davranışımı. Gəlin, tamaşalarıma baxın. Məni narahat edən məqamlarrdan biri budur ki, insanlarımız teatrlara üz tutmur. Məni də ancaq aparıcı kimi tanıyırlar. Çoxu gəlir, məni səhnədə görür. Deyirlər ki, heç bilmirdik aktrisa olduğunuzu. Mən hər zaman aktrisa olmuşam. Aparıcılıqsa bu sənətin bir qoludur.

zümrüd3.jpg (186 KB)

– Xəstəlik mövzusuna qayıtmaq istəyirəm. Hacı Nuran yenidən xərçənglə mübarizəyə başlayıb.

– Çox məyus oluram. Çox istəyirəm, dua edirəm ki, sağalsın. Çünki əlində məşəl tutub gedənlərin sayı nə qədər çox olarsa, bir o qədər də məğlubiyyətsiz olarıq. Nuran çox gözəl insandır, yaxın dostumdur. O qədər insana əl tutub ki, Allah da mükafatını verməlidir. Hətta mənim özümü dəfələrlə problemim olanda çağırıb ki, gəl, həll edəcəyik. Onu çox sevirəm. Kaş ki, Nuran kimi təmənnasız yardım edən insanların sayı günbəgün artsın. Bilirsiniz ən qəribəsi nədir? İnsanın bu durumuna da paxıllıq edirlər. Çünki heç birimiz onun qədər sevilə bilmirik. Bu acizlikdir. Həm də öz enerjimi niyə onlara sərf etməliyəm?

– Doğrudur. Bilirsiniz xəstəlik mövzusunu səbəbsiz açmıram. Hazırda inkişaf etmiş ölkələrin xərçənglə mübarizə klinikalarında xüsusi əməkdaş olur. Xəstələrdən seçilməmək üçün pasientlərlə bir palatada qalır, motivasiyalarını artırmaq üçün xəstəliyə qalib gəldiyi haqda hekayələr uydurur. Bu baxımdan xərçəngdən əziyyət çəkən insanlar üçün gerçək hekayələr həmişə bir işıq ucu olur. Siz öz sözlərinizlə iki il xərçəngdən əziyyət çəkən anam üçün çox böyük motivator oldunuz. Hətta saçı töküləndə belə mən xarici ulduzlardan misal gətirəndə o sizdən danışırdı ki, Zümrüdün də saçları tökülüb, amma sonra hər şey qaydasına düşüb.

– Mən instaqramda bir çox izləyicimlə görüşmüşəm. Bir-birimizlə dərdləşmişik. Demişəm ki, saç da yerinə gələcək, yenə gözəlləşəcəksiniz. Bu baxımdan siz məni çox gözəl başa düşərsiniz. Yaxınlarda adını çəkmək istəmədiyim bir nəfər çox iyrənc bir status paylaşdı ki, Zümrüd xanım, nə qədər bununla gündəmə gələcəksiniz. Həmin insan mənim teatr sahəsində etdiklərimin heç olmasa kənarından keçsin, sonra tənqid etsin. Sadəcə mən insanlara göstərmək istədim ki, xərçəngdən sağalmaq olur.

– Dorğudur. Xalqımızda belə bir fikir formalaşıb ki, mən onkoloji klinikanın qapısından içəri girdimsə, sağ çıxmayacam.

– Hər bir xəstəliyin erkən mərhələsi var. Xərçəngi vaxtında aşkarlayanda onu tam sağaltmaq mümkündür. Yeri gəlsə, mən də bir az gecikmişdim. Çünki Bakıda yoxlanışdan keçdim, dedilər ki, ciddi heç nəyin yoxdur. 6 aydan sonra fəsadlarını görüb xaricdə analiz verdim və xərçəng diaqnozu qoyuldu. Amma bizim də gözəl həkimlərimiz var. Məsələn, Şəmistan Alıyev çox gözəl həkimdir. İlk növbədə gözəl insandır. Çünki həkimə baxanda sənə müsbət enerji gəlməlidir. Siz məni gözəl anlayarsınız. Kimyaterapiyalar, şüa müalicələri… Bunlar hamısı çox çətin proseduralardır.

– Yadımdadır, bir ara verilişinizdə bu haqda danışırdınız, amma düşünürəm ki, məsələni bir az da ictimailəşdirmək lazımdır. Bir layihə hazırlamaq, yaxud fondun bir hissəsi olub xərçəng xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq istəmirsiniz? Məncə, sizdən daha yaxşı namizəd ola bilməz.

– İstərdim. Niyə də yox?! Məncə, bu işin təşkilatçılığını kimsə etməlidir. Qalanını öz boynuma götürə bilərəm.

– Bəs bu günədək sizə xərçənglə mübarizə aparıb, qalib gəlmiş qadın obrazı təklif olunmayıb?

– Xeyr. Amma buna görə təəssüflənirəm. İnsan üçün yaşadığı şeyləri göstərmək daha asandır. Amma mən aktrisayam, xəstə olmasaydım da, bu rolun öhdəsindən gələrdim.

– Sizinlə ünsiyyətdə olduqca görürəm ki, xəstəliyin mənəvi fəsadlarına da çoxdan qalıb gəlmisiniz. Buna çox sevinirəm. Bəs fiziki cəhətdən necə?

– Artıq 7 ildir ki, müalicəm bitib, amma təbii ki, kimyaterapiyanın fəsadlarından birdən-birə qurtulmaq olmur, orqanlar da zəifləyir. Amma bu günümə min şükür. Özümə maksimum zaman ayırıram. İmkan olanda, xaricə üz tuturam. Bəzən əldə etdiklərimə baxanda görürəm ki, bundan qat-qat artığına nail ola bilərdim. Amma inanın pul mənim üçün lap axır sıralarda durur. Yalnızca xəstəlik dönəmimdə anladım ki, pul vacibdir, bu qədər… Yoxsa durum üzülüm ki, niyə o maşını yox, bunu sürürürəm. O evdə yox, bu evdə yaşayıram, belə şeylər haqda qətiyyən düşünmürəm. Həyatda elə şeylər görmüşəm, anlayıram ki, bütün bunlar anidir. Tez-tez dostlarımla görüşürəm, məni xoşbəxt edən şeylərdən zövq almaq istəyirəm. Əvvəllər daha çılğın idim. Bəzən o Zümrüd üçün darıxıram. Amma bizim cəmiyyətə uyğunlaşmaq lazımdır.

– Amma cəmiyyətin qınağını düşünüb yaşasaq, çox uzağa gedə biləmərik.

– Doğrudur. Bilirsiniz, maraqlısı odur ki, həyat yoldaşım da sənətdən uzaqlaşmağımı istəmir. O mənim peşəmlə, sənətimlə qürur duyur. Deyir, səni səhnədə sevirəm. Bu münasibət təbii ki, məni sevindirir. Çox xoşbəxt insanam ki, sevdiyim işlə məşğulam. Bəlkə də qazandığım məvacibə sevdiyim ayaqqabını belə ala bilmərəm. Amma bu məni xoşbəxt edir.

– Bəs əlavə gəlir mənbəyiniz var?

– Əlavə gəlir mənbəyim yoldaşımdır. Amma uzun zaman televiziyalarda aparıcı olmuşam. Oradan da qazanmışam. Bəzən aktyorlar deyir, teatra ömrümü verdim, heç nə əldə etmədim. Mən belə düşünmürəm. Axı bizi kim məcbur edir ki, gəlib, aktyor olaq. Heç kim. Yalnız sənət sevgimiz.

zümrüd4.jpg (159 KB)

– Yoldaşınızla tanışlığınız haqda danışaq?

– O mənimlə tanış olanda nə aparıcı, nə də aktrisa olduğumu bilirdi. Kitabxanada tanış olmuşuq. Tam başqa sahənin insanıdır.

– Elə bil onu mediadan gizlədirsiniz.

– Gizlətmirəm. Sadəcə işi ilə bağlı çox da nəzər mərkəzində olmamalıdır. Mənə çox sərbəstlik verib. Bəzən hətta tədbirlər olur, deyir ki, tək get, mən səninlə getməyim.

– Nə yaxşı… Adətən sənət adamları digər sahənin insanı ilə ailə quranda anlaşılmazlıq yaranır.

– Bilirsiniz, onun da çox gözəl yazı qabiliyyəti var. Bir neçə şeirinə musiqilər bəstələnib. Qəlbində sənətə vurğun insandır. Xoşbəxtəm ki, məni belə dəlicəsinə sevən insanla birgəyəm. Hər addımında yanımdadır, mənə dayaq olur.

– Bəs xəstəliyiniz boyu sizi dəstəklədi?

– Əlbəttə, dəstək oldu. Kişilərin əlindən nə qədər gəlirsə, o qədər də yanımda oldu.

– Kişilərin əlindən nə qədər gəlir ki?

– Bu məsələnin üzərində durmaq istəmirəm. Biz yenə də birgəyik. Bu gün məni qısqanırsa, rahatamsa, demək sevgi də var. Yeganə arzum sənətimdə daha böyük uğurlara imza atmaqdır. Əvvəllər deyirdim ki, heç vaxt ana, xala rolunda oynamayacam. Həmişə gənc qız obrazı yaradacam. Görürəm ki, zaman keçdikcə fikrim də dəyişir. Əsas odur gözəl ssenari olsun, axı 18 yaşında deyiləm.

– Ən son baxıb təsirləndiyiniz yerli film hansıdır?

– “Ol” filminə baxıb təsirlənmişdim. Hər tamaşaçı üçün deyil, amma dünyada belə filmlər çox çəkilir. “Xənnas”, “İkinci pərdə” filmlərinə dərin maraqla baxmışdım. Yəni kinoteatrdan çıxanda vaxtımı boş yerə xərcləmədiyimi anladım. Son zamanlar gözəl aktrisalarımız da yetişir. Sevdiyim aktrisalardan Günay Əhməd, Sevinc Əliyeva, Asya Ağakişiyeva və Günel Məmmədovanın adlarını çəkə bilərəm. Pərvin Abıyevanı da bəyənirəm. Bir aktrisaya lazım olan hər şey var. Öz üzərində işləsə, daha da yaxşı olar. Onun da üzərinə çox düşdülər. Ümumiyyətlə, düşünürəm ki, sənətdə pul qazandıqca bunu sahən üzrə təhsilinə də xərcləməlisən ki, tənqid olunanda qarşı tərəfi susdura biləsən. Bu gün Türkiyənin özündə də bir neçə aylıq kurslar fəaliyyət göstərir. Bir az pullarından keçib həmin kurslarda təhsil alsınlar. Bu baxımdan özümü çox şanslı sayıram ki, Vaqif İbrahimoğlunun tələbəsi olmuşam. O mənə tək aktyor olmağı yox, düşünən aktrisa olmağı öyrətdi. Təsadüfi insanları filmlərə çəkmək olmaz. Mənim sənətim uca sənətdir. İntellektimlə, ünsiyyət mədəniyyətimlə istənilən peşənin insanları ilə hər mövzuda danışa bilərəm. Aktyorluğu belə ucuzlaşdırmaq olmaz.

– O zaman mütaliəni də sevirsiniz.

– Əlbəttə. Çalışıram tez-tez kitab oxuyum.

– Ən son hansı kitanları oxumusunuz?

– Xalid Hüseyninin kitablarını oxudum. Markesin “Yüz ilin tənhalığı” əsərini bitirdim.

– Hüseyni və Markez rəngarəngliyi…

– Mopassan, Kafka, Koelyo, Gülay Hüseynovanın yeni yazdığı kitabını oxumuşam. Orhan Pamukun “Masumiyyet müzesi” kitabını oxudum, amma bəyənmədim. Hətta belə deyim, vaxt itkisi saydım. Məktəb illərimdən bəri Düma, Dostoyevskinin bir çox əsərlərini oxumuşam. Bəzən hətta olur ki, həmin dövrə qayıtmaq istəyəndə o kitabları yenidən oxumağa başlayıram.

zümrüd5.jpg (191 KB)

– Bəs özünüzün kitab yazmaq fikriniz yoxdur?

– Adını çəkmək istəmədiyim gözəl bir yazıçımızla kitab üzərində işləyirəm. Müəllimim, ustadım, atam qədər doğma Vaqif İbrrahimoğlu haqda xatirələrim çoxdur. Bütün bunları kitab şəklinə salmağı düşünürük. O, mənim ruhi qidam idi. Bu gün əlimə qazanc gəlirsə, hamısını ona borcluyam. Hər gün Vaqif müəllim haqda düşünürəm. Təsəvvür edin, bilirsiniz ki, hər gün bir nəfərin yanına gedəcəksiniz və o sizə, danış, öyrən deyəcək. Belə bir ustadı itirmək çox çətindir. Hətta bizim xəstəliyimiz də eyni vaxtda başladı. Vaqif müəllim ağciyər xərçəngindən dünyasını dəyişdi. Bir-birimizə telefonla o qədər dəstək verirdik. Üzülürəm ki, o xərçəngə yenik düşdü.

– Gec öyrənmişdi xəstə olduğunu?

– İnanmıram. Sadəcə o güclü insan idi. Xəstə olduğunu biruzə vermirdi. Ölümündən 3 gün öncə telefonla danışdıq. Onkoloji klinikada yatırdı. Dedi, niyə gəlmirsən yanıma? Dedim, müəllim, gələcəm mütləq. Mən onu o durumda görmək istəmirdim. Bir də bilirsiniz, xəstəlik çox həssas durumdur. Elə bilirsən ki, sən də lap pis hala düşəcəksən, növbəti sənsən. Bir də dedi ki, mən arzu edirəm, biz kimyadan qurtarıb, fizikadan danışaq. Bu bizim son söhbətimiz oldu. O böyük insan idi. Sağ əli artıq çalışmırdı. Sol əli ilə yazırdı. Gözləri zəifləmişdi. Xanımına deyirdi, sən mənə kitab oxu, mən qulaq asım. Ayaqlarına su yığılmışdı, amma oxuya-oxuya gəzirdi.

– Düşünürəm ki, Vaqif bəy də sizi sağalmağa ruhlandıran insanlardan olub.

– O, mogikan idi. Nəinki mənə, bütün YUĞ-çulara o qədər güclü ruh verib ki, biz hamımız güclüyük. YUĞ-un bütün işçilərini sevirəm, çünki hamımız eyni təbiətdəyik. Son vaxtlar Mehriban Ələkbərzadə bizə baş rejissor gəlib. Onunla da çox gözəl münasibətimiz var.Mehriban xanımdan öncə bir müddət Rəşad Əhmədzadə bizimlə oldu. O da çox gözəl insan və peşəkar idi.

– Bəziləri deyir, Mehriban xanımın sərt xarakteri var.

– Xeyr. Əsla, Mehriban xanım çox gözəl insandır. O bizi anlayır, biz də onu. Ümumiyyətlə, teatrımızın kollektivində aktyora dərin məhəbbət var. Aktyorun da qazancı elə bu sevgidir. Çünki bizim peşədə çoxlu puldan söhbət gedə bilməz.

– Hansı obraz ruhunuza daha yaxındır?

– Mən həmişə deyirəm ki, Leylini oynamaq istərdim. Çünki məncə Leylinin yaşı yoxdur, qadın həyatının bütün dövrlərində Leyli ola bilər. Bəzən deyirlər ki, insan həyatda yalnız bir dəfə sevir. Bu yanlış fikirdir. İnsan yaşadıqca sevir. Bəzən düşünürsən ki, bu mənim son sevgimdir. Bir müddət sonra görürsən ki, tam əksi baş verir. Anna Kareninanı oynamaq istərdim. Belə bir planımız da var. Janna Darkı oynamaq istərdim.

– Bəs sevmədiyiniz obrazı yaratmaq məcburiyyətində qalmısınız?

– Mən çox xoşbəxtəm ki, YUĞ teatrında çalışıram. Bura bir məktəbdir.

– Siz elə böyük məhəbbətlə danışırsınız ki, mən işimi atıb, YUĞ-a aktrisa getmək istəyirəm.

– Bu həqiqətən belədir. Ümumiyyətlə, teatr toplumun mədəniyyətidir. Biz YUĞ-çular yerə bir palaz sərib onun üstündə də tamaşa qura bilərik. İstənilən əsəri səhnələşdirmədən öncə rejissor bizim yanaşmamızı öyrənir, bizə görə aktuallığı ilə maraqlanır. Bizim bir poetikamız var. Tamaşadan öncə sxem qururuq ki, tamaşaçıya öz enerjimizi ötürək.

zümrüd6.jpg (230 KB)

– Zümrüd xanım, uşaqları da çox sevirsiniz?

– Çox sevirəm. Bilirəm hansı sualı vermək istəyirsiniz. Mən hələ də ana ola bilməməyimi özümə faciə etmirəm. Hərəmizin bir taleyi var. Olmayacaqsa, olmayacaq. O qədər övladı olan insanlar var ki, ömürlərinin sonunda deyirlər, mən bu həyatı kim üçün, nə üçün yaşamışam.

– Tanıdığım bir yaşlı fransız qadın da bir dəfə mənə məhz buna görə övlad dünyaya gətirmədiyini etiraf etmişdi. Hətta söyləmişdi ki, biz ərimlə sevgimizin azalacağından qorxduğumuz üçün uşaq haqda düşünmədik və bu gün peşman deyiləm.

– Mənə elə gəlir bizdə də belədir. Həyat yoldaşımla bir-birimizə elə böyük sevgi veririk ki, bu yoxluğu dərd etmirik. Doğrudur, hər bir qadın ana olmaq istəyər, amma gəlin, hər şeyə gözəl baxaq. Tutaq ki, mən xəstəlikdən öncə uşaq dünyaya gətirəcəkdim. Sonra da dünyadan köçəcəkdim. Həyat yoldaşım da başqa qadınla ailə quracaqdı. Niyə mənim övladımı ögey ana böyütsün? Amma özüm istərdim övlad götürüm. İmkanım olsa, 2 bacı götürüb saxlayardım. Onlara bütün məhəbbətimi verərdim. Hətta onlardan heç nə gizlətməzdim. Həqiqəti anladardım ki, mən sizin bioloji ananız deyiləm. Onlara ocaq qurardım, gələcəklərini təmin edərdim. İndi bacım uşaqları ilə nəfəs alıram. Onardan güc alıram.

– Arzularınızın ən qısa zamanda gerçəkləşməyini arzu edirəm. Ən əsası tezliklə televiziyada görmək istəyirəm.

– Çox sağ olun. Maraqlı layihələr olsa, dönəcəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir