Rustem Zeynalov

Üç dəfə evlənən müğənnimiz: “Evli ola-ola bir ailə də qurmuşdum” – MÜSAHİBƏ

Baxış sayı: 1. 599

“Gencaile.az” “Ailem.az”-a istinadən “Şeron” qrupunun bədii rəhbəri, müğənni Rüstəm Zeynalovun müsahibəsini təqdim edir.

 

– Rüstəm bəy, son zamanlar evlənib boşanan ailələrin sayı çoxalıb. Xüsusilə də sənət aləmində bu cür hallara daha çox rast gəlinir. Sizcə, buna rəvac verən səbəblər hansılardır?

– Ailə məsələsi elə bir şeydir ki, Azərbaycanda bir çox insanlar artıq bu məsələləri unudublar. Məsələn, mentalitetə bağlayırlar, yaxud da şifahi olaraq ata-babadan eşitmişik ki, “arvad belə olmalıdır”. Peyğəmbərimiz bizə öyrədir ki, müsəlman olaraq bir insan ailə qurmaq istəyirsə, tələsmək lazımdır. Digər bir çox məsələlərdə tələsmək şeytandan sayılır. Hətta atalar sözü də var ki, tələsən təndirə düşər. Amma ailə məsələsində peyğəmbərimiz deyir ki, gördünüz, xoşunuza gəldi artıq qərar verin və tez evlənin ki, araya nifaq düşməsin. Kiminsə gözü düşər, kiminsə nəfsi qalar, şeytan aranı qarışdırar. Şeytanın əsas işi odur ki, ailə alınmasın, gənclər pozğun həyat sürsünlər, yəni zina həyat yaşasınlar. Həmçinin ailə qurulandan sonra onu ayırmaq da şeytanın işidir. İnsan gərək belə şeylərdə diqqətli olsun və seçdiyi bir xanımdan xoşu gəlirsə, dərhal qərar verib, məsləhətləşib ailə həyatı qurmalıdır.

 

– Son zamanlar rəsmi nikahdan kənar, dini kəbin kəsdirib bir yerdə yaşamaq da belə deyək, dəb halını alıb…

– Ailə quranda çoxları rəsmi nikahla yanaşı kəbin kəsdirir. Kəbin müsəlmanlara aiddir. Kəbin nikah deməkdir. Hətta bir çox insanların ailəsi var. Amma deyir ki, mən bir dənə də kəbinli ailə istəyirəm. Bilirsiniz, gizli kəbin ola bilməz. Əgər bir insanın ailəsi varsa və yenə də ailə qurmaq istəyirsə, buna Allahın icazəsi var. Hətta “Quran”da bu barədə ayə də var. “Nisa” surəsinin üçüncü ayəsində deyir ki, xoşunuza gələn halal qadınlardan ikisi, üçü, yaxud dördü ilə evlənin. Onların arasında ədalətli olmayacağınızdan qorxursunuzsa, onların biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır. İnsan bilməlidir ki, ailə qurursa və başqa ailə də qurmaq istəyirsə, bu, gizli ola bilməz. Ailə qurursansa, hər kəsə elan edəcəksən. Məsələn, sən sabah ölsən, uşaqların bacı-qardaşdılar, amma tanımırlar bir-birini. Onlar sabah evlənsə, necə olar? Ona görə də nikah açıq olmalıdır.

Nikah elə bir şeydir ki, orada ailənin sərhədlərini gözləməyi, qadına qarşı diqqətli olmağı öyrədir. Yəni şəxs bilir ki, arvad alanda kölə, qulluqçu almır. Bu zamana qədər tək idinsə, indi səndən əlavə qadın da var və sən ona görə məsuliyyət daşıyacaqsan. Gərək onun qəlbini qırmayasan, haqları olan şeyləri ona alasan. Geyindirməlisən, yedizdirməlisən – bunlar sənin borcundur. Sonra sənin övladın olacaq ona qarşı necə olmalısan və sair.

 

– Bəs bütün bunları nikah bağlamadan bilmək mümkün deyil?

– Bilirsiniz ki, İslama qədər qadının haqları yox idi. Ona qədər misal üçün, həyat yoldaşı vəfat etdikdən sonra qadının heç bir miras haqqı yox idi. Hətta mirası kim ala bilərdi? Kişinin qohumları, qonşuları, heç kəsi yox idisə, aralarında dağıdırdılar, amma onun arvadının heç bir haqqı yox idi və onu bayıra atırdılar. İnsanlar öz qız uşaqlarını diri-diri torpağa basdırırdılar. Amma İslam gələndən sonra qadının haqlarını göstərdi. Demək olar ki, kişi ilə qadının haqları bərabərdir. Sadəcə olaraq kişinin haqları qadından bir pillə üstündür. Bilirsiniz ki, həmişə kişi peyğəmbər göndərilib, qadın peyğəmbər göndərilməyib. Kişi başçı ola bilər, qadın ola bilməz və sair. Kişi biləndən sonra ki, evdə qadının haqları nədir, o, yoldaşına qarşı daha diqqətli olar. Bilməyəndə isə… Yəni bilənlə bilməyən eyni olmur. Kişi bilməlidir ki, yoldaşının ona hamballıq, qulluqçuluq etmək borcu yoxdur. Sadəcə olaraq o, Allahın razılığını qazanmaq üçün ərinə baxır, yemək bişirir,  paltarını yuyur, uşağa baxır və sair. Allahın və yoldaşının razılığını qazanmaq üçün edir bunları. Kişi bunları biləndən sonra yoldaşına qarşı daha da nəvazişli olur. Yaxşı olar ki, cəmiyyətdə insanlar ailə həyatının məsuliyyətini bilsinlər. Bu, ailələrin dağılmamağına, daha da möhkəm olmağına səbəb ola bilər.

 

– Deyirsiniz ki, ailələrin dağılması yaxşı bir iş deyil. Amma özünüz iki dəfə ailənizdən ayrılmısınız, həttaüçüncü dəfə ailə həyatı qurmusunuz…

–  Bilirsiniz, biz hamımız gənc olmuşuq. Birdən-birə bu yaşa gəlməmişik ki. İnsan zamanla elmlənir, öyrənir, sonra müdrikləşir və addımlarında daha da düşüncəli olur. Artıq bir sözü dedikdə düşünür ki, onun axırında nə ola bilər? Mən ilk dəfə evlənəndə 20 yaşım var idi. O zaman çox gənc idim. Bilmirdim ailə həyatı nədir. Sadəcə olaraq evlənmişdim. Düzdür, bu ailə həyatı az müddət çəkmədi, 14 il davam etdi. O ərəfədə mən bir ailə də qurmuşdum…

 

– Bu necə olmuşdu ki…?

– Çox gözəl olmuşdu… (gülür)

 

– Necə yəni, bəs bu evliliyinizi gizli həyata keçirmişdiniz, yoxsa açıq şəkildə?

– Əlbəttə ki… Bilirsiniz, hər cəmiyyətdə bu, normal qəbul olunmasa da bilirdim ki, normal və yaxşı bir şeydir. Sadəcə olaraq bunu qoruyub saxlamaq məsələsi vardı. Bilirsiz necədir? Elə şeylər var ki, insan hər şey də etsə, o şey ki alınmamalıdır, alınmayacaq. Sadəcə olaraq biz bütün şanslardan istifadə etməliyik. Yaxud da görürsən ki, ailə üzvlərindən kimsə xəstə olur. Hətta ümidsiz də olsa, əlindən gələn hər şeyi edirsən ki, sağalsın. Ailə məsələsində də insan axıra qədər dayanmalıdır. Mən demirəm ki, ideal insanam, ailəmin dağılmaması üçün hər şeyi yoxlamışam. Təbii ki, mənim də öz səhvlərim, buraxdığım boşluqlar var.

 

– Məsələn, hansı səhvlər?

– Artıq bunları desəm, çox olar. Bilirsiniz, məndən çox zaman ona görə müsahibə götürmürlər ki, sualın özündən yox, ətrafında danışırsan. Ailə məhrəm şeydir və gizli qalmalıdır. Mən ömrümdə birinci dəfədir ki, ailəm haqqında müsahibə verirəm. Həm də mən ailəm haqqında yox, ailə haqqında danışıram.

 

– Sizcə, bir neçə dəfə evlənib boşanmış bir şəxsin ailə haqqında kimlərəsə nümunə göstərməyi nə dərəcədə doğrudur?

– Bilirsiniz, bu, cəmiyyət tərəfindən etibarlı qəbul olunmaya da bilər. Yəni onların haqqı da var. Deyə bilər ki, bu adam üç dəfə ailə qurub, ikisi dağılıb. Hələ üçüncüsü də qurulub və bilinmir ki, nə qədər davam edəcək. Hələ iki-üç ildir evlənib, bu adamdan biz nə öyrənək? Sadəcə, bir insan özünü islah etməyənə qədər, Allah da onu islah etməz. Hər insan dəyişə bilər. Mən, məsələn, özümdə həmin dəyişikliyi nəinki hiss etmişəm, artıq o dəyişikliyi tətbiq etməyə də başlamışam. Cəmiyyət arasında qohumlar, yaxınlar o dəyişiklikləri qəbul etməsə də. Mən onu məharətlə tətbiq edirəm və istəyən inansın, istəməyən inanmasın. Mənim, ola bilər ki, mənfi xüsusiyyətlərim olub və onları tərgitmişəm. Bir zamanlar hansısa hadisələrə başqa cür reaksiya verirdimsə, artıq bu gün elə reaksiya vermirəm. Xüsusilə ailə həyatımda çox diqqətliyəm. Ailəmi qorumaq üçün qollarımı çırmamışam və bu məsələdə çox mübarizəm. Artıq Allaha təvəkkül edib, bu məsələləri deyirəm. Çünki hər şey Allahın əlindədir. Mən yalnız öz öhdəmə düşəni qorumağı nəzərdə tuturam. Yəni uşaq yatırsa üstünü örtmək, qayğı göstərmək, yoldaşa nəvaziş göstərmək lazımdır. Birdən onun ürəyindən bir şey keçər, mən onu dilimə gətirim. Valideynləri ilə əlaqə saxlasın. Tez-tez onun yadına salıram ki, birdən yadından çıxar.

 

– Bu evliliklərdən neçə övladınız var?

– Birinci ailəmdən iki övladım var. Oğlum 16, qızım 13 yaşındadır. Oğlum boksla məşğul olur və öz yaşıdları arasında birinci yerə çıxıb. Oğlumun adı Əbdüləzizdir, qızımın adı Selcanxatundur. İndiki evliliyimdən də bir oğlum var.

 

– Bir müddət əvvəl ikinci yoldaşınız – Aftandil İsrafilovun qızı ilə ayrılmağınızla gündəmə gəlmişdiniz… 

– Belə bir hadisə olmuşdu. Ona mən qalmaqal deməzdim. Sadəcə, bir anlaşmazlıq olmuşdu. Mən də dərhal açıqlama vermişdim. Çünki həmin anda açıqlama verməsəydim, yaxşı çıxmaya bilərdi. Ona görə ikinci ailə həyatımın alınmamağı haqda müsahibə verdim ki, biz uşaqlıq dostuyuq, bir yerdə böyümüşük, 9 yaşından bir yerdə olmuşuq, bir-birimizə qarşı kişinin qadına, qadının kişiyə olan məhəbbətindən əlavə hörmət, etibarımız var. Təbii ki, bu günləri ünsiyyətimiz sıx deyil. Amma yenə də o etibar qalır. Mən öz adımdan deyirəm və o adamı da gözəl tanıyıram ki, mənə həmişə xoşbəxtlik arzu edən biridir. Mən də ona xoşbəxtlik arzu edirəm. Bir dam altında yaşamaq bizdə alınmadı. O da bizim, necə deyərlər, həyat prinsiplərimizə görə. Şəxsi məsələlər ortada yoxdur. Onun valideynlərini də çox istəyirəm, ailəsini öz ailəm kimi görürəm, indi də belədir. Hətta valideynləri ilə üz-üzə gələndə qucaqlaşırıq. O qədər isti münasibətimiz olub ki… Onlara çox böyük sayğım və ehtiramım var.

 

– Eşitdiyimizə görə, hazırkı xanımınız milliyyətcə ərəbdir…

– Bəli, yoldaşım ərəbdir, Əlcəzair vətəndaşıdır. Biz Azərbaycanda tanış olduq. Sırf ərəb dilini bilməsəm də, onunla sadə ünsiyyət qura bilirəm. Yoldaşım ərəb dili mütəxəssisidir, eyni zamanda ingilis və fransız dilini də peşəkar şəkildə tədris edir. Hətta Azərbaycan dilində danışmağı 20 gün ərzində öyrənib və səlis danışır. Azərbaycanlılar onunla ünsiyyətdə olsalar, bilməzlər ki, o ərəbdir.

 

– Onunla rəsmi evlisiniz?

– Bəli, üç ildir ki biz rəsmən evlənmişik və iki yaşlı oğlumuz var.

 

– Tam fərqli bir coğrafiyanın insanlarısınız. Necə uyğunlaşdınız? Məsələn, milli xörəklərimizi bişirə bilir?

– Bişirir, əlbəttə. Düzdür, bizim kişilərin ürəyinə yol mədəsindən keçir. Amma bilirsiz, ailənin xoşbəxtliyi üçün bunlar hamısı ikinci-üçüncü dərəcəli şeylərdir. Əsas şeylər var və mən xoşbəxtəm. Birincisi, biz islamdayıq. Bu, bizi bağlayan əsas meyardır. Sonra bir-birimizə olan əxlaqi cəhətlərimiz, diqqətimiz və sair var. Biz insanıq, qüsurlarımız ola bilər. Məndə də ola bilər, yoldaşımda da. Əsas odur bu qüsurları gözəl şəkildə keçə bilək. İnsan bu qüsurlarla da bir yerdə yaşasa, hətta haradasa xarakterində olan mənfi  xüsusiyyətləri tərgitməyi bacarmasa belə, yenə də özünü xoşbəxt hiss edə bilər. Mən deyə bilmərəm, yoldaşım ideal insandır, yaxud o deyə bilməz ki, mən idealam. Sadəcə olaraq, biz bir yerdə xoşbəxtik.

 

– Son vaxtlar sizi mətbuatda çox görmürük. Sənətlə bağlı hansı yenilikləriniz var?

– Mən fəaliyyət göstərməyə davam edirəm. “Şeron” qrupunun bədii rəhbəriyəm. Həm ansambl, həm orkestr heyətimiz var. Ümumilikdə haradasa 20 nəfərik. Fəaliyyət göstərdiyimiz yerlər kommersiya xarakteri daşımır. Yaxın adamların birinin toyu olur, hansısa şirkətin açılışı olur, yubileyi olur, oralarda fəaliyyət göstərdiyimizə görə biz çox işıqlandırılmırıq. Bundan başqa, son zamanlar film musiqiləri yazıram. İllərdir təklif edirdim, qəbul etmirdilər. Artıq 9 filmə musiqi yazmışam. Bir filmimizin kinoteatrlarda nümayişi başladı.

 

– Dediyiniz kimi, kifayət qədər geniş musiqi heyətiniz var. Bəs maddi təminatı necə həll edirsiniz?

– Maddiyyatı hamı kimi, hərə bir yerdən. Bizim musiqi ilə məşğul olmağımız peşəkar olmağına baxmayaraq, bir az qıraqdan hobbi kimi görünür. Amma bu, belə deyil təbii ki. Hazırda bizim kollektivimizdə çalışan insanlardan biri mediada, hansısa informasiya agentliyində, televiziyada çalışır, biri filmlərə çəkilir və sair. Hərənin hansısa ikinci bir fəaliyyəti də var. Baxmayaraq ki, əsl peşəmiz musiqidir…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir