Ayten Memmedova

Uşaqların bağçaya adaptasiyasını necə tənzimləməli?

Baxış sayı: 1. 062

Məktəbəqədər yaş dövrü (3-6 yaş) uşaqların inkişafında xüsusi və önəmli mərhələdir. Çünki körpəlikdən erkən məktəbəqədərki dövrə qədəm qoyan 3 yaşlı uşaq ilk dəfə “mən”inin fərqinə varır. Ümumiyyətlə, məktəbəqədər yaş dövrü fiziki və psixi inkişafın yüksək intensivliyi ilə səciyyələnir. Bu yaşda uşaqlarda intellektual, əxlaqi-iradi və emosional sahənin sürətli inkişafı baş verir. Onlarda öyrənməyə maraq, müşahidə qabiliyyəti artır, təfəkkür, qavrayış, iradə, nitqsürətlə inkişaf edir, uşaqlar sosial davranış qaydalarına yiyələnməyə başlayırlar.

Digər bir tərəfdən şəxsiyyətin hərtərəfli inkişafı onu əhatə edən mühitdən – ailə, bağça, məktəb, aldığı təhsil və s. bilavasitə asılıdır. Bağçanın ömrümüzdə ilk təhsil müəssisəsi olduğunu, həmçinin müasir həyat şərtlərini də nəzərə alsaq onun uşaqların həyatındakı əhəmiyyəti daha da artmış olur. Tədqiqatlar göstərir ki, bağçaya gedən uşaqlar getməyənlərlə müqayisədə bioloji, psixoloji və sosial baxımdan daha yaxşı inkişaf edir, aktiv, özgüvənli, müstəqil olur, kollektivdə birgə fəaliyyət, paylaşmaq kimi xüsusiyyətləri öyrənir, daha rahat ünsiyyət qurmağı bacarırlar.

Bəs bütün uşaqlar bağçaya getməyə hazırdırmı?  Uşaqlar ailədə bağçaya getmək üçün hazırlanırmı? Tez-tez ətrafımızda “Uşaq bağçaya getmək istəmir”, “Övladım bağçaya heç cür alışa bilmir, ağlayır” sözlərini eşidirik. Əslində, 3 yaşa qədər zamanını yalnız valideynlə keçirən, güvəni yalnız ailəsindən almış bir uşağın bu cür reaksiya verməsi təbii və normaldır. Həyatlarında ilk dəfə ailəsindən ayrı qalmağı təcrübə edən uşaq stress keçirir, həyəcanlanır, qorxur. Bu baxımdan uşağın bağçaya rahatlıqla adaptasiya olması üçün psixoloji hazırlığı mütləqdir.

 

Bu məqsədlə:

– Bağçaya getmək üçün ən uyğun yaş dövrü üç yaşdır. Çünki 1-3 yaş arası uşağın doğmaları arasında olması onun inkişafı üçün çox vacibdir. 3 yaşına qədər anaya bağlılıq düzgün tamamlanmalıdır ki, uşaq gələcəkdə psixoloji problemlər yaşamasın. 3 yaşdan kiçik olan uşaqların isə həmyaşıdları ilə oyun oynaya biləcəkləri mühitdə olmaları daha məqsədə uyğundur. Bu həm də onların bağçaya hazırlığı üçün əhəmiyyətlidir.

psixoloq Ayten Memmedova

-Valideynlər uşağa bağçanın qayda-qanunları haqqında məlumat verməli, uşaqla söhbət aparmalı, bu haqda nağıl danışaraq onu mental olaraq yeni mühitə hazırlamalıdır. Bu zaman bütün ailə üzvləri birgə əməkdaşlıq etməli, bağça haqqında uşaqda mənfi fikir yaradılmamalıdır.

– Ailədə uşaq gün rejiminə alışdırmalıdır. Çünki rejimlə yaşamaq insana təkcə planlamağı öyrətmir, həm də şəxsiyyəti inkişaf etdirir. Həmçinin düzgün gün rejimi uşağın sağlamlığına və əqli fəallığına da müsbət təsir edir. Uşaq müəyyən saatlarda yuxuya getmək, oyanmaq, yemək, oynamaq vərdişlərinə yiyələndiyindən intizamlı olur, bu isə öz növbəsində bağçaya adaptasiyanı asanlaşdırır.

– Uşağa mədəni və gigiyenik qaydalar – əl yumaq, tualetə getmək, səliqəli geyinmək, saçlarını daramaq, oyuncaqlarını yığışdırmaq, düzgün oturmaq, düzgün yemək qaydaları, qaşıqdan, çəngəldən, salfetdən istifadə və s.öyrədilməlidir.

– Uşağa sadə təlim bacarıqlarının öyrədilməsi də onun bağçaya adaptasiyasını asanlaşdıran əsas amillərdən biridir. Məsələn, düzgün qələm tutmaq, 10-a qədər saymaq, nağıl danışmaq, rəngləmək və s.

– Uşağa məsuliyyət hissi aşılanmalıdır. Ailədə iş bölgüsü aparılmalı, uşağın yaşına uyğun müvafiq tapşırıqlar verilməli və tapşırığa əməl edib-edilmədiyinə nəzarət olunmalıdır. Məsələn, süfrəni hazırlamaqda anaya yardım etmək, öz oyuncaqlarını yığışdırmaq, dibçəyə su vermək və s. Əgər uşaq verilən tapşırığın öhdəsindən gəlirsə onu tərifləyərək stimul vermək lazımdır.

– Ailədə uşağa müstəqillik verilməlidir. Artıq bağçaya gedən uşaq özünü rahat ifadə etməli, istədiklərini şifahi olaraq çatdırmalı və seçim etməyi bacarmalıdır. Bunun üçün uşağı hər hərəkətinə görə danlamaq, onun yerinə qərar vermək olmaz, əksinə ona seçim haqqı vermək lazımdır. Əmin ola bilərsiniz ki, bu zaman uşaq bağçada böyüklər və həmyaşıdları ilə daha rahat münasibət quracaq və yeni mühitə uyğunlaşacaqdır.

– Ən əsası isə uşaq ana və atasına etibar etməlidir. Uşaqların bağçaya getmək istəməməklərinin, bağçada ağlamalarının əsas səbəbi özünü güvəndə hiss etməməsi, valideynlərinin onu tərk edə biləcəyi qorxusudur. Çünki uşaqlarda zaman qavrayışı yoxdur, bağçada olduğu müddət ona sonsuz kimi gələ bilər. Valideynlərinə güvənən və onu bağçadan götürəcəyinə inanan uşaq isə bu vaxtı səbrlə gözləməyi bacarır.

– Uşaq bağçaya getmək istəmirsə, onu alış-verişə aparıb, yeni məktəb ləvazimatları, çanta, rəngləmə kitabı, rəngli qələm və s. alaraq həvəsləndirmək olar.

– Valideynlər qəbul etməlidirlər ki, uşaq bağçaya birdən-birə öyrəşə bilməz. Ən azı iki həftə müddətində onlar övladlarının yanında olmalı, bağçada olduğu müddət zamanla artırılmalıdır.

Uşağı bağçaya hazırlamaqda çətinlik çəkən valideynlərin mütəxəssis – psixoloqdan yardım alması, uşağın psixoloji hazırlığına əmin olduqdan sonra bağçaya yollaması daha məqsədəuyğundur.

 

Psixoloq Aytən Məmmədova




2 şərh “Uşaqların bağçaya adaptasiyasını necə tənzimləməli?

  1. Adilə Q.

    Payızda oğlumu baxşaya qoyçağı düşünürəm. Araşdırma apararkən bu yazı qarşıma çıxdı. Faydalı oldu. Təşəkkürlər Aytən xanıma

    Cavabla
  2. Validə Şamilova

    Bu xanimin yazisi, anlatma terzi cox xosuna geldi. Maraqla ve memnunluqla oxudum ama deyesen yegane yazisidir cunki basqa yazisini gormedim. Ugurlar

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir