geyim

Xanımlar bu yay necə geyinsin?

Baxış sayı: 600

Hər mövsüm modaya xüsusi yeniliklər gəlir. Bununla yanaşı qadınlar da özünəməxsus imic yaratmaq üçün bir çox maraqlı fikirlər tapır. Beləliklə, bu yayın trendlərini təqdim edirik.

Məşhur moda evlərin dizaynerlərinin hər il qadınlar üçün təşkil etdikləri paltarların fərqli xüsusiyyətləri olur. Bu il yayın trendləri  əsasən yüngül və axan parçalardan olan paltarlar, qıvrımlar və fırfırlar, axan xətlər, səssiz və sadə tonlarda olan geyimlərdir.

 

Asimmetrik geyimlər

Sinəsi asimmetrik  və böyük düymələri olan donlar bu mövsümün ən trend paltarlarından biri olacaq. Bir az qaralmış dəridə narıncı və qırmızı rəngli libaslar çox gözəl görünəcək.

 

Midi donlar

Midi donların romantik görüntüsünə aşiq olmamaq əldə deyil. Hündür və ya qısa olsanız belə bu donlar eyni effekti yaratmağa imkan verəcəkdir. Eyni zamanda belə donların bel hissəsinin iplə bağlandığı modelləri də əyninizdə zəriflik yaradacaqdır.

 

Qırçınlı donlar 

Keçən mövsümdən bəri damalı donları görməyə öyrəşmişik. Bu yay da belə geyimlər üzərində incə detallar olan, yəni fırfırlar ilə birlikdə yayın isti günlərində sizi daha da gözəlləşdirəcək. Bu geyimlər sizdə həm idman, həm də klassik görünüm yaradacaq.

 

Açıq çiyinli geyimlər 

Çiyinlərinizə güvənirsinizsə belə paltarlar bu yay sizin ən sevdiyiniz geyim olacaq. Bu paltarlar sizi həm seksi göstərəcək, bir o qədər də rahatlığınızı təmin edəcək. Bu yayın ən trend modellərdən biridir.

 

Maksi donlar 

Maksi donlar əsasən uzun boylu qadınlarda daha havalı görünür. Bu paltar dəniz kənarı üçün əla seçimdir. Açıq rəngli və sadə  naxışlı modelləri daha çox sevilir və geyilir.

 

Ağ rəngli paltarlar 

Bildiyimiz kimi yayın rəngi dedikdə ilk ağıla ağ rəng gəlir. Ağ rəngli don, ətək, şort bu fəslin ayrılmaz hissəsi olacaq. Çox vaxt çəkili xanımlar ağ rəngdən uzaq durur. Ancaq bu düzgün deyil. Hər kəs istənilən bədən ölçüsü ilə ağ rəngdə geyinə bilər. Xüsusilə, ağ rəngli qalstuk modellər belinizi incə göstərmək üçün çox yaxşı seçim olacaq. Bunlarla yanaşı bu yay monoxrom stil, iri, qat-qat qolbaq və boyunbağı zəncirlər, bir-birini tamamlayan dizaynda olan fərqli taylı sırğalar, bir-birinə keçmiş fiqur-halqalar, uzun, parlaq qaşlı, əzilmiş metallı sırğalar trenddir.

Modelyer Nigar Həmzəyevanın dediyinə görə, yay fəslində ən uyğun geyimlər, şifondan və tüldən tikilmiş enli ətəklər, paltar, enli şalvar olacaq.

“Ağ, qırmızı, qəhvəyi tonlar bu yay dəbdə olacaq. Geyimlərdə qat-qat hissələr,  krujeva, ümumiyyətlə, asimmetriya bütün geyimlərdə üstünlük təşkil edəcək. Bundan başqa dekoltelərin və yırtıq geyimlərin xanımları daha cəzbedici göstərəcəyi istisna deyil”.

 

Sevinc Nurəddinova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir