koronavirus

Yeni naməlum virus gəlir – bu qrup insanlar risk altında

Baxış sayı: 332

COVİD-19-un yeni ştamı Avropada ildırım sürəti ilə yayılır. Lakin onu əvvəlkilərdən daha təhlükəli hesab etmək hələ tezdir. Söhbət XEC ştamından gedir. Ekspertlər onun bu qışda dominant variant olacağını proqnozlaşdırır 

Həkimlər yeni infeksiyanın əsas əlamətini də açıqlayıblar. İngilis həkim Helen Uoll virusun bu variantının əsas əlamətinin həddindən artıq yorğunluq olduğunu söyləyib. Xəstələr artıq xəstəliyin ilkin mərhələlərində “qırılmış” hiss edə bilərlər. “Ola bilsin ki, biz COVİD-19-un yeni variantının fəaliyyətdə olduğunu görürük. O, hazırda qızdırma, öskürək, bədən ağrıları və baş ağrıları kimi tipik əlamətləri ilə əvvəlki ştamlardan daha çox qripə bənzəyir”, – həkim bildirib.

“Əvvəllər əsas əlamətlər öskürək və soyuqdəymə idi, lakin XEC sizi sözün əsl mənasında ayağınızdan yıxır”, – o əlavə edib.

Yeni ştamm virusun iki mövcud ştammının birləşməsindən əmələ gələn rekombinant variantıdır. Bu, bir insanın eyni vaxtda hər iki ştammla yoluxduğu zaman baş verir. İlk dəfə 2021-ci ildə Cənubi Afrikada qeydə alınan Omicron ştammı ilə genetik əlaqəli olan KP.3.3 və KC.1.1 birləşməsindən ibarətdir. Omicron yüksək yoluxucu idi, lakin SARS-CoV-2-nin əvvəlki versiyalarından daha az ağır olub.

COVİD-19-a qarşı peyvənd almaq üçün aşağıdakı qruplara peyvənd tövsiyə olunur:

X hamilə qadınlar;

X 60 yaşdan yuxarı şəxslər;

X zəifləmiş immun sistemi və ya xroniki xəstəlikləri olan böyüklər və uşaqlar;

X ağır yoluxma riski yüksək olan şəxslər;

X yoluxma riski yüksək olan peşələrin nümayəndələri (həkimlər, müəllimlər, hərbçilər və s.)

Qeyd edək ki, 2019-cu ildə Çinin Uhan bölgəsində ortaya çıxan və dünya miqyasında pandemiyaya səbəb olan COVİD-19-un yeni bir ştamı olan XEC variantı ilə bağlı narahatlıqlar bir neçə aydır ki, artıq narahatlığa səbəb olub. Omicronun bir alt qrupu kimi tanınan bu yeni variant artıq Avropa ölkələrində və Rusiyada müşahidə edilib. Mütəxəssislər onun xüsusiyyətləri və yaratdığı risklər barədə açıqlamalar verib.

Bəs şəxs karona keçiribsə, yaxud zamanında peyvənd vurdurubsa, təzədən peyvənd olunmağa ehtiyac varmı? Hazırda Azərbaycanın ehtiyatında hansı peyvəndlər var? Hansını vurmaq məsləhətdir? Epidemiya təhlükəsi varmı? Konkret hansı xəstələr daha diqqətli olmalıdır?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı fikirlərini bölüşdü: “Yeni bir virusun yayılması haqqında məlumatlar təsdiqini tapır. Ümumiyyətlə, son aylarda bir neçə virusun adı çəkilir. Dünyanın ayrı-ayrı yerlərində müxtəlif virusların fəaliyyəti haqqında məlumatlar yer alır. Bir müddət əvvəl meymunçiçəyi haqqında geniş müzakirələr gedirdi. Bu gün də XEC virusu aktualdır. Virus orqanizmdə əsasən yorğunlqularla əzginliklə müşahidə olunur. Əzələ ağrıları, ümumi halsızlıq olur. Bunlar tək bu virus üçün xarakterik əlamətlər deyil. Çünki bütün yoluxmalar zamanı, infeksion proseslər zamanı orqanizmdə müəyyən proseslər baş verir ki, xüsusən sitokin elementlərinin artmasına gətirib çıxarır. Bunlar da iltihabı artırır, iltihab prosesi də öz növbəsində ağrıların yaranması, hərəkət məhdudluğu ilə, yorğunluq, iştahasızlıq və digər əlamətlərlə özünü büruzə verir. Qeyd etmək istərdim ki, tək bu virus deyil, əvvəllər də viruslar var idi. Qrip viruslarının növ müxtəlifiyi var. Hər il yeni-yeni ştamlar meydana çıxır. Əvvəllər də bunlar var idi. Sadəcə, bu gün əhalinin sıxlığı, hərəkət aktivliyinin həddən artıq sürətli olması və toplumların daha çox bir yerdə yaşaması, insanların meqapolislərə üz tutması yoluxma sıxlığını artırır. İkinci bir tərəfdən, bu gün tibbin həmin virusları aşkarlamaq imkanları çox artıb. Bu baxımdan tez-tez bu informasiyalara rast gələ bilirik. COVİD-dən danışırıqsa, bu virus bir neçə dəfə mutasiyaya uğradı, bir neçə növ dəyişikliyi meydana çıxdı. Viruslar insan orqanizminə daxil olurlar, buradakı baş verən dəyişikliklərə, aparılan müalicələrə, yaxud öz həyat tsikillərinə uyğun olaraq modifikasiya olunaraq yeni bir şəkil alırlar. Bu da yeni virus şəklində dəyərləndirilə bilər. Əlbəttə, bunların müalicəsi və peyvənd hazırlanması da olduqca böyük çətinliklər törədir. Çünki bu virusların yenilənməsində bir dinamika var. Hər zaman elmin gücü çatmır ki, davamlı olaraq hər yeni virusa vaxtında peyvənd, yaxud dərmanlar hazırlasın”.

O ki qaldı ölkəmizdə müxtəlif qrip ştamlarına, viruslara qarşı pruyvəndlərin olmasına, həkim  ölkəımizdə peyvəndlərin olduğuğunu vurğulayıb: “Vaxtaşırı olaraq Səhiyyə Nazirliyi tərəfindən maarifləndirici olaraq televiziyada, mətbuatda anonslar verilir. Lokal olaraq da poliklinikalarda xidmətlər göstərilməkdədir, insanlar bundan yararlana bilərlər”.

Professor Sinem İliyaz mediaya açıqlamasında deyib ki, XEC ştammı COVİD-19-un əvvəlki ştamlarına bənzəyir və əsasən yuxarı tənəffüs yolları infeksiyaları kimi özünü göstərir. O qeyd edir ki, bu yeni ştamm ümumilikdə daha yüngül keçir və xəstələrin çoxu ciddi fəsadlar yaşamır. Lakin payız və qış aylarında yuxarı tənəffüs yolu infeksiyalarında artımın olması gözlənilir, xüsusən də məktəblərin açılması ilə xəstələrin sayının artacağı düşünülür. Vaksinlər bu yeni ştama qarşı da təsirlidir, lakin vaxt keçdikcə vaksinlərin təsir gücü bir qədər zəifləyə bilər. Həkimlər bildirirlər ki, xəstəlik daha çox yaşlılar və xroniki xəstəlikləri olan insanlarda ağır keçir. Həmçinin insanların çox olduğu məkanlarda maska taxmağın və şəxsi gigiyenaya diqqət etməyin xəstəliyin yayılmasının qarşısını alacağını vurğulayırlar.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir