BOSANMA

Valideynləri boşanmış uşaqları boşanmanın təsirlərindən necə qorumalı?

Baxış sayı: 696

Adətən ailədə boşanma baş verirsə, bu proses hər iki tərəf üçün çətinliklər yaradır. Amma boşanan ailədə uşaq varsa, ən çox zərbə altında qalan məhz azyaşlılar olur. Ailənin düzəninin pozulması böyüklərdən çox uşaqlara təsir etdiyindən, onlara qarşı cəmiyyətdə münasibət də birmənalı olmur. Həmyaşıdları tərəfindən atası yaxud anası olmadığına görə, kinayəli atmacalara məruz qalan uşaqlar hələ kiçik yaşlarından psixoloji zədə almış olurlar. Ailə dağıldıqdan sonra tərəflərin bir-birinə olan kin-küdurətinin qurbanı da elə məhz uşaqlar olur. Boşanan tərəflər əksər hallarda biri-birilərinə olan hirs və acıqlarını uşaqları alət etməklə çıxartmağa üstünlük verirlər. Məhkəmə qətnaməsi ilə uşaq anadadırsa, atanın uşaqla görüşünə süni maneələr yaradılır, uşaq atada olduqda isə hər vəchlə anadan gizlədilir. Bu kimi hallar isə, sözsüz ki, ən böyük zərbəni uşaq psixologiyasına vurur. Gülüşü üzündə donan bu körpələr aldıqları travmanın əziyyətini böyüdükdən sonra da çəkirlər. Bəs görəsən uşaqlı ailələrdə boşanma zamanı bu məsələ necə tənzimlənməlidir? Uşaqları böyüklərin intriqasının, eqosunun qurbanı olmaqdan qorumaq üsulları hansılardır?

lacin M

Mövzuya dair fikirlərini bildirən psixoloq Laçın Məhərrəm bunları dedi:”Aparılan araşdırmalar uşaqların boşanma öncəsindən başlayaraq, boşanma müddəti və sonrasında bir çox mənfi vəziyyətlə üz-üzə qaldıqlarını ortaya çıxarır. Uşaqlarda ana-ata ayrılığının yaratdığı stress, ümumilikdə ayrılığın sonrakı ilk günlərində deyil, daha sonrakı vaxtlarda da, ortaya çıxar hətta bu travma illər sonra da davam edə bilər. Boşanmadan öncəki və sonrakı qalmaqalların uşaqlara necə mənfi təsir göstərdiyini belə bir statistikada görə bilərik: 37,7 % uşaqda irəliləyiş azalır; 19,6 % evdə intizam azalır; 17,4 % xüsusi diqqəti tələb edirlər; 8,7 % evdən qaçırlar; 6,5 % dostlarla münaqişələr yaranır. Uşaqlar üçün – boşanma bir qəzadır, təhlükəsizliyin və sevginin itməsidir. Kiçik yaşda olan uşaqlardan daha çox yeniyetmələri valideynlərin boşanması kəskin narahat edir. Təxminən valideynlərin boşanmasından bir il sonra bütün problemlər hamarlanır və uşağın emosional vəziyyəti bərpa olunmağa başlayır. Bu yalnız bir şərtlə mümkündür ki, əgər uşaq valideynlərin sevgisini, öz əhəmiyyətini, təhlükəsizliyi hiss edirsə və o tək deyil.”

Qumru Eyvazova

Məsələyə “Gencaile.az” üçün münasibət bildirən Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova aşağıdakıları dedi:” Dövrümüzün ən aktual problemlərindən biri, boşandıqdan sonra uşaqla ünsiyyətdə tərəflər arasında yaranmış anlaşılmazlıqlardır. Belə ki, uşaq ana tərəfdə qalanda, ana uşağın ataya göstərilməsində və onunla ünsiyyətinə maneələr törədir və bu halda nəinki valideynlərin, həmçinin uşağın da psixologiyasına təsir göstərir. Belə halların baş verməməsi üçün, narazı olan tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edir və uşaqla həftəlik görüş günləri və saatlarının məhkəmə tərəfindən müəyyən edilməsini xahiş edir. Məhkəmənin qətnaməsi əsasında icra mərhələsində uşaq kimin himayəsindədirsə, o şəxs, qətnamədə göstərilən saatlarda uşağı qarşı tərəfə verməyə borcludur. Uşağı göstərmədiyi təqdirdə isə, iddiaçı tərəfin ixtiyarı var ki, icra şöbəsinə müraciət edərək qətnamənin icrasını və iddiaçının inzibati qaydada  cəzalanmasını tələb etsin. Çox vaxt icra şöbələri tərəfindən könüllü olaraq tərəfə təklif edilir ki, uşağı psixoloji mərkəzlərə aparsın və müəyyən müddətə psixoloji dərslərə yazdırsın. Bu halda, qarşı tərəf, yəni uşağı himayəsində saxlayan tərəf narazı olduqda, bu məsələ məcburi şəkildə icraya yönəldilir. Uşağın psixoloji travma yaşamaması üçün, bu addım onun qarşısının alınmasında bir yardımçı üsuldur. Lakin hər bir halda, valideynlər arasında yaranmış uşaq görüşləri ilə bağlı problemlər sivil yolla həll oluna bilmirsə, nə cür prosedurlar olsa belə, yenə də, bu hallar uşağın yaddaşında ömürlük qalacaq və onun bir fərd kimi formalaşmasına mənfi təsir göstərəcək.”

mehriban nesib

Sosioloq Mehriban Nəsib isə mövzuyla bağlı aşağıdakıları bildirdi: “Boşanma bəzən ailələr üçün xilas yolu olsa da, əksər hallarda böyük faciədir. Bu faciəni böyüklər bir cür, uşaqlar isə başqa cür yaşayır və ən böyük travmanı da uşaqlar alırlar. Təbiidir ki, boşanan tərəflər bir-birlərini günahlandırır və bu hal uşaqlarda dərin təsir qoyur. Bəs ailədə belə hal baş verirsə, uşaqları bu faciədən və travmadan necə qorumalı?! Hər şeydə öncə, valideyn özü ruh halını yaxşılaşdırmalıdır, yəni başqa sozlə desək, özü “sağalmalıdır”. Sonra öz keçmiş həyat yoldaşı ilə konfliktləri minimuma endirməli, digər tərəflə sülh münasibətləri yaratmalı və bir-birləri haqqında hörmətlə danışmalıdırlar. Eyni zamanda görüşdükləri zaman da neqativ münasibətlərini kontrol etməli və bir-birləri ilə sağlam münsibətdə olmalıdırlar. Bundan başqa, valideynlər uşaqlarına boşanma haqqında məlumat verməlidirlər. Bəzən boşanmalar ailədə faciə yox, sağlam münsibətlərə yol açır və uşaqları dəhşətli ailə facilərindən qoruyur. Valideynlərində yuxarıda dediyimiz müsbət halları müşahidə edən uşaqlar da boşanma periodunu və travmasını digər – valideynləri pis münasibətdə olan – uşaqlara nisbətən daha yaxşı keçirirlər və mental olaraq mohkəm və sağlam olurlar.”

 

Təqdim etdi: FATEH




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir