Yaz gəldi, xəstəlik də gəldi?

Baxış sayı: 1. 481

Adətən el arasında yaz gələndə xəstəliklərin oyandığını deyirlər. “Yaz gəldi, dərd gəldi” deyimini də məhz orqanizmdə oyanan xəstəliklərlə əlaqələndirirlər. Həkimlərin də məsələyə yanaşması elə el arasında əzbərə çevrilən deyimlərlə üst-üstə düşür. Məsələn, tibb işçiləri yaz aylarında orqanizmdə baş verən dəyişikliklərin özünü daha çox yaşlı və immun sistemi zəif olan insanlarda göstərdiyini bildirirlər. Belə ki, immun sisteminin zəifliyi qışda vitamin balansının azalması ilə ortaya çıxır. Bununla da halsızlıq yaranır, xəstəliklərə qarşı müqavimət zəifləyir. Bu fəsildə vitaminli qidalar az olmaqla yanaşı, onlardan istifadə də azlıq təşkil edir.
Respublika Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyevin sözlərinə görə, ilin fəsilləri ilə əlaqədar xəstəliklər dəyişə bilir. Yaz mövsümü üçün xarakterik olan xəstəliklər əsasən uşaqlarda vitamin çatışmazlığı ilə bağlı xəstəliklərdir: “Həmçinin ağacların çiçəklənməsi və tozlanması ilə bağlı rast gəlinən bir qisim allergik xəstəliklər müşahidə olunur. Bunlar əsasən pollinoz xəstəlikləridir. Kimdə bu xəstəliklərə meyillilik varsa, yaz aylarında meydana çıxır. Biz həkim olaraq belə məsələlərlə bağlı tədbiri öncədən görməliyik ki, bir daha baş verməsin. Yəni qabaqlayıcı tədbirlər lazımdır”. Baş pediatrın sözlərinə görə, vitamin çatışmazlığının baş verməməsi üçün həkimə müraciət edilməli, qışın sonu və yazın başlanğıcında vitaminlərdən ibarət bir ay müddətində profilaktik müalicə aparılmalıdır. Bu yolla vitamin çatışmazlığının qarşısı alınır: “Ağaclar və çiçəklərin tozcuqlarının qarşısını almaq üçün xəstəliyə meyilli uşaqlarda öncədən allergiya əleyhinə müalicə başlanılır. Valideynlər bu məsələdə laqeydlik göstərməməlidirlər. Çünki körpələr də fəsil dəyişkənliyinə həssasdırlar”. Professorun sözlərinə görə, qışda Günəş şüası həddən artıq az olduğu üçün bu da D vitamininin itkisinə, uşaqlarda raxitlik xəstəliyinin inkişafına səbəb ola bilir.

Həkim-cərrah Aqil Qeybullanın fikrincə, qışdan sonra ən çox rast gəlinən xəstəliklər yazönü xəstəlikləridir. Belə ki, digər xəstəliklərlə müqayisədə bu cür xəstəliklərə daha çox rast gəlinir: «Orqanizmdə reaksiyalar qışla yazda eyni getmir. Yazda bir növ bədənin oyanması baş verir. Həmçinin qışda biz yaza adekvat qidalana bilmirik. Çünki qış aylarında lazımi qədər meyvə-tərəvəz tapmaq olmur. Orqanizmə də kifayət qədər vitamin daxil olmadığından problemlər yaşanır. Bədən lazımi qidaları qəbul etmədiyindən qıtlıq yaranır. Bu, maddələr mübadiləsinin adekvat gedişinə mane olur”. Cərrahın sözlərinə görə, orqanizmdə həmçinin immun sisteminin zəifləməsi, sinir sistemində laqeydlik, depressiyaların yaranması kimi hallar baş verir. Həmçinin allergik situasiyaların kəskinləşməsi meydana çıxır. Bitkilərin, çiçəklərin iyinə qarşı reaksiyalar şiddətlənir: “Qripə bənzər əlamətlər, yuxarı tənəffüs orqanları xəstəliklərinin fəallaşması daha çox immun sistemi zəif olan adamlarda müşahidə olunur. Bu, bəzən də insanların geyim seçiminin adekvat olmaması ilə bağlı olur. Bundan əlavə, həzm sistemi xəstəliklərinin kəskinləşməsi müşahidə edilir”. A.Qeybullanın sözlərinə görə, insanlarda mədə-bağırsaq, xora xəstəliklərinin kəskinləşməsi adətən aprel aylarına təsadüf edir: «Bunun səbəbi hələ tam aydınlaşmayıb. Ancaq mənim fikrimcə, bioritmlərin dəyişməsi, orqanizmin oyanması, maddələr mübadiləsinin güclənməsi əsasən vegetativ stresslə bağlıdır. Mədə-bağırsaq xorası olan şəxslərdə vegetativ stress – daxili orqanların sabit vəziyyətinin pozulması vəziyyəti var. Psixoloji durumunda problem olan insanlar mütləq həkimlə əlaqə saxlamalıdırlar. Onlar bu proseslərin daha şiddətli olmaması üçün ilkin tədbirlər görməlidirlər». Cərrahın sözlərinə görə, yaz aylarında revmatik xəstəliklər də şiddətlənir. Müəyyən ağrıların – podaqra, revmatik poliartrit və buna bənzər digər xəstəliklərin şiddətlənməsi baş verə bilər. Həkim hesab edir ki, immun sistemində, orqanizmində problem olan şəxslər, yaşlı insanlar, mədə-bağırsaq infeksiyaları və ya xorası olan şəxslər yaxşı olar ki, yazqabağı həkimlərlə müəyyən məsləhətləşmələr aparsınlar.

Allerqoloq Nigar Hacıyeva da hesab edir ki, əgər bir insanda xəstəlik varsa, bu, hər fəsildə güclənə bilər. Belə ki, hər fəslin müəyyən xəstəlikləri olur. Məsələn, yay aylarında daha çox infeksiyalar baş qaldırır. Həmçinin torpaqda olan xəstəliklər baş qaldıra bilər. İstiliklə bağlı problemlərin meydana çıxması halları var: “Qış fəslində infeksiyalar çoxalır. Çünki insanlar daha çox otaqda olur, havaya az çıxırlar. Otaq şəraitində havalandırma azalır. Yaz gələndə yalnız allergik xəstəliklər baş qaldıra bilər. Belə ki, bəzi xroniki xəstəliklər – insanda daim, ilboyu müşahidə olunan xəstəliklər adətən yazda və payızda kəskinləşir. Əgər insanda hər hansı xroniki xəstəlik varsa, o, bunun haqqında düşünməlidir. Elə etmək lazımdır ki, xəstəlik kəskinləşməsin. Dərhal əmələ gələn xəstəlik isə dərhal da müalicə olunmalıdır. Fəsillə bağlı heç kəs heç nədən sığortalanmayıb”. Allergiyanın fəsadlarından danışan həkimin sözlərinə görə, bu xəstəlik insanın həyat ritmini pozur. Belə ki, burun, göz qaşınır, göz yaşarır, burundan selik axır, asqırma halları baş verir: “Əgər insanın allergiyası fəsillə bağlıdırsa, yaz aylarında ağaclar gül-çiçək açanda bu xəstəlik daha da kəskinləşir. Bu, ağacların gül-çiçəklərinin tozcuqları ilə bağlı olan pollinoz xəstəliyidir. Bu, hamıya yox, yalnız ona həssas olan insana təsir edəcək”. Allerqoloqun sözlərinə görə, insan sağlamlığında qiadalanmanın rolu böyük olsa da, fəsillə bağlı deyil: “Hər bir insan ana südü ilə qidalanmalıdır ki, gələcəkdə sağlam olsun və təbii inkişafı yüksəlsin. Böyüdükcə də qidalanmaya diqqət yetirilməlidir. Sağlam qidalanma elə sağlamlıq deməkdir».

Revmatoloq Nərgiz Hüseynova da bildirir ki, yaz aylarında revmatizmal xəstəliklərdə şiddətlənmələr müşahidə olunur: “Fevral-mart ayları ən çox qorxduğumuz aylardır. Çünki revmatizmal xəstəliklər əsasən immun sistemi ilə bağlı olan xəstəliklərdir. Soyuqlardan sonra qidalarla, günəş enerjisinin yoxluğu ilə əlaqədar immun sistemi zəifləyir. Xüsusən sümük xəstələrində günəşdən uzaq olmaq, dərinin D vitamini almaması nəticəsində sümüklərdə kalsiumun tənzimlənməsi pozulur və sümük xəstələrinin oynaq ağrıları artır. Bu, həmçinin təzyiqlə əlaqədardır. Oynaqarası mayelərdə təzyiq fərqinin dəyişməsi nəticəsində ağrılar baş verir. Amma bu, bütün revmatizmal xəstəliklərə aid deyil”. Həkimin sözlərinə görə, rematizmal xəstələr üçün nəm mühitin olması daha mənfi nəticələr verə bilir. Belə ki, nəmin bədənə hopması quru mühitlə müqayisədə daha tez baş verir. “Xəstə həmin soyuq mühitdən uzaqlaşıb quru mühitə düşürsə, özünü daha yaxşı hesab edir. Amma bu, xəstəliyin aktivləşməsi ilə əlaqədar deyil. Xəstələrə psixoloji olaraq elə gəlir ki, soyuq mühit onların xəstəliyini şiddətləndirir”. Revmatoloq bildirir ki, bəzi xəstələrin də yaz aylarında günəşdən qorunması lazım gəlir. Çünki onlar günəşə çıxanda üzlərində qırmızı ləkələr, səpkilər yaranır: “Onlara günəş qoruyucularından istifadəni tövsiyə edirəm. Ümumiyyətlə, fəsil dəyişkəniyi zamanı səhhətində problem olan insanlar ehtiyatlı olmalıdırlar».  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir