istanbul

Xəyallar dünyasına real səyahət – REPORTAJ

Baxış sayı: 749

Ötən il İstanbulun işğaldan azad olunduğu gün – 6 oktyabrda şəhərdəki  Gülhanə Parkında Türkiyənin şöhrətli şairi Sunay Akınla görüşmüşdük. Sunay bəy həmin görüş zamanı məni yaradıcısı və rəhbəri olduğu İstanbul Oyuncaq Muzeyinə dəvət etdi. Sunay Akının müsahibə zamanı bu muzey barədə maraqlı fikirləri isə hələ də yaddaşımdadır: “90-cı illərin əvvəlində Almaniyada Oyuncaq muzeyində oldum. Səhər muzeyə girdim, bir də onda ayıldım ki, muzeyin əməkdaşı “muzey bağlanır” deyə mənə xəbərdarlıq edir.  Orada anladım ki, oyuncaqların tarixi xəyalların tarixidir, insan əvvəlcə xəyal edib, sonra onları reallığa çevrilib. Böyük kəşflər əvvəlcə uşaqların əllərində olub, sonra böyüklərin həyatında. Kitablarımın qonorarı və aktyor kimi qazandığım pullar hesabına kolleksiyaçılardan muzeydəki oyuncaqları min bir zülmlə alıb ailəmə aid imarətdə belə bir muzey yaratdım. Mən o əqidədəyəm ki, bir ölkənin gələcəyi siyasətçilərin sözlərində yox, uşaqların xəyallarındadır”.Dəvəti məmnuniyyətlə qəbul edib səhəri gün muzeyi ziyarət etmək üçün Göztəpəyə yollandım.

Oyuncaqların dili ilə dünya tarixini görmək

Muzey İstanbulda Göztəpə, Ömerpaşada Dr. Zeki Zeren küçəsi No:17-də yerləşir. Muzeyin əməkdaşı Aslı Nuhoğlu məni mehribanlıqla qarşıladı. Muzeyin ilk otağında dəmir pul kəsən cihaz var, bir neçə türk lirəsi pul atandan sonra həmin cihazın əlcəyini fırladaraq pul kəsmək olur. Bu xatirə pulun üstünə “İstanbul Oyuncaq Muzeyi” sözləri yazılıb. Muzeydən xatirə olsun deyə belə bir ideyanı həyata keçirirlər.

İstanbul Oyuncaq Muzeyi 2005-ci ilin 23 aprel tarixində yaradılıb. Beşmərtəbəli imarətdə yerləşən bu muzeyin üç mərtəbəsi eksponatlardan ibarətdir, bir mərtəbədə kafe, bir mərtəbədə isə dənizaltı tunel effekti doğuran ərazi var. Muzeydə müxtəlif  otaq və guşələr var: “Yanğınsöndürmə”, “Qızıldərililər”, “Vəhşi Qərb”, “Qatar”, “Müharibə otağı”, “Rabitə”, “Səhhət”, “Din”, “Gəlincik evi”  və s… Bu otaqlar və guşələrdə oyuncaqların dili ilə dünya tarixini görmək mümkündür. Sanki oyuncaqların tarixi həm də dünyanın tarixidir… Burada dünyanın onlarla ölkəsinə aid oyuncaqlar var…

Fatmanın uşaqları qorxutmayan oyuncaqları

Girişdə Türkiyəyə aid oyuncaqlar qoyulub. Bu oyuncaqlar yoxdan var edilib, məsələn, süpürgədən gəlinlik, yaxud taxtadan tısbağalar düzəldilib. Uşaqlar, əksərən qapı ağzında oynadığına görə, bu effekti yaratmaq üçün ayrıca qapı da hazırlanıb.  Burada müxtəlif dövrlərə aid şəkər qəlibləri də nümayiş etdirilir.

Muzeyin maraqlı bölməsindən biri də “Fatma İnan oyuncaqları” bölməsidir. F.İnanın uşağının ad günündə ona oyuncaq bağışlayırlar, amma uşaq oyuncaqdan qorxub və bundan sonra qərara gəlib ki, uşaqların qorxmayacağı oyuncaqlar hazırlasın. Beləcə, o çoxsaylı oyuncaqlar düzəldir və onlar Türkiyədə satılıb.

37 il sonra tapılan oyuncaq

Burada diqqət çəkən oyuncaqlardan biri “Neptune” gəmisidir. Bu gəminin xüsusi tarixçəsi var. Belə ki, Sunay Akın 5 yaşında sünnət olarkən onu fotoqrafın yanına aparırlar ki, şəkil çəkdirsin. Fotoqraf balaca Sunaya gəmi verir. Amma balacanın üzü gülmür, çünki bilir ki, bu gəmini şəkil çəkəndən sonra onun əlindən alacaqlar. O hadisədən 37 il sonra Almaniyada Sunay bəy həmin “Neptune” markalı gəmini tapır və muzeyin eksponatları arasına daxil edir. Muzeyin ilk eksponatı 1930-cu ildə Almaniyada düzəldilmiş taxta atdır.

 

Ruzveltin “balaca ayı”sı

İndi isə bir neçə tarixçəsi olan oyuncaqdan danışaq. ABŞ-ın prezidenti Teodr Ruzvelt 1902-ci ildə ayı ovuna çıxır. Onun ətrafındakı adamlar siyasətçinin kefini durultmaq üçün balaca bir ayını ağaca bağlayırlar ki, prezident vursun. Ruzvelt isə heyvanı açıb buraxır. Bu hadisə ABŞ-da böyük hay-küy yaradır. Morris və Rose Mitchum adlı oyuncaq ustaları “Balaca ayı” adlı oyuncaq hazırlayıb prezidentdən xahiş edirlər ki, adının qısaldılmış formasını bu oyuncağa versin. Nəticədə “Teddy Bear” adlı oyuncaq bütün dünyada məşhurlaşır. 1912-ci ildə “Titanik” gəmisi batır, həlak olanların xatirəsinə ehtiram məqsədi ilə 1912 ədəd “Black Teddy Bear” adlı oyuncaq xüsusi olaraq hazırlanır. Muzeydə həmin oyuncaqlardan biri yer alıb.

Çarli Çaplinin oyuncağı

Burada Pişik Felik oyuncağı var. O, 1919-cu ildə ilk dəfə nümayiş olunan ilk cizgi filmi qəhrəmanıdır. Bu pişiyin adı şans mənasını verdiyinə görə, 20 may 1927-ci ildə Atlantik okeanını keçən ilk pilot Çarlis Lindberqin onu özü ilə götürüb. Yuri Qaqarinin uçduğu peykin maketi, məşhur it laykanın, Pelenin topu, Çarli Çaplinin oyuncağı və sair kimi diqqət çəkən oyuncaqlar var. Çarli Çaplinin dostları məktəb tikmək istəyiblər, məşhur aktyor deyib  ki, mənim oyuncağımı hazırlayıblar, onu hərraca çıxarıb sataq və o pulla məktəb tikilsin. Belə də olub. İndi həmin oyuncaq İstanbul Oyuncaq Muzeyindədir, belə ki, Sunay Akının amerikalı dostu onu böyük məbləğə alaraq bu muzeyə bağışlayıb.

Kədər yaradan “Oyuncaq evlər” bölməsi

Zamanında taxta oyuncaqlar təhlükəli olduğuna görə plastik oyuncaqlara üstünlük verilib, indi isə yenidən taxta oyuncaqlara qayıdış var. Çünki plastik oyuncaqlar kimyəvi baxımdan təhlükəli sayılır. Muzeydə ən kədərli bölmələrdən biri də “Oyuncaq evlər” bölməsidir. Çünki bu bölmədəki oyuncaqlar əksər hallarda zəngin ailələrin uşaqlarına aid olub. Kasıb ailələrin uşaqları belə bahalı oyuncaqları heç zaman ala bilməyiblər… Bu gün də kasıb ailələrin uşaqlarının “PlayStation” arzusunu, o istəyin əlçatmazlığını görəndə anlayırsan ki, dünyada mahiyyətcə çox şey dəyişmir, başqalaşan ancaq formalardır…

 

Fərid Hüseyn




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir