kend

“Yağlı müştəri görəndə özümü saxlaya bilmirəm” – NİKAHSIZ, SƏNƏDSİZ, VƏTƏNSİZ…

Baxış sayı: 1. 838

– Sən o yanındakı qızın qara qaşları…

– Çəkil yolumdan!

– Ay oğlan, sən qayınananın şirin canı…

– Haradan bilirsən ki, şirindir canı?

– Bu gözəllikdə qızın anası şirin olar da…

– Bax, qayınanama görə verirəm ha bu 1 manatı…

 

Bu məzəli dialoqa Bakının Fəvvarələr meydanında şahidlik edirik. 15-16 yaşlarında qaraşın qız sevgilisi ilə gəzməyə çıxan bir oğlanın yaxasından əl çəkmir pul almayınca. Daha sonra başlayır ətrafda qaynaşan digər insanları saf-çürük etməyə…

Üz-gözündən şıltaqlıq yağan bu qaraçı qızı yaxınlaşdığı hər kəsdən zəli kimi yapışır və pul almadan əl çəkmirdi. Arabir ağzındakı saqqızı şişirərək öz işi ilə məşğul olur, ətrafdakı oğlanların söz atmalarına əhəmiyyət vermirdi. İnsanlara dəfələrlə yaxınlaşıb dil tökməkdən bezmir, elə bil bundan zövq alırdı. Maraqlısı isə bu idi ki, yaxınlaşdığı müştərilərin hər biri üçün, belə deyək, yeni sözlərdən ibarət repertuar təqdim edirdi.

Onunla söhbət etmək fikrinə düşürük. Müsahibimiz isə çox inadkardır.

 

– Adın nədir?

– Sənə nə var?! – Üz-gözünü qırışdırır.

Xeyli çək-çevirdən sonra adını deməyə razı olmasa da, bizimlə kiçik bir dialoqa razılıq verir.

Deyir ki, Yevlax şəhərinin Qoyun Binəsi adlanan kəndində bir məhəllədə yaşayırlar: “Yadıma gələndən dilənçiliklə məşğulam. Kiçik yaşlarımda anamla kəndlərə dilənməyə gedirdik. Bir az böyüyəndən sonra özüm tək dilənməyə başladım”.

5-6 il olar Bakı şəhərinə dilənməyə gəliblər. Şəhərin Xutor adlanan hissəsində kirayədə qalırlar: “Hər gün dilənib bir yerə toplaşırıq və yığdıqlarımızı dəstəbaşına veririk. Dəstəmizdə 20-30-dan çox dilənçi var. Bizdə ancaq qadınlar bu işlə məşğul olur. Kişilər isə kənardan müşahidə edir, dara düşəndə kömək edirlər. Axı çox vaxt bizi təhqir edirlər, bəzən döyürlər də. Ən çox qorxduğumuz isə polislərdir. Bizi qovurlar, arabir tutub polis bölmələrində saxlayırlar. Hətta bir neçə dəfə bizi Yevlaxa göndərsələr də, yenidən qayıdıb gəlmişik. Elə gün olur ki, 25-30 manat qazanıram, bəzən də çox”.

Qaraçı qızının sözlərinə görə, adamları uzaqdan tanıyır: “Əvvəlcə kənardan onları müşahidə edirəm, daha sonra yaxınlaşıram. Onu da deyim ki, gözüm su içməyən adamlara boş vaxt sərf etmirəm. Oğlanın yanında qız olanda da adama yaxşı pul verir. Mən artıq dilənçiliyə adət eləmişəm. Hətta çoxlu pul qazansam da, “yağlı müştəri” görəndə özümü saxlaya bilmirəm. Gedib 10 qəpik də olsa almalıyam. Bu işi görəndə heç vaxt utanmıram. Əksinə, bir saat dilənməyəndə özümü çox pis hiss edirəm. Bu, mənim peşəmdir. Bəzən istəyirəm ki, mən də başqa qızlar kimi geyinim, bəzənim, saçlarımı kəsdirim. Amma sonra bu fikirləri atıram başımdan. Axı dilənəndə mütləq əynimdə nimdaş paltar olmalıdır”.

 

Bir az mistik, bir az sirli…

Bir yandan boşalıb, bir yandan dolan dünyanın gələni-gedəni arasında qaraçı adlanan bir tayfa da var.

Çox az adam tapılar ki, onlarla mütəmadi rastlaşmasın. Avtobusda, küçədə, yeraltı keçiddə… Harada desəniz, rast gəlmək olar onlara. Özlərinə məxsus geyim tərzi, danışığı, hərəkətləri insanı müasir zamandan ayıraraq mistik aləmə aparır. Zamanın sürətinə qarşı üzür və hər saniyə başqalaşan, özündən uzaqlaşan bu dünyada olduqları kimi olmaq, qalmaq dirənci göstərirlər. Çox azaddırlar, çox təbii, çox da sirlidirlər. Digər insanlarla aralarında daim bir sədd var. Heç kimə icazə vermirlər həmin səddi keçməyə. Bu ifadə qaraçılar üçün tam yerinə düşər – onlar həyatın bir az sevimli, bir az soyuq üzüdür. Onları yaxından tanımağa dəyər, məncə…

 

Qaraçılar dünyada

Qaraçılar — köçəri xalqlardan biridir. Hind-Avropa mənşəlidirlər. Onlara bütün Avrasiya materikində rast gəlinir. Qaraçılar ilk dəfə 1505-ci ildə İrlandiyada, 1514-cü ildə İngiltərədə rəsmi sənədlərə düşüb.

Qaraçıların yarısı köçəri həyat sürdüyü üçün onların dəqiq statistikası yoxdur.

II Dünya Müharibəsi zamanı Polşa ərazisində yerləşən Osvensim – Bjezinka həbs düşərgəsinə faşistlər tərəfindən Şərqi-Avropadan həbs olunaraq 21.000 qaraçı gətirilmiş və məhv edilmişdir. Bunların içərisində uşaqlar və qocalar da var imiş.

1971-ci ilin aprel ayında isə qaraçıların problemlərini müzakirə etmək üçün Londonda ilk Beynəlxalq Roman Konqresi toplanıb. 1990-cı ildən etibarən 8 aprel Dünya Romanlar Günü olaraq qeyd edilir.

Qadınlar qaraçı ailələrinin iqtisadi qoruyucusudur, ev işlərindən əlavə, ailənin dolanmasını təmin etməkdə önəmli rol oynayırlar. Qadınların gündəlik işçi, xadimə, dilənçilik, falçılıq, sehrbazlıq və çiçəkçilik edərək, ev iqtisadiyyatının yükünü əhəmiyyətli dərəcədə üzərində daşıdıqları qeyd edilir. Ailədə ən böyük avtoritar isə atadır, adətən ağır işlər qadınlara düşür.

Qaraçı toplumlarını dəstəbaşının idarə etdiyi bildirilir. Qaraçılar üçün ən dəhşətli cəza – onların qaraçı icmalarına üzv olmaqdan məhrum edilməsidir. Bu cəza ən ağır cinayət törədənlərə tətbiq edilir.

Musiqi qaraçı həyatının ayrılmaz hissəsidir. Dünyada qaraçılar üzərində araşdırma aparan elm adamlarının ümumi qənaəti odur ki, dünyadakı heç bir etnik qrupun qaraçılar qədər musiqi zövqü və istedadı yoxdur. Musiqilə də sənət üçün deyil, yaşamaq üçün məşğul olurlar.

Qaraçıları digər insanlardan fərqləndirən ən önəmli xüsusiyyət paltarlarıdır. Xüsusilə qadın paltarlarında canlı rənglərin seçildiyi bilinir. Geyimlərində çəhrayı və qırmızıdan bol istifadə edirlər. Qırmızı rəng onların uğuru, yaşıl isə simvollarıdır. Qısa saç qaraçılar üçün təhqir hesab edilir. Saçın kəsilməsi, qırxılması qaraçı dəstələrindən uzaqlaşdırılan və təcrid olunanlara tətbiq edilir. Bu səbəbdən də qaraçılar qısa saçlı olmurlar.

Həmişə ayaqyalın olduqlarından qaraçılar yerdən olan və döşəməsiz evlərdə yaşayırlar.

Qaraçıların qənaətcilliyi və qida yığma alışqanlıqları yoxdur. Nə varsa, elə həmin gün yeyirlər. Qaraçıların əsas milli yeməkləri kirpi ətindən hazırlanan yeməklərdir (qızardılmış və ya bişirilmiş halda).

Fala baxma və baxdırmanın qaraçı yaşamında çox önəmli bir yer tutduğu, adətən paxla, qəhvə falına baxdıqları, fala baxmağı bütün dünya qaraçılarında olduğu kimi, sadəcə qadınların yerinə yetirdiyi bildirilir. Fal kimi, sehrbazlığın da qaraçıların əhəmiyyətli xüsusiyyətlərindən biri olması məlumdur. Onlar bir çox heyvan orqanlarından sehr üçün istifadə edirlər. Dovşan yağının sevgi mövzularında böyük önəmi olduğu və müvəffəqiyyətdə təsirinə inanılır. Kağız oyunlarında qazanmaq üçün oyun boyu sol qollarının altında yarasa ürəyi saxlayırlar. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.

Qrup içi evlilik adətlərini yüz illərdir davam etdirən qaraçılarda evlilik yaşı qızlarda 13-17, kişilərdə isə 15-19 arasında dəyişir. Evliliklər satın alma, dəyişmə və qaçırma formasında həyata keçirilir. Ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Çoxarvadlı evliliyin sərbəst olduğu qaraçılarda boşanmaq da asandır. Xüsusilə köçəri qaraçılarda ər arvadını qayınatasının çadırının qarşısına qoyaraq bunu həyata keçirir. Toylar isə 3 gün çəkir.

Mayın 5-dən 6-na keçən gecə yeganə bayramları olan Xıdır Əlləzi qeyd edirlər.

 

Qaraçılar Azərbaycanda

Etnoqraf alim Emil Kərimov bildirir ki, Avropa Şurası Azərbaycanda “qaraçı” anlayışına uyğun gələn millətə “roma” deyir. Onun sözlərinə əsasən, Azərbaycanda qaraçılarla bağlı geniş araşdırma aparılmayıb, hətta onların dəqiq statistikası da məlum deyil. Onların mədəniyyətləri də itib batmaq üzrədir: “Biz onların zəngin mədəniyyətlərini üzə çıxarmamışıq, heç buna çalışmamışıq da. Dinlərini, dillərini, mədəniyyətlərini araşdırmamışıq. Dünyada katolik, xristian, müsəlman qaraçılar var, mədəniyyətlərini saxlayıblar. Bizdə isə onlarla bağlı heç bir kitab yoxdur”.

Qaraçıların hüquqi vəziyyətləri ilə bağlı məlumat verən hüquqşünas Azər Allahverənov deyir ki, onlar daha çox Azərbaycanın bölgələrində yaşayırlar: “Elə hər dilənçiliklə məşğul olanları gətirib bu roman tayfalarının ayağına yazırlar. Hesab edirəm ki, burada çox ciddi araşdırmaya ehtiyac var. Azərbaycanda qaraçıların sayı ilə bağlı da qeyri-müəyyən bir vəziyyət yaranıb. Kimisi onların 10 minə qədər, bəzi tədqiqatçılar 10 mindən çox olduğunu bildirir. Onların bir qisminin Ağdaş və Yevlaxda yaşadığını qeyd edirlər. Amma bildirim ki, digər bölgələrdə də roman tayfalarına aid edilən şəxslər var. Bu isə o deməkdir ki, bunlarla bağlı hələ dərinləşdirilmiş bir araşdırma yoxdur”.

Onun sözlərinə görə, qaraçıların arasında elə şəxslər var ki, bu gün dövlət qurumlarında əmək fəaliyyəti ilə məşğul olurlar: “Hətta bir müddət əvvəl apardığımız tədqiqatlar zamanı məlum oldu ki, yerli bələdiyyələrdə, icra qurumlarında işləyən qaraçılar var. Bu isə onu göstərir ki, onlar dövlətdə baş verən proseslərdən heç də kənar deyillər. Hazırda Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində roman tayfalarının nümayəndələri də təhsil alır. Amma bu, heç də onu göstərmir ki, onlar bütün proseslərdə aktiv iştirak edirlər. Onların elələri var ki, öz uşaqlarını təhsilə yox, başqa işlərlə məşğul olmağa yönləndirirlər. Digər tərəfdən bəzi şəxslər də var ki, onların heç şəxsiyyətini təsdiq edən sənədləri də yoxdur. Burada da müxtəlif səbəblər var. Onların arasında maddi cəhətdən sıxıntı yaşayanlar var, amma kifayət qədər varlı şəxslər də az deyil. Nisbətən varlı olsa da, həmin ailəyə mənsub olan şəxslər bu və ya digər formada dilənməklə özləri üçün müəyyən həcmdə vəsait qazanmaq məcburiyyətində olurlar və bunu da həyata keçirirlər. Amma bir məsələ də var. Deyirlər, onlar nə üçün dilənir? Fikirləşirlər ki, qaraçılar yalnız dilənməklə məşğuldurlar. Bu, yanlışdır. Onlar arasında düzgün şəkildə maarifləndirmə işi aparılarsa, sosiallaşmasına şərait yaradılarsa, düşünürəm ki, bu gün dilənməyi özü üçün hədəf seçən şəxslərin ayağının altından münbit torpağı götürmüş olarıq”.

Qeyd edək ki, mütəmadi olaraq Bakı şəhərində polis tərəfindən dilənçilərə qarşı reydlər keçirilir və onların da əksəriyyəti qaraçılardır. Bununla bağlı Ailem.az-a məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif deyir ki, həmin reydlər zamanı aşkarlanan qaraçılar öz yaşadıqları və qeydiyyatda olduqları bölgələrə göndərilir.

 

***

Qaraçılar köçəri xalqdır. Qaydalara, qanunlara, heç bir çərçivəyə sığmazlar.

Yemək, onlara sadəcə yaşamaq üçün lazımdır.

İşləmək, sadəcə yaşamağa yetəcək qədər pul qazanmaq üçündür.

Sevgilərini əbədiləşdirmək üçün nikah kağızına heç lüzum görməzlər…

Amma düşünməyin ki, onların bu həyatda tabe olduqları, bağlandıqları heç bir şey yoxdur. Var, əlbəttə ki, var. Musiqi. Ruhlarının qidalandığı yeganə nəsnə olan musiqi…  (Ailem.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir