xeyanet

Xəyanətdə ifşa edilən gəlinlər, şərəfsiz gədələr…

Baxış sayı: 2. 405

Son vaxtlar telefon və internet vasitəsilə xəyanətdə ifşa edilən gəlinlərin (bəzən də ərlərin) hesabına ailələrin dağılması faktları artıb. Özümə borc bilirəm ki, artıq çox böyük sosial bəlaya çevrilən bu hal barədə cəmiyyətimizə səslənim, xüsusilə də, doğru hesab etdiklərimi qız-gəlinlərimizə çatdırım.

Faktlar göstərir ki, hətta iki-üç ayın gəlini də telefon və ya internet vasitəsilə, əvvəl, sadəcə, söhbətə cəlb edilir, sonradan şantaj edilərək yoldan çıxarılır və nəticədə ifşa olunaraq həyatı alt-üst olur.

Təbii ki, söhbət qanında əxlaqsızlıq olanlardan getmir.

Proses belə baş verir.

Əvvəl, telefona “təsadüfi” zəng və ya sosial şəbəkə vasitəsilə mesaj gəlir. Sonradan bu “təsadüf”lər, mesajlar təkrarlanır. Xislətən gizliliyə meyilli yaradılan insanda, istər qız olsun, istər gəlin, istər ər, yaxud da 5 uşağın anası olsun, birinci mərhələdə bu “təsadüfi” zənglərə, mesajlara əyləncə kimi baxılır.

İlk səhv addım atılır.

Bu “əyləncə” prosesində qarşı tərəfin təhriki və yönləndirməsi ilə müəyyən şəkillər, videolar, şəxsi-intim məlumatlar paylaşılır.

Bir azdan prosesin ikinci: şantaj mərhələsi başlanır. Qarşı tərəf onda olan məlumatları internetdə yayacağı, qız-gəlinin atasına, ərinə göndərəcəyi hədəsilə şəxsi görüş tələb edir.
İkinci ən böyük səhv buraxılır.

Düşdüyü vəziyyət barədə ərinə, qardaşına, atasına və ya polisə məlumat vermək əvəzinə, şantaja tabe olaraq görüşə çıxırlar. Bu görüş də onların son və həlledici səhvlərindən olur. Qarşı tərəf bu görüşü videoya alaraq şantajı davam etdirir.

Şantaja məruz qalanlar çıxış yolunu tələblərin yerinə yetirilməsində görərək, “bataqlıq evvekti”nin qurbanı olurlar: çabaladıqca daha çox batırlar.

Qadınların, qız-gəlinlərimizin, ərlərin, qardaşların və ataların nəzərinə: unutmayın, biz hamımız nə vaxtsa belə “əyləncə”lərimizin, maraqlarımızın qurbanı ola bilərik. Heç kim səhv etməkdən sığortalanmayıb.

Əvvəla, çalışın ki, belə “təsadüfi” zənglərə və mesajlara cavab verməyəsiniz və ya bu barədə dərhal yaxınlarınıza, polis orqanlarına xəbər verəsiniz.

İkincisi, şantaj olunduğunuzu görəndə, heç tərəddüd etmədən, o vaxtadək buraxdığınız səhvə (danışıq və yazışmalar) görə yaxınlarınızdan üzr istəmək, bağışlanmaq diləməklə, şantajçının ifşa edilməsinə çalışasınız. Ən doğru olanı budur.

Bu mərhələdə bağışlanmaq, xilas olmaq ehtimalınız daha çoxdur, nəinki açıq əxlaqsızlıqda ifşa edilmənizdən sonra.

Cəmiyyətimiz belə namussuz gədələri ifşa edərək onlardan xilas olmalı, təcrübəsizlik üzündən səhv buraxan qız-gəlinlərimizi, ailələrimizi xilas etməlidir.

Vəkil Qurban Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir