muharibe usaq

Uşaqların hüquqlarını qoruya bilirikmi? – ARAŞDIRMA

Baxış sayı: 264

1 iyun Ümumdünya Uşaqlar Gününün qeyd edilməsinin tarixi keçmiş SSRİ ilə birbaşa bağlı olsa da, nədənsə bunu müasir dünyada BMT-nin addımı kimi qələmə verirlər. SSRİ-də 1949-cu ildən uşaq bayramı kimi qeyd edilməyə başlanan bu tarix həmin ilin iyunun 1-də keçirilən qadınların beynəlxalq konfrasında əhəmiyyətli günlər sırasına əlavə edildi. Elə həmin gündən sonra 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.

1959-cu il noyabrın 20-də BMT-də Uşaq Hüquqları Bəyannaməsi, 1989-cu ildə isə “Uşaq hüquqları haqqında” Konvensiya qəbul edilib. Hazırda 193 dövlət həmin konvensiyaya qoşulub. Yaxşı, bəs uşaqların hüquqlarının kobud şəkildə pozulduğu dünyada uşaqlar nə edir, nə yeyir, nə içir, nə geyinir?

 

Hər gün 10 min yetim – dəhşətlidir!

Beynəlxalq hesabatlara görə, dünyada hər gün 10 minə yaxın uşaq yetim qalır, o cümlədən valideyn himayəsindən məhrum qalan uşaqların ümumi sayı təxminən 140 milyondur. Təbii fəlakətlər, aclıq, epidemiyalar, münaqişələr, müharibələr və miqrasiya kimi böhranlar səbəbindən hər gün bu rəqəm daha da artır.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Beynəlxalq Əmək Təşkilatı (BƏT), Avropa İttifaqı, Qlobal Müsəlmanlara Yardım Təşkilatı (MGR) kimi beynəlxalq qurumlar və QHT-lərin hazırladığı hesabatlardan ümumiləşdirilmiş məlumatlara görə valideyn himayəsindən məhrum olan yüz minlərlə uşağın həyat təhlükəsizliyi, qidalanma, sığınacaq, təhsil və psixoloji ehtiyaclarını qarşılamaq üçün təcili yardıma ehtiyacı var. Dünya əhalisinin 2,2 milyardını təşkil edən uşaqların müxtəlif səbəblərdən müdafiəsiz qaldığı bildirilir.

usaq

Müsəlmanların “görünməz uşaqlar”ı

Humanitar və Sosial Araşdırmalar Mərkəzinin hesabatına görə, dünyada hər gün 10 min uşaq yoxsulluq və aclıq kimi səbəblərdən ölür. Ölənlərin əksəriyyəti yetim və kimsəsiz uşaqlardır. Yetim qalmağa ən böyük səbəb kimi göstərilən təbii fəlakətlərin son 20 ildə 750 min insanın həyatına səbəb olduğu, bu səbəbdən yüz minlərlə uşağın yetim və ya müdafiəsiz qaldığı vurğulanıb. Bu itkilərin 80 faizinin müsəlman ölkələrində baş verdiyi bildirilib.

Qlobal Müsəlmanlara Yardım Təşkilatının “Bizim Yetimlərimiz” hesabatına əsasən, dünyanın müxtəlif yerlərində heç vaxt qeydiyyatda olmayan və ya valideynləri ölən zaman qohumlarının onlara qulluq göstərdiyi üçün yetim kimi müəyyən edilməyən çoxlu yetimlər var. “Görünməz uşaqlar” adlanan bu vəziyyətdə olan yetimlər də hazırlanan siyahıya əlavə olunduqda dünyada yetimlərin real sayının 400 milyona çatacağı təxmin edilir.

 

Təkcə HİV virusu 13 milyon uşağı yetim qoyub

Beynəlxalq Səhiyyə İdarəetmə Birlikləri Təşkilatının araşdırmasına görə, Afrika qitəsində ən çox kimsəsiz uşaq Nigeriyadadır, burada 17,5 milyon yetim uşaq var. Təkcə 2,5 milyon uşaq valideynlərini HİV xəstəliyindən itirdiyinə görə yetim qalıb.

6 milyon yetim uşağı olan Efiopiyada HİV epidemiyasının 14 yaşından kiçik uşaqların yüzdə 44-nün yetim qalmasına səbəb olduğu bildirilir. Uqandada 2,9 milyon uşaq, Syerra-Leonedə 310 min uşaq, Keniyada isə 1 milyon uşaq bu xəstəlik səbəbindən valideynlərini itirib. Dünyada HİV virusu ilə yetim qalan uşaqların sayı 13 milyonu ötüb.

usaq

 

300 min uşaq əsgər!

UNICEF-in məlumatına görə, bu gün 30-dan çox ölkədə təxminən 300 min uşaq əsgər döyüşür. Uşaq əsgərlər, silahlı qruplarda yemək bişirmək, məlumat ötürmək, casusluq etmək, bomba hazırlamaq, mina qoymaq kimi bir çox vəzifəni yerinə yetirir. Bəzi hallarda intiharçı və ya hətta seks köləsi kimi istifadə olunur. Onlar ağlasığmaz vəhşiliklərdə iştirak edir və ya bu vəhşiliyə şahid olurlar. BMT-nin məlumatına görə, uşaq əsgərlərdən ən çox istifadə edən ölkələr arasında Mozambik, Konqo, Myanma, Somali, Sierra Lione, Hindistan, Nigeriya, Pakistan, Əfqanıstan, Filippin, Tayland, Cənubi Sudan, Surinam, Mərkəzi Afrika və Liberiya var. Beynəlxalq hesabatlarda əks olunan məlumatlara görə, BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya etmiş bu ölkələr qaçqın uşaqları hədəfə çevirir.

Transmilli terror təşkilatları texnologiyanın dəstəyi ilə təbliğatlarını bir çox ölkəyə yaymağı bacarır. Bu təşkilatlar müharibə, qarşıdurma, aclıq, səfalət, təbii fəlakət səbəbi ilə ölkəsindən və ailəsindən uzaq düşmüş uşaqlara çox böyük təzyiq göstərirlər.

muharibe

Dünyada 200 mindən çox uşaq işçi

Müharibə və daxili qarşıdurmalar yetimlərin sayını artıran səbəblər sırasındadır. Bu vəziyyətin yaratdığı kütləvi miqrasiya axını ilə müşayiət olunmadan didərgin düşən uşaqlar müxtəlif cinayətkar təşkilatların tələsinə düşürlər. Uşaqları gözləyən təhlükələr arasında ağır əmək, uşaq döyüşçülər, orqan və fahişəlik mafiyası ön plandadır.

Beynəlxalq Əmək Təşkilatının “Uşaq Əməyi” hesabatına görə, dünyada 5-17 yaş arasında ən azı 218 milyon uşaq işçi var və onlardan ən azı 73 milyonu təhlükəli işlərdə çalışır. Son 10 ildə dünyada 2 milyondan çox uşaq münaqişələr nəticəsində həlak olub, 1 milyondan çoxu yetim qalıb, 6 milyondan çox uşaq ağır yaralanıb və qalan ömrünü əlilliklə davam etdirməli olub.

Kimsəsiz qalan uşaqlar hələ də Əfqanıstan, Suriya, Pakistan, Afrika və Yaxın Şərq ölkələrindən qaçaraq başqa gedirlər. Getdikləri ölkələrdə immiqrant uşaqlar müxtəlif qruplar tərəfindən qeyri-qanuni məqsədlər üçün istismar edilir.

USAQ

Avropa uşaqların məzarına çevrilir

Avropa İttifaqı Polis Xidməti hələ 2016-cı ildə əksəriyyəti Suriya və Əfqanıstandan olan 63 min qaçqın uşağın Avropaya gəldiyini və onlardan 10 minə yaxınının Avropada itdiyini açıqlamışdı. İtkin uşaqlarla bağlı 26 ölkədə fəaliyyət göstərən “Avropada itkin uşaqlar” adlı beynəlxalq QHT-nin məlumatlarına görə, 2014-2017-ci illər arasında qitədə itkin düşən qaçqın uşaqların sayı 30 min olub. QHT-nin məlumatına görə son 5 ildə xüsusilə Əfqanıstan, Suriya və Eritreyadan 200 min kimsəsiz uşaq Avropaya gəlib. Bu uşaqların 700 nəfəri Avropaya gedən yolda həlak olub.

2019-2021-ci illərdə dünyada 18 min 291 uşaq itkin düşüb. Bu rəqəmlərin ailələrin hüquq-mühafizə orqanlarına xəbərdarlıqları əsasında aparılan qeydlərə əsaslandığını nəzərə alsaq, bildirilməyən və qeydiyyatı olmayan çoxlu sayda kimsəsiz uşaq olduğunu təxmin edə bilərik.

Dünyanın hər yerində zülmə məruz qalan, döyülən, işgəncə görən, istismar edilən uşaqlar var. Dünyanın hər yerində uşaqlar təmizdir, safdır, günahsızdır. Dünyanın hər yerində uşaqlar öləndə, öldürüləndə, ac qalanda, istismar ediləndə insanlığa “tfu!” edirlər səssizcə. Üsyan edə bilmirlər, müqavimət göstərə bilmirlər, özlərini qoruya bilmirlər. Hər gün daha da vəhşiləşən dünyaya etirazları da səssiz olur.

 

Lalə Mehralı

PS: Suriya müharibəsi, 2014-cü il. Bombardmandan yaralı çıxarılmış 3-4 yaşlarında körpə oğlan uşağının son nəfəsində “Mən sizdən Allaha şikayət edəcəm, hər şeyi ona danışacam” deyib can verməsi dünyanın üzünə tüpürmək demək deyildimi?

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir