Ailə – insanın ilk sosial məktəbidir. Biz orada sevməyi, paylaşmağı, sərhədləri və hörməti öyrənirik.
Amma bəzən ailə mühiti insanın güc mənbəyi deyil, emosional ağrı mənbəyinə çevrilir.
Sürekli tənqid, laqeydlik, təzyiq və manipulyasiya ilə dolu münasibətlər toksik ailə mühiti adlanır.
Bu cür mühit təkcə bir üzvü deyil, bütün ailə sistemini zəhərləyir.
Toksik ailə nədir?
Toksik ailə — sevgi və dəstək əvəzinə idarəetmə, qorxu və günah hissi üzərində qurulan ailə modelidir.
Burada:
-Emosiyalar ifadə edilmir,
-Fərqliliklər qəbul edilmir,
-Tənqid və müqayisə normal sayılır,
-“Nə deyərlər?” qorxusu şəxsiyyətin üzərinə çəkilən zəncirə çevrilir.
-Bu cür ailələrdə uşaq sevilmək üçün “ideal olmaq” məcburiyyətində qalır və öz “mən”ini itirir.
Toksik münasibətlərin gizli formaları
Bəzən toksiklik açıq aqressiya ilə deyil, incə manipulyasiyalarla özünü göstərir:
“Mən sənin yerinə hər şeyi etmişəm, sən də mənim dediyimi et.”
“Sən mənim xətrimə dəyirsən.”
“Sən olmasaydın, mən xoşbəxt olardım.”
Bu cür cümlələr uşaqda və ya ailə üzvündə günahkarlıq, qorxu və özünə dəyərsizlik hissi yaradır.
Psixoloji nəticələr:
-Toksik ailədə böyüyən və ya yaşayan insanlarda uzunmüddətli təsirlər müşahidə olunur:
-Aşağı özünəqiymət və daim başqalarını razı salma istəyi
-Emosiyaları ifadə etməkdə çətinlik
-Qərar verməkdə tərəddüd
-Sosial narahatlıq və yaxın münasibətlərdən qorxu
-Daxili tənqidçi səsin çoxalması: “Mən kifayət qədər yaxşı deyiləm”
Bu hallar zamanla depressiya, anksiyete və münasibət qorxusu kimi problemlərə çevrilə bilər.
Toksik dairədən çıxış yolları:
1) Şüurlanmaq – Problemin adını çəkmək artıq sağalmanın başlanğıcıdır.
2) Sərhədlər qoymaq – “Yox” deməyi öyrənmək və şəxsi məkanı qorumaq.
3) Özünü dəyərləndirməyi bərpa etmək – kimliyini başqalarının təsdiqinə bağlamamaq.
4) Peşəkar dəstək almaq – psixoloqla işləmək toksik təsirləri anlamağa və dəyişməyə kömək edir.
5) Sağlam mühit qurmaq – sevgi, hörmət və açıq ünsiyyətə əsaslanan yeni münasibətlər yaratmaq.
Nəticə
Toksik ailə mühiti bir insanın uşaqlığını, gəncliyini, hətta gələcək ailəsini belə təsirləndirə bilər.
Amma bu zənciri qırmaq mümkündür.
Unutmaq olmaz ki, sevgi ağrı deyil, azadlıq hissi yaratmalıdır.
Hər kəs sevgi, dəyər və sakitlik dolu bir ailə mühitinə layiqdir.
Jalə Şamilova
20 nömrəli məktəb-liseyin psixoloqu
Çox gözəl məqalədir, minnətdaram!
Çox aktual mövzudur. Təşəkkür edirəm. Məncə hal hazırda bir çox aileler bu tip ailelerdir. Faydalı olacağına inanıram
Mənim fikrimcə, toksik ailələrdən çıxmaq çox çətin olsa da, bunun müsbət nəticələrini görmək mümkündür. Ən əsas şey isə insanların özlərini dəyərli hiss etmələridir. Bu yazı həm də mənə göstərdi ki, insanın sevgi və təhlükəsizlik ehtiyacı heç vaxt azalmamalıdır. Hər kəs sevgi dolu bir mühitdə böyüməyə layiqdir.
Toksik münasibətləri artıq çox eşitmişəm, amma bəzən insan bunları fərq etmir. Yəni, mən özüm də toxunulmaz hissesinə girə bilmirəm bəzən. Düşünürəm ki, insan ailə mühitində çox zərərli təsirlərdən sonra özünü necə toparlaya bilər? Deyilənlərə əsasən, sərhəd qoymaq və “yox” deməyi öyrənmək çox vacibdir. Çünki hər kəsin sərhədi fərqlidir, amma toxunulmaz hüdudları aşmaq çox böyük problemlərə səbəb olur.
Bu məqalə çox aktual və əhəmiyyətlidir. Mənim fikrimcə, toksik ailə mühiti uşağın inkişafına böyük təsir göstərə bilər. Həmişə düşünmüşəm ki, hər kəs öz ailəsində rahat və güvəndə olmalıdı, amma bəzi hallarda ailə içi münasibətlər daha da zədələnir. O yazıda qeyd olunan “ideal olmaq” məcburiyyəti məsələsi çox doğrudur, çünki bəzən insanlar nə qədər yaxşı olmağa çalışsalar da, heç vaxt layiqincə sevgi və diqqət görə bilmirlər. Bu yazı əslində bir növ o insanlar üçün bir oyanış rolunu oynaya bilər.