tehsil

Universitetlərə qəbulun bu qədər əlçatan olmasının doğurduğu suallar

Baxış sayı: 559
Ötən həftə Dövlət İmtahan Mərkəzinin (DİM) 2022/2023-cü tədris ili üçün elan etdiyi Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri geniş əks-səda doğurdu. Ümumilikdə, ali məktəblərə qəbulun sənəd verənlərin 72 faizini təşkil etməsi, ixtisaslar üzrə keçid balının 150-dək enməsi haqlı olaraq sosial platformalarda ciddi müzakirə mövzusuna çevrildi. Aşağı keçid balı zəif oxuyan abituriyentlərin tələbə olmaq ümidlərini itirməməsinə rəvac versə də, ötən tədris illəri ilə müqayisədə təkcə təhsilin keyfiyyətinin kəskin aşağı düşməsi kimi dəyərləndirilmədi, həmçinin gələcəkdə peşəkar mütəxəssis qıtlığının yarana biləcəyi narahatlığını ifadə etdi.Təbii olaraq ali məktəblərə girişin bu qədər əlçatan olması çoxsaylı suallar ortaya çıxarıb. “Qəbul yerlərinin sayı azaldılmalıdırmı?”, “İxtisaslar üzrə keçid balları yüksək olmalıdırmı” və s. kimi suallara təhsil mütəxəssislərinin cavabları da haçalanır.

Bəzi ixtisaslar yenilənməlidir

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, daha çox əmək bazarının tələblərinə uyğun ixtisaslara üstünlük verilməlidir: “Hazırda “dəbdə” olan ixtisaslara axın daha çoxdur: “Digər ixtisaslar üçün seçimlər göstərilmir. Bəzi ixtisasların, həqiqətən, hazırkı iqtisadiyyatın və bazarın tələbatına uyğun şəkildə yenilənməsi istiqamətində addımlar atılmalıdır. Qəbul yerlərinin azaldılmasından çox, yeni ixtisasların yaradılması, dövrün çağırışlarına uyğun şəkildə kadr hazırlığının artırılması istiqamətində düşünməliyik”.

Millət vəkili hesab edir ki, hazırkı iqtisadiyyatın tələbi heç də sırf ali təhsilli mütəxəssislərin olması istiqamətində olmadığından, peşə məktəblərinin rolunun artırılması istiqamətində atılan addımlar da güclənməlidir: “Peşə məktəbləri bütün inkişaf etmiş ölkələrdə ali təhsil olmadan ara ixtisas baxımından mühüm əhəmiyyət kəsb edir. Qısa zaman ərzində həddən artıq yüksək peşəkarlıq tələb edən ara ixtisaslara yiyələnmiş mütəxəssislərin olması çox vacibdir. Məsələn, tibb texnikası, kənd təsərrüfatı texnikasının təmiri, İT və telekommunikasiya sahəsində peşə təhsilli mütəxəssislərə ehtiyac var. Bu baxımdan, peşə təhsilinin inkişafı, yeni peşə məktəblərinin yaradılması, mövcud peşə məktəblərinin modernizasiyası istiqamətində addımlar atmalıyıq”.

Minimumlar aşağıdır

Təhsil Nazirliyi yanında İctimai Şuranın (İŞ) üzvü Rüfət Əsədzadə ali məktəbə qəbulda kütləviliyi dövlətin siyasəti ilə əlaqələndirir:  “Dövlətin siyasəti elədir ki, hamının təhsil alması təmin olunsun. Qlobal variant isə tələb edir ki, universitetə giriş asan, məzun olmaq çətin olmalıdır. Yəni universitetə daxil olmaq hamının haqqı, universiteti qurtarmaq isə əziyyət çəkənin haqqı kimi dəyərləndirilməlidir. İndiki reallıqda isə bu variant bizdə olmadığına görə, keçid balının aşağı salınması birbaşa keyfiyyətə təsir edir. Minimumlar çox aşağıdır. Belə olan halda isə bu, keyfiyyətli kadr hazırlığına ciddi təsir göstərir”. Qəbul yerlərinin sayının azaldılmasına gəlincə, ekspert hesab edir ki, hansı ixtisaslara ehtiyac olması müzakirə olunmalıdır: “Əmək bazarında araşdırma zəif gedir. Gələcəkdə – 3-5 il sonra tələb olunacaq ixtisasların piarı aparılmır. Ona görə də o ixtisaslar ya açılmır, ya da açılsa belə, onların mütəxəssisi olmadığına görə keyfiyyət olaraq özünü doğrultmur. Qəbul sayının azaldılmasına mütləq tədqiqat nəticəsində qərar verilməlidir. Məsələn, əgər bu qədər müəllimə ehtiyac yoxdursa, daha perspektivli və tələb olunan ixtisaslara üstünlük verilməlidir”.

Ciddi həyəcan siqnalı

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, məzunların göstəricilərinin aşağı olması hər hansı bir narahatçılıq keçirmək üçün əsaslı səbəb deyil və bunu təhsilin keyfiyyətinin aşağı düşməsi ilə əlaqələndirmək də yanlışlıq olardı: “Təhsilin keyfiyyəti bir-iki ilin nəticələri ilə ölçülə bilməz. Məsələn, aşağı göstəricilər hansısa ildə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinin tətbiqi (açıq testlərə adaptasiya) ilə əlaqədar olubsa, hansısa ilin nəticələrində fiziki və psixoloji gərginliyə səbəb olan pandemiyanın fəsadları əsas səbəblərdən birinə çevrilib”. Ekspertin fikrincə, təhsilin keyfiyyətinin neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin 500-700 civarında bal toplaması ilə ölçülməsi düzgün deyil: “Hələ də qəbul edə bilmirik və ya qəbul etmək istəmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz. 2007-ci ildən üzü bu yana, demək olar ki, hər il ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan edilər-edilməz “Bu il 700 bal toplayan niyə olmadı?” sualı gündəmə gətirilir, müxtəlif izahlar və şərhlərlə geniş müzakirə obyektinə çevrilir. Digər tərəfdən, əgər yüksək bal keyfiyyət göstəricisidirsə, bu il və ötən illər ərzində xeyli sayda 500-dən yüksək bal toplayıb ali məktəbə qəbul olmayan və 100-150 arası bal toplayaraq ali məktəblərə qəbul olan abituriyentlər olub. Bununla belə, tam əminliklə demək olarmı ki, bu istiqamətdə işlərimiz mövcud şərtlərə və tələblərə uyğun aparılıb? Bir çox hallarda testlərin düzgün tərtib edilməməsi, məktəbdə tədris olunan fənn proqramları ilə uzlaşmaması, təhsilalanların dərsliklər üzrə deyil, daha çox test kitabçaları üzrə hazırlaşmaları, test tapşırıqlarına məktəbdə tədris olunmayan məntiqə dair sualların salınması və digər bu kimi subyektiv səbəblər biliyin obyektiv qiymətləndirilməsini nəinki təmin edə bilməyib, hətta çoxsaylı lüzumsuz apelyasiyalara səbəb olub. Bu da zaman-zaman müəyyən narazılıqlarla müşayiət olunub və bu günün özündə də müşayiət olunmaqdadır”.

Peşəkar peşə sahiblərinə ehtiyac

N.İsrafilovun fikrincə, istənilən halda, bu il ali məktəblərə qəbul imtahanında 31 893 nəfər abituriyentin 0-150 arası bal toplaması bizim üçün ciddi bir həyəcan siqnalıdır: “Çünki biz daim əsas diqqəti 500-700 ballıq yüksək göstəricilərə yönəltmişik. 0-150, hətta 200-300 ballıq göstəriciləri olanlar isə diqqətdən kənarda qalıb. Deməli, məsələlərə yanaşma tərzimiz dəyişməlidir. “Savadsızları” “zəiflər”, “zəifləri” “ortabablar”, “ortababları” isə “yaxşılar” sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik. Ali məktəblərə qəbul ayrı-ayrı universitetlərin plan yerlərini doldurmaq yox, tələb-təklif prinsipi əsasında həyata keçirilməlidir. Onsuz da ali məktəblərin və onların tələbə kontingentinin say tərkibi mümkün tələbatdan qat-qat artıqdır. Bu gün iqtisadiyyatımızın ehtiyacı işsiz ali təhsillilərdən daha çox peşəkar peşə sahiblərinədir”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir