elmir ekber

Tanınmış psixoloq boşanmaların sayının artmasına niyə sevinir?

Baxış sayı: 697

Azərbaycanda rəsmi statistikaya görə, 2021-ci ildə toyu olan hər 3 cütlükdən biri boşanıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, 2021-ci ilin yanvar-avqust aylarında qeydiyyat şöbəsi tərəfindən 36063 cütlük nikaha daxil olub.

Bu dövrdə 11313 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3.5-dən 5.4-ə, boşanmaların sayı isə 1.4-dən 1.7-ə qədər artıb.

Boşanmaların bu qədər artmasının səbəbləri nədir? Yeni nəsil niyə birgə yaşayışdan qısa zamanda sıxılır? Burada valideynlərinmi günahı var?  Yoxsa problemi zəmanənin və həyatımıza daxil olan texnologiyanın üstünə ataq?

Psixoloq Elmir Əkbər mövzunu şərh edərkən bildirdi ki, karantin müddəti ailələr üçün sınaq oldu. Əvvəllər evdən çıxıb işə gedən insanlar bir evin içində üz-üzə qaldılar. Həqiqəti çılpaqlığı ilə gördülər: “Karantin qaydalarının gərginlikləri ailə konfliktlərini artırdı və nəticədə bu, boşanmaların sayına öz təsirini göstərdi. Lakin bu bir faktdır ki, son illər tendensiya çox yüksəlib, boşanmalar artır. Şəxsən məni bir mütəxəssis kimi çox narahat etsə də, bəzi hallarda bu, müsbət bir göstəricidir. Zorakılığın, hətta ölümlə bitən konfliktlərin qurbanı olmaqdansa, münasibətləri vaxtında bitirmək lazımdır. Köhnə adətlər artıq özünü doğrultmur. Könülsüz şəkildə qurulan ailələri süni şəkildə bəsləyib saxlamaq mümkün deyil. Ona görə də sağlam, müasir qaydalara uyğun ailələr qurulmalıdır. Tərəflərin fiziki, bioloji, mənəvi və psixoloji ehtiyaclarının ödənilməsi nəzərə alınmalıdır. Birgə yaşayış xoş olmalıdır”.

Elmir EKBER

Psixoloq bəzi dəyərlərin artıq məqbul sayılmadığına, gənclərə məntiqli seçim azadlığının verilməli olduğuna diqqət çəkdi. E.Əkbərin fikrincə, ailə quran insanların həm bioloji instinkt tələbatları ödənilməlidir, həm də psixoloji və mənəvi ehtiyacları təmin olunmalıdır: “Azərbaycan mentalitetində  ehtiyacları qarşılanmayan kişilər  xəyanətə meyl edir. Qadınlar isə bu addımdan çəkinirlər. Lakin son dövrlər, məsələn, sosial layihələr, verilişlərdə nəyi görürük? Qadınların artıq xəyanətə göz yummaq istəmədiyinin şahidi oluruq. Başqalarının istəyi ilə qurulan ailə psixoloji və mənəvi cəhətdən dağılmağa məhkumdur. Ailələrin dağılmağında ən böyük səbəblərdən biri də oğlan tərəfin ailəsinin müdaxiləsidir. Bəzi hallarda qızın anasının da rolu olur. Bəzən dözümsüzlük aşılayırlar, problemi həll etmək əvəzinə, qaçmağı seçim kimi təqdim edirlər”.

Psixoloq Qərbdə ailə dəyərlərinin möhkəm olmadığı fikri ilə razılaşmır: “Bəzi insanlar deyir ki, Qərbdə ailə dəyərləri möhkəm deyil, onun bizə mənfi təsiri var. Amma məsələn, Avstriyada təhsil aldığım müddətdə orada qalmışam, yaşamışam, onların həyat tərzini görmüşəm. Qərb ölkələrinin ailələri dəfələrlə daha möhkəm, daha güclü sütun üzərində dayanır, daha güclü sağlam əsaslarla qurulur. Orada boşanmalar demək olar ki, yox səviyyəsindədir, çünki sağlam dəyərlərlə ailə qururlar. Az hallarda xəyanət baş verir. Orada buna dəhşətli faktor kimi baxırlar. Yəni onlar çox sadiq olurlar. Kişinin ailədə rolu dəfələrlə üstündür və onlar ailəsinə daha çox vaxt ayırırlar, nəinki bir çox Azərbaycan ailələri”.

E.Əkbər həmçinin valideynlərin nümunə ola bilməməsi məsələsinə də toxundu: “Valideynlər özləri yaxşı nümunə ola bilmirlər. Qadınlar, analar qızlarına deyir ki, mən dözmüşəm, sən də döz. Qız da baxır ki, anasının dözümünün nəticəsi xəstəlikdir, əsəbi və ruhu pozulub, fiziki sağlamlığı zərər görüb. Ona görə də ailə dəyərlərinə düzgün yanaşmaq lazımdır. Ailədə sevgi və hörmət olmalıdır. Qarşılıqlı anlaşma və bir-birini başa düşmək olmalıdır və kənar, neqativ müdaxilələr olmamalıdır. Texnologiyanın bu məsələdə heç bir təsiri yoxdur. Ən vacib faktorlardan biri də gənc ailələrin xırda bir problemi özlərindən asılı olmayaraq böyüdüb konfliktə, boşanmağa gətirib çıxarmalarıdır. Təcrübəmdə görmüşəm ki, bəzən bir neçə seansa problem həll olunur. Psixoloji səbəblər belədir. Qar topası kimidir, əvvəlcə balaca olur, lakin diyirləndikcə böyüyür və fəlakətə səbəb ola bilir. Sevgi emosiyadır, duyğudur. Və digər emosiyalar kimi insanın gözünü tuta bilər. Kimsə övladını, kimsə rəfiqəsini sevir. Subyektiv olaraq onun mövqeyindən çıxış edir və baş verən hadisənin obyektiv tərəfini görə bilmir. Düzgün yanaşma olsa, bir çox ailələri boşanmadan xilas edə bilərik”.

 

Nigar HƏSƏNLİ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir