yer

Yeni araşdırma: ozon qazı koronavirusun məhvinə kömək edə bilər

Baxış sayı: 769

Atmosferdəki ozon qazı koronavirusun məhv olmasına kömək edə bilər. Novator.az-ın məlumatına görə, bunu İsrail alimlərinin apardığı tədqiqat üzə çıxarıb.

Tel-Əviv Universitetinin dosenti İnes Zukerin (o, universitetin həm mexanika mühəndisliyi, həm də ekologiya şöbələrində çalışır), Bar-İlan Universitetinin tibb fakültəsinin elmi işçisi Moşe Dessaunun və Azrieli Kollecinin elmi işçisi Yaal Lesterin rəhbərliyi altında aparılan tədqiqatın nəticəsi “Environmental Chemistry Letters” elmi jurnalında dərc edilib.

Məlum olduğu kimi COVİD-19 infeksiyası müxtəlif səthlərdə saatlarla, bəzən günlərlə qala bilir.

İsrailli alimlərin araşdırması göstərib ki, antivirus və antibakterial vasitə kimi istifadə olunan ozon qazından az miqdarda istifadə etməklə səthləri virusdan effektiv şəkildə təmizləmək mümkündür.

Tədqiqatçıların sözlərinə görə, atmosferdə mövcud olan və zərərli ultrabənövşəyi şüaların qarşısını alan ozon qazı həmçinin adi suyun və çirkab sularının təmizlənməsində istifadə edilən güclü oksidləşdirici və dezinfeksiyaedici vasitədir. Tədqiqatçılar bu mexanizmlərdən istifadə edərək təmizləmə prosesini təkrarlayıb, koronavirusu məhv ediblər.

Tel-Əviv Universitetinin dosenti İnes Zuker “Yerusəlim Post” qəzetinə açıqlamasında deyib: “Qaz halında olan ozon elektrik boşalması ilə oksigen qazından əmələ gəlir. İndi biz ilk dəfə sübut edə bildik ki, o, həmçinin koronavirusa qarşı mübarizədə çox effektlidir. Ozon qazının adi dezinfeksiyaedici vasitələrdən (məsələn, spirt və ağardıcı maddəsən) üstünlüyü ondadır ki, ozon qazı yalnız açıq səthləri deyil, həm də əhalinin sağlamlığına heç bir təhlükə yaratmadan qapalı məkanlardakı əşyaları və havanı qısa zamanda dezinfeksiya edə bilir”.

İnes Zuker bildirib ki, ozon qazından hazırlanan dezinfeksiyaedici vasitə yüksək effekt göstərməklə yanaşı, həm də sərfəlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir