xizek

Xizək sürməyin incəlikləri barədə bilmədiklərimiz

Baxış sayı: 2. 407

Yanvarın 23-də Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu faciəli şəkildə dünyasını dəyişib.  Deputatın 29 yaşlı oğlu Elçin Qasımov İsveçrədə xizək sürərkən qəzaya düşüb. Hadisə nəticəsində ağır kəllə-beyin travması alan gənc dünyasını dəyişib.

Bu xəbər özündə bir ailə faciəsini əks etdirsə də, qış turizmi, xizək turizmi barədə biliklərimizi də təzələməyə zərurət yaradır. Bəli, yayda olduğu kimi, qışda da istirahətin xeyli fəsadları, təhlükəli cəhətləri var. Dünya üzrə xizək turizmi barədə qısa arayışı təqdim edirik.

Dünyada 4 min xizək mərkəzi və ən məşhurları…

 

Ümumilikdə dünyada 4 min xizək mərkəzi var. Bu mərkəzlərə hər il 380 milyona yaxın insan baş çəkir. Ən böyük gəliri isə Fransa başda olmaq üzrə Avstraliya, İtaliya və İsveçrə təmin edir. Ən məşhur xizək mərkəzləri isə aşağıdakılardır:

 

Cortina Ampezzo – İtaliya

İki ayrı tərəfdə, iki ayrı dağa ayrılmış olan bu mərkəzdə çox fərqli xizək sahələri mövcuddur. Bunların ən məşhuru Ceyms  Bondun “Sənin gözlərin üçün” filmində Col Druscedən Cortinaya sürüşdüyü xizək sahəsidir.

 

St Moritz – İsveçrə

1864-cü ildə qurulmuş olan bu xizək mərkəzi dünyanın ən keçmişi olmaq özəlliyini daşıyır. Eyni zamanda mövsümün böyük bir hissəsində günəşli olan bu xizək qəsəbəsi xizək sonrası alış-veriş etmək istəyənlər üçün də çox zövqlüdür. 1913-cü ildə Rusiya çarı  II Nikolayın yay malikanəsi olaraq inşa edilmiş olan indiki “Carlton Hotel”də xizək sonrasında atlı arabalarla qəsəbə turuna çıxmaq da mümkündür.

 

Kitzbuhel-Avstriya

Tipik bir Tirol qəsəbəsi olan Kitzbuhel  çox zövqlü bir qar tətili üçün düzgün ünvandır. Olimpiadalara və Dünya Xizək Kubokuna ev sahibliyi etmiş olan bu mərkəz 170 kilometrlik bir sahəyə sahibdir. Bundan başqa, dünyanın ən populyar dounhill sahəsi olan The Streif, Kitzbuhelin cənubunda, Hahnenkamm bölgəsində yer alır. Bu mərkəz apres-ski partiləri ilə və canlı gecə həyatı ilə də çox məşhurdur.

Les Arcs-Fransa ile ilgili görsel sonucu

Les Arcs-Fransa

Üç bölgədən ibarət bu möhtəşəm xizək mərkəzi, yüksəkliklərinə görə sinifləndirməkdədir. 1600, 1800 və 2000 metr yüksəklikdə yerləşən Les Arcs, xizək xaricində də gəzilməsi ən zövqlü mərkəzlərdən biridir. Ən çox Arc 1600-ün diqqət gördüyü bölgədə həm qonaqlama, həm də alış-veriş imkanı tapa bilərsiniz. Fransanın bir gözəl şəhəri olan Liona, sadəcə, 2.5 saat uzaqlıqda olması da bölgənin hər mövsümdə dolu olmasına səbəb olur. Tətil dövrlərində qiymətlərin yüksək olduğu mərkəzə yanvar sonu-mart ortasında getmək daha məsləhətlidir.

 

Aspen Kolorado-Amerika

Keyt Moss, Cenifer Lopez və Mark Antoni  ötən il tətillərini bu mərkəzlərdə keçiriblər. Antonio Banderas, Melanie Griffith və Cek Nicholson hər qış bu mərkəzdə yerləşən chaletlərində qalırlar. Dünyanın ən bahalı mərkəzlərindən biri olan Aspendəki St Regis Resortda xizək sonrası sizə masaja, eləcə də çiyələkli şokolada qonaq edirlər.

 

Kıllıngton (Vermont), Amerika

Qış turizmi sektorunda lider səviyyədə olan olan Killinton Amerikanın şərqində yer almaqdadır. Sözügedən bölgənin kiçik bir qəsəbəsi olaraq qış turizmində ən çox diqqət çəkən mərkəzlərdəndir. Tək bir əl tərəfindən idarə edilən qəsəbədə rezervasiya, çatım və xizək idmanları eyni yerdə toplanıb. Xizək turizminin artıq bir industriya halına gəldiyi qəsəbədə xüsusən süni qar hazırlayan maşınlar diqqət çəkməkdədir. Dünyadakı bənzərlərinə görə də olduqca ucuz bir məkan sayılır. Vermont Kanada sərhədinə də olduqca yaxın sayılır.

kartepe ile ilgili görsel sonucu

Kartəpə – Kocaeli

Amma Türkiyə bu xizək mərkəzləri sırasında xüsusi yerə malikdir. Öncə Kartəpədən başlayaq. Kocaeliyə bağlı olan Kartepe, qış aylarının ən öndə gedən məkanlarından biridir. Təbiətlə iç-içə olmaq istəyənlərin, həftənin bütün yorğunluğunu ata biləcəyi bu məkan İstanbuldan sadəcə 1 saat 40 dəqiqə, daha dəqiq desək, 110 kilometr uzaqlıqdadır.

Palandöken ile ilgili görsel sonucu

Palandökən – Ərzurum

Hər il qış aylarında minlərlə turistə ev sahibliyi edən Palandökən dağları, mənzərəsi, atmosferi ilə hər kəsi özünə heyran qoyur. Şərqin ən populyar xizək mərkəzlərindən biri olan Palandökənə gedərək, Türkiyənin təbii gözəlliklərini görə bilərsiniz. Palandökən dağlarında 22 ədəd xizək meydançası var.

 

Davraz – İsparta

2635 metr zirvə yüksəkliyi və Antalyaya yaxınlığı ilə bilinən Davraz Dağları, yeni kəşf edilməsinə baxmayaraq, asanlıqla populyarlıq qazandı.

Uludağ Bursa ile ilgili görsel sonucu

Uludağ – Bursa

Türkiyənin qış turizmini illərdir canlandıran, eyni zamanda minlərlə insana ev sahibliyi edən Uludağ Bursada yerləşir. Həm İstanbula yaxınlığı, həm də populyarlığı baxımdan yerli və xarici turistlərin daha çox tərcih etdiyi məkandır.

 

Naxçıvanda da xizək mərkəzi tikilir

Azərbaycanda isə xizək mərkəzi olaraq Şahdağ və Qəbələ Tufandağ mərkəzləri nəzərdə tutulur. İnsanların iki seçimi var. Amma bu sıraya tezliklə Naxçıvan da qoşulacaq. Naxçıvanın Ağbulaq kəndində də dağ-xizək turizminin inkişafı üçün müvafiq işlər görülür. Xizək mərkəzinin yaradılmasına 2018-ci ilin iyul ayından başlanılıb və tikinti işlərinin 80 faizi başa çatdırılıb. 1590 metr uzunluğundakı xizəksürmə zolağında və təlim meydançasında torpaq işləri görülüb. Hazırda kanat dayaqlarının, 20 min kubmetr tutumu olan süni gölün, qaraj binasının, süni qar qurğuları üçün su və hava xəttinin qazma işləri davam etdirilir. Ərazidə texniki bina da inşa olunacaq, xizəksürmə ləvazimatlarının satışı və kirayəsi həyata keçiriləcək.

 

Necə edək ki, yıxılmayaq, zədə almayaq və xizək zövqü cəhənnəmə dönməsin?

Hesab edək ki, bu mərkəzlərdən birinə getdiniz. Xizək sürməyi bacarmırsız, buzun üstündə sürüşüb, qolunuzu, ayağınızı qırmaq ehtimalınız da var. O zaman ehtiyatı necə əldən verməyək?

Öncə onu qeyd edək ki, xizək tətili, şəhərdəki qar günləri kimi deyil. Plan, proqram lazımdır. Dəyişən dağ mənzərələri müşayiəti ilə xizəkdə sürüşmək, dağla bir olduğunu hiss etmək həyatdakı ən böyük zövqlərdən biridir. Bu sahə üzrə ekspertlərin məsləhətinə diqqət edək.

Üst-üstə bir neçə qat geyinib, hərəkətsizləşmədən xizəkdə üşüməməyin açar nöqtəsi: İsti tutan, amma tərlətməyən alt paltarı.

Parmaqsız əlcəklər də bu məqamda sizin karınıza gələcək detaldır. Xizək şalvarı, xizək ayaqqabısı, xizək corabları… Bunların hər biri xüsusi mağazalarda satılır. İsti saxlayan, amma tərlətməyən. Bunlarsız xizək sürməyə getmək riskə girmək deməkdir.

Məsələn, xizək ayaqqabısı olduqca çətin bir seçim tələb edir. Həm sərt, həm də yumşaq olmalıdır. Bundan başqa, xizək ayaqqabısı isidicilər sayəsində ən soyuq havada belə artıq ayaqlarınızı üşütmür.

Xizək eynəklərini də bu məqamda yaddan çıxarmayaq. Çünki onların əhəmiyyəti çətin hava şərtlərində ortaya çıxır. Qar tutmayan, dumanda görüntünü asanlaşdıran və istidə buxarlanmayan – bunlar bir xizək sürmək üçün ən önəmli şərtlərdir.

Artıq xizəkdə sürüşəndə yolu və mənzərəni videoya çəkmək çox dəbdədir. Kaskaya montaj edilən videokamera və fotoaparat, ya da özündən kameralı Zealion xizək eynəkləri çəkiliş  üçün ideal aksesuardır.

 

Ekspertlər başqa nə deyir? Nə tövsiyə verir?

1) Xizək sürmək bir insanın ağlına gələn kimi paralel olaraq “bəs yıxılsam” deyə sualı da özü ilə gətirir. Halbuki ilk başlayanda sürüşkənliyi az olan yerdə olursuz, həm də yeni başladığınız üçün sürətlə sürüşmürsüz. Bundan başqa, yıxılsanız da heç nə olmur. Qarlar yumşaqdır. Bundan başqa, qat-qat geyindiyinizi düşünsəniz, heç bir şey olmayacağına bir dəfə daha inanarsınız.

 

Xizək sürmək üçün ən düzgün zaman nədir? Xizək mərkəzlərində qar qalınlıqları nə qədər olmalıdır?

Xizək və snouboarda könül verənlərin təqib etdiyi bir çox forum var. Xizək mövsümü açılan kimi həmin forumlardan da xəbərlər gəlməyə başlayır. Amma ən yaxşısı Hidremeteorologiya İdarəsinin saytını daim ziyarət edib, getmək istədiyiniz yerlədə qarın durumu ilə bağlı detallı məlumat əldə edin. Və önəmli bir məlumat: xizək sürmək üçün qar qalınlığının 40-50 santimetr olması lazımdır.

 

Qiymətlər qar kimi dondurur – xizək zövqü bahalıdır

Keçək qiymətlərə. Lap tutaq ki, bura qədər yazılanlarla razılaşdıq və xizək sürməyə getmək istəyirik. Neçəyədir bu istirahət, qar zövqünü doya-doya yaşamaq?

Qardaş ölkənin Uludağ, Palandöken, Kartepe, Kartalkaya, Sarıkamış, Erciyes, Davras böldələri qış turizminin döyünən ürəyi sayılır. Uludağda adambaşına qiymətlər 166 manata yaxın olduğu üçün, 5 gecəlik tətilin qiyməti 830 manata yaxındır. Halbuki Avstriyadakı Zeli Am See-dəki 5 gecəlik hotel qiyməti 824 manat, Fransadakı Chamonix’də isə 918 manata yaxındır.

Beş gecəlik tətil üçün Kartalkayada 1066 manat, Palandökəndə 720 manatdır. Fransanın Alplarındakı Meribeldə isə təyyarə qiyməti də daxil olmaqla, 5 gecəlik tətil 1400 manatdır.

 

Ayrı-ayrı ölkələrdəki qış turizmi hotellərindəki qiymətlərə nəzər salaq:

Avstriya – Salzburq – 500 avro (bir gecəlik)

Avstriya-Kitzbuhel – 1217 avro

İsveçrə-Leynşin – 599 avro

İtaliya- Val Gardena – 850 avro

Fransa – Morzine – 699 avro

Bolqarısran – Bansko – 138 avro

Makedoniya – Mavrova-299 avro

Ukrayna-Bukovel – 339 avro

Polşa – Zakopane – 449 avro

Keçək Azərbaycana. “Şahdağ” yay-qış turizm kompleksinin yaxınlığında 4 hotel var. Bunlardan əhali üçün nisbətən çatımlı olan 4 ulduzlu “Zirvə” hotelidir. Burada tək otaqda bir gün qalmaq həftəiçi 80 manat, həftəsonu isə 100 manatdır.  Bu qiymətə səhər və günorta yeməkləri də daxildir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir