Efsane R

“Yox, ay bacı, mənim ərimin xasiyyəti pisdir” – “NATAMAM”

Baxış sayı: 1. 619

Bu gün sizə şəxsi müşahidələrimdən ümumiləşdirmə edərək meydana gələn bir qəhrəman-insan tipiylə bağlı danışmaq istəyirəm. Yazım nə qədər anlaşılacaq bilmirəm, amma cəsarət edirəm.

Son zamanlar yeni qadın tipləri ilə tanış olmağa başlamışam. Bu tanışlıq sadəcə ixtisas qaynaqlı olmadığı üçün sosial mühitdə də müşahidə etmək şansım olub, lakin mən özlüyümdə anlam tapa bilməmişəm. Ona görə bu gün sizə hadisələr haqqında səsli düşünərək danışacam ki, özümə bir pəncərə aça bilim. Və bəlkə də sizində ətrafınızda var belələri.

Bu qadınları ümumilikdə “AYSEL” (Aysellər) adlandıraq ki, mövzu daha rahat anlaşılsın.

Aysel (lər) vizual olaraq adətən digərlərindən kəskin fərqlənməsə də, səs tonu və danışıq tərzi olaraq çevrədən fərqlənir.  Lakin bir-birlərindən yox.

“Yox, ay bacı, mənim ərimin xasiyyəti pisdir.”

Söhbətin nədən getməsindən aslı olmayaraq, onlar söhbəti həmişə ərlərinə gətirib çıxarmağı bacarırlar. İşin qəribəsi, söhbətin gəldiyi nöqtədə AİLƏ BAŞÇISI yaxşı insan kimi də təqdim olunmur, lakin təqdim edənin bu duyğudan həzz aldığını hiss etmək çətin deyil.

“Yox e, nə danışırsan, Vaqif bilsə, başımı kəsər.”

Vaqif(lər)in bu cür təqdim olunmasında nə kimi bir müsbət ola bilər axı? Ayselin danışıq tərzi də bu cümləni mənfi anlamda demişə oxşamır.

Açığı, bu cür insan-qadın sayı azlıq təşkil etsə idi, üzərində çox düşünməzdim. Lakin çevrədə, sosial mediada nə çox Aysel, nə çox Vaqif…

“Uşaq mövzusunda çox sərtdi. Uşağın yıxıldığın bilsə, dədəmin evinə yollayar məni.”

Öz analığını, hissiyyatını bir kənara qoyub, bütünlüklə Vaqif olaraq yaşayan bu qadınlar nə özləri xoşbəxt ola bilir, nə Vaqifləri…

“Evə gəlib yemək görməsə, evi başıma uçurdar.”

Öz öhdəliklərini, vəzifə və ya məsuliyyətlərini zövq aldıqları və ya onları xoşbəxt etdikləri üçün yox, ŞİDDƏT EHTİMALINA görə icra edirlər.

“Bilsə, sosial şəbəkə işlədirəm, nəsil içində adımı əxlaqsıza çıxarıb boşayar və uşaqları da əlimdən alar.”

Bu cür frazaları N qədər artırmaq olar. Lakin heç bir mənası yoxdur. Özünüz də müşahidə etdiyiniz kimi bu cür AYSELLƏR VAQİFLƏRİN “icazə vermədiyi” hər şeyi edir, lakin “xəbəri olsa, başının kəsiləcəyini” də bilir. Öz davranışlarının doğru olmadığına daxilən inanan bu qəbil insanlar sanki Vaqifi həya-namus pərdəsi kimi istifadə edirlər. Etdiklərinin günah və ya yanlış olduğunu düşünüb, “buna baxmayaraq mənim ərim var!” və ya “mən namusluyam, əks halda Vaqif çoxdan məni boşamışdı (başımı kəsmişdi!)” məntiqini qarşısındakına da yeridib özünü yaxşı (namuslu) təqdim etmək çabası… Vaqifin isə gücsüz-zəif, evinin içində olanlardan xəbərsiz olacaq qədər iqtidarsızlığını gizlətmək üçün “adam başı kəsər kimlikdə təqdimatı”…

Səsli düşünəndə Aysellərin natamamlıqdan qaynaqlandığını tapmaq elə də çətin olmur… Təəssüf doğuran isə onların bundan zövq alması və bunu normal (normal halmış kimi) cəmiyyətə təqdim etməsidir…

Həyatın heç bir tərəfində tamlığın-reallığın-xoşbəxtliyin dadını ala bilməyənlərdən olmamanız diləyi ilə…

Belə…

Bəzən belə də olur. Olmadığımız kimlikdə göstərilməkdən (Vaqiflər üçün keçərlidir) və eybimizi örtmək üçün başqasını istifadə etməkdən (Aysellər üçün keçərlidir) zöqv alırıq. Çünki gerçək kimliyimiz bizi qorxudur. Natamamlıq da elə budur…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir