cizgi filmi

Uşaqlarımızın dilini pozan əcnəbi cizgilər

Baxış sayı: 2. 008

Cizgi filmlər azyaşlıların həyatının bir hissəsini təşkil edir. Onlar həm maariflənmək, həm də xoş vaxt keçirmək üçün cizgi filmləri izləyir.

Mütəxəssislərə görə, cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Təəssüf ki, Azərbaycanda çəkilən cizgi filmlərinin sayı azdır. Çəkilən ekran işləri isə televiziyada yayımlanmır, kinoteatrlarda nümayiş olunmur. Əvvəllər rusların istehsal etdiyi cizgi filmlərə maraq böyük idi, indi isə uşaqlar Türkiyə telekanallarında yayımlanan cizgi filmlərini izləyir. Türkiyə türkcəsində izlənən cizgi filmlər uşaqların inkişaf etməkdə olan dil bacarıqlarına da təsir edir. Yeni dil açmağa başlayan azyaşlılar sözləri Azərbaycan dilində deyil, Türkiyə türkcəsində öyrənirlər.

cizgi filmi

Azərbaycanın yerli cizgi filmlərinin azlığına səbəb nədir? Onların yoxluğunun uşaqlarımıza hansı mənfi təsiri var?

Məsələ ilə bağlı danışan kinoşünas Aygün Aslanlı bunları dedi: “Azərbaycanda qəhrəmanları uşaqlar olan filmlər çəkilir. Amma onlar uşaq filmləri deyil. Uşaqlar üçün axırıncı dəfə 2015-ci ildə rejissorları Cavid Təvəkkül və Rafiq Əliyev olan “Dərs” filmi çəkilib. Bu, son illərdə Azərbaycanda uşaqlar üçün çəkilmiş yeganə film idi. Azərbaycanda uşaqlar üçün filmlər çəkilmir. O ki qaldı cizgi filmlərinə… Azərbaycanda bu işə son vaxtlara qədər kinostudiyanın nəzdində fəaliyyət göstərən “Azanfilm” studiyası məşğul olurdu. Studiya dövlət büdcəsindən maliyyələşir. Kinostudiyanın rəhbərliyindən soruşmaq lazımdı ki, dövlət onlara hər il pul ayırırdı, niyə ortaya diqqətəlayiq bir iş çıxmayıb? Bir ara demişdilər ki, “Cırtdan” nağılını müasir formada təqdim edəcəklər. Türklərin “Pepe”si, fransızların “Kayu”su tipli bir silsilə vəd eləmişdilər. Amma hələ ki, səs-soraq yoxdur. Hazırda ayrı-ayrı özəl studiyalar fəaliyyətə başlayıb. Onlar cizgi filmləri çəkirlər və sosial şəbəkələrdə yayımlayır. Ancaq sizin dediyiniz janrda, yəni məhz azyaşlı uşaqlar üçün nəzərdə tutulmuş maarifləndirici işlər hələlik yoxdur. Cizgi film baha başa gələn işdir. Telekanallar da ucuz disklər alaraq, internet portallardan cizgi filmlərini köçürərək, dublyaj etməyə üstünlük verirlər, çünki bu, elə də böyük maliyyə tələb etmir, həmçinin, müəlliflik hüququ tələb edən də yoxdur, istədiklərini edirlər. Yerli studiyalarla müqavilə bağlamaq, bir az artıq vəsait sərf eləmək istəmirlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir