bosanma

Boşanma ərəfəsində olan valideynlər və boşanma ərəfəsində olan uşaqlar

Baxış sayı: 662

Hər evlilikdə problemlər ola bilər. Ancaq bu problemlər bəzən ən yüksək səviyyəyə çatır və təbii olaraq tərəflərin bir-birinə zərər verməsinə səbəb olur. Hətta bəzən belə hallarda valideynlər təkcə özlərinə yox, uşaqlarına da zərər verməyə başlayırlar. Bəzi valideynlər evliliklərini uşaqlarına görə davam etdirdiklərini bildirirlər, ancaq uşaqlarını mütəmadi olaraq gərginlik altında saxladıqlarını unudurlar.

Təbii ki, bir evliliyi sona çatdırmaq həm tərəflər, həm də uşaqlar üçün çox çətindir. Ancaq mütəmadi zorakılıq olan (istər mənəvi, istərsə də fiziki) bir evdə yaşamaq daha çətindir. Buna görə də, bütün baş verənlərə baxmayaraq işə evliliyi bərpa etmək cəhdlərindən başlamaq lazımdır. Hətta lazım gəlsə, bu məsələdə bir ailə mütəxəssisinə müraciət etmək də çox vacibdir. Əgər bütün bunlara baxmayaraq boşanma qərarı verilmişsə, onda uşaqlarla münasibətdə çox həssas davranmaq lazımdır. Ən azı ona görə ki, boşanma tərəflərin “həyat yoldaşı” rolu ilə bağlıdır, “ata” və ya “ana” rolu ilə yox. Və ya başqa sözlə, siz həyat yoldaşı kimi boşana bilərsiniz, uşağınızın atası və ya anası kimi yox.

bosanma

Digər tərəfdən, uşağınızla münasibətdə onun yaşını da nəzərə almalı və münasibətinizi buna görə nizamlamalısınız. Bu məsələdə lazım gəlsə, bir mütəxəssisdən də məsləhət ala və uşağınızın istər yaşına, istərsə də xarakterinə uyğun strategiya müəyyən edə bilərsiniz. Əgər uşağınızın yaşı 6-dan çoxdursa, onunla boşanma barədə danışmaqdan qorxmayın. Ancaq uşağınıza nə üçün boşandığınızı (təbii ki, onun başa düşəcəyi şəkildə) izah etməyi də unutmayın. Digər tərəfdən, əgər uşağınızın bu məsələ ilə bağlı fikirləri varsa, laqeyd qalmamalı və qiymətləndirməlisiniz. Məktəbəqədər yaşda olan uşağınıza da eyni şəkildə həyat yoldaşınızla bir yerdə yaşamayacağınızı, ancaq vaxtaşırı görüşəcəyinizi izah etməlisiniz. Boşanma qərarı uşağa hər iki valideyn tərəfindən bildirilməlidir. Ancaq bir məsələ də var ki, boşanma ərəfəsində heç vaxt uşağınıza həyat yoldaşınızla aranızdakı sevginin bitdiyini deməməlisiniz. Bu məsələdə üstünlüyü daha çox “qarşılıqlı hörmət”, “qarşılıqlı ünsiyyət” kimi keyfiyyətlərə verməlisiniz.

Bundan başqa, boşanma ərəfəsində uşağınızın bütün suallarına cavab verməlisiniz. Uşağınıza boşandıqdan sonra nə baş verəcəyini və gələcəkdə onu nə gözləyəcəyini izah etməyi də unutmamalısınız. Əks halda, uşağınız həmişə gələcəklə bağlı qayğı içərisində olacaq və mütəmadi olaraq gərginlik keçirəcək. Digər tərəfdən, uşağınıza hər iki valideynini də görə biləcəyini bildirməlisiniz. Boşandıqdan sonra tərəflər bir-biriləri haqqındakı mənfi hiss və ya düşüncələrini uşaqlarına əks etdirməməlidirlər. Hətta bu məsələ ilə bağlı ailənin digər üzvləri də xəbərdar edilməlidirlər. Bundan başqa, valideynlər (xüsusilə də, məktəbəqədər yaşda olan uşaqları üçün) vaxtaşırı bir araya gəlməlidirlər. Uşaqlarının əlamətdar günləri hər iki valideyn tərəfindən qeyd edilməli və bu günlərdə hər iki valideyn uşaqlarının yanında olmalıdır. Uşaqları ilə bağlı problemləri də valideynlər bir yerdə həll etməlidirlər.

bosanma

Bununla yanaşı, uşaqda müxtəlif reaksiyalar da müşahidə etmək olar. Məsələn, uşağınız məsələyə bəzən çox ciddı reaksiya verə, bəzən də heç bir şey olmamış kimi hərəkət edə bilər. Bəzən isə valideynlərdən birinə qarşı düşmən mövqe tuta bilər. Belə vəziyyətlərdə bir mütəxəssisdən kömək istəməli və uşağınızın hisslərini öyrənməlisiniz.

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir