Capture6

“…Yox, Sumqayıtdan gəlmişəm” – RƏSSAM ƏHVALATLARI

Baxış sayı: 1. 774

Gencaile.az Kulis.az-a istinadən “Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri Ziyadxan Əliyevin rəssamlarla bağlı yazdığı məzəli əhvalatları təqdim edir.

 

Abituriyentin cavabı
Bakıda fəaliyyət göstərən ali təhsil ocaqları kifayət qədərdir. Onların bir-neçəsində taleyini rənglərə bağlayan sənət həvəsli gənclər təhsil alırlar. Ancaq gələcəkdə rəssam olub-olmayacaqları hələ aydın olmayan bu uşaqlar yayın istisinin bir-neçə gününü də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının qarşısında rəsmlərini seçim komissiyasına göstərmək üçün növbə gözləməli olurlar. Bu seçimdən üzü ağ çıxanlar da çox olur, qara çıxanlar da… Belə seçimin keçirildiyi illərin birində bu işə cəlb edilmiş təcrübəli rəssam-pedaqoqların diqqətini abituriyentlərdən birinin təqdim etdiyi rəsmlər xüsusilə cəlb edir. Bayaqdan zəif işlərə baxmaqdan yorulan müəllimlər növbəti gəncin karandaş və sulu boya ilə çəkilmiş yaxşı işlərindən çox razı qalırlar. Bunu bir-birilərinə sözlə deməsələr də, göz-qaş və him-cimlə bildirirlər. Öz-özlüyündə ilk baxışdan hazırlıqlı görünən abituriyentin rəssamlıq məktəbini bitirdiyini düşünürlər. Odur ki, müəllimlərdən biri ona müraciətlə “Əzimzadədən gəlmisən? “– deyə müraciət edir. Bir-neçə saat yayın istisində növbə gözləyən və belə dialoqlara heç öyrənməyən gənc bu sözün mənasını sona qədər dərk etmədiyindən “Yox, Sumqayıtdan gəlmişəm!” cavabını verir. Bu cavab hamının gülüşünə səbəb olur…

 

Familiyanın sonluğu

 

Xalq musiqimizin yorulmaz təbliğçisi, görkəmli tar ustası Əhməd Bakıxanovun oğlu Mamed sovet dönəmində tez-tez İncəsənət muzeyinin direktoru Kazım Kazımzadənin yanına gələrdi. Bu da səbəbsiz deyildi. Sağlığında məşhur musiqiçi ilə isti münasibətləri olan rəssamın sinəsi xatirələrlə dolu idi və Əhməd Bakıxanovun oğlu muzeyə hər gəlişində atası barəsində söylənilən bu şirin xatirələri eşitməkdən böyük ləzzət alardı. Bir gün Mamed Kazım müəllimə familiyalarının sonluğundan şikayətlənir. Fəxrlə bir-neçə dəfə “Bakıxan! Bakıxan!” – deyir və “ov”un familiyasının sonluğuna əlavə edilməsinə etirazını bildirir. Kazım müəllimdən məsləhət gözləyən musiqiçi oğlu ondan onu çaş-baş salan cavab eşidir: “Ay Mamed, Allah üzünüzə baxıb ki, familiyanızın axırına “ov” yazıblar. Bir çoxlarının dalına “ski” qoyublar, bəs onlar neyləsin?” Dünyagörmüş rəssamdan bu cavabı gözləməyən Mamed pərt olur, rəngi bozarır və Kazım müəllim bunu dərhal sezir. Hiss edir ki, qarşısındakı adam “ski” sözünün başqa mənada qəbul edib. Odur ki, fikrini bir qədər də dərinləşdirməyə ehtiyac duyur: “Hə də, məsələn, Şuşinsli, Talışınski, Ağdamski və s.” Rəssamın bu məcburi izahından sonra Mamedin rəngi açılır və hər ikisi doyunca gülürlər…

 

Cəlal Qaryağdının Fuad Əbdürrəhmanova “cavabı”

 

Böyük sənətkarların bir-biri ilə yola getməməsinə bütün xalqlarda rast gəlinir. Bu mənada Azərbaycan da istisna deyil. Respublikanın Cəlal Qaryağdı və Fuad Əbdürrəhmanov kimi iki tanınmış heykəltəraşının münasibətləri buna misal ola bilər. Deyilənə görə ötən əsrin əllinci illərində respublikanın rayonlarını bəzəyən plastika nümunələri arasında animalistik heykəllər üstünlük təşkil edərmiş. Onların çoxunun da müəllifi Cəlal Qaryağdı imiş. Fuad Əbdürrəhmanov bunu öz həmkarına çox özünəməxsus tərzdə xatırladardı. Rəssamlar İttifaqının Rəyasət Heyətinin hər dəfə iclası başlar-başlamaz Fuad Əbdürrəhmanov cibindən bir oyuncaq – plasmas ayı fiqurunu çıxarıb masanın üstünə qoyardı. Yəni, sənin “yaradıcılığın” bundan ibarətdir. Hər dəfə bura toplaşanlar Fuad Əbdürrəhmanovun yarı ciddi, yarı zarafat hərəkətinə doyunca gülərdilər. Cəlal Qaryağdı da təbii ki, pərt olardı…
Ancaq doğrudan da bu dünyanın işini bilmək olmur. Yəni, bəzən elə işlər baş verir ki, lap məəttəl qalırsan. Elə Fuad Əbdürrəhmanov da hər dəfə “ayı”nı masanın üzərinə qoyanda onu nələrin gözlədiyindən xəbərsiz idi. Elə isə gəlin sonra nə baş verdiyini izləyək…
Həmin illərdə, yəni, lap dəqiq desək, 1957-ci ildə Bakıda keçirilən respublika sərgisinə baxan rəssamlıq məktəbinin tələbələrini ertəsi günü “İncəsənət tarixi” fənnini tədris edən Rüfət Rəfizadə sorğu-suala tutur. Müəlliminin sualına cavab verən gənc heykəltəraş Arif Qazıyev Fuad Əbdürrəhmanovun sərgidə göstərilən “Azad qadın” heykəlinin eskizindən narazı qaldığını deyir. Müəllimi niyəsini soruşanda o, “həmin kompozisiya plagiatdır” deyir və əlavə edir ki, onu bir alman heykəltəraşı Misir üçün işləyib. Onun fotosunu “KUNST” jurnalında (1924) görmüşəm. Bunu eşidən R.Rəfizadə bərk hirslənir və ona “Bunu sübut etməsən səni məktəbdən qovduracağam”-deyir. Bunu eşidən A.Qazıyev dərsdən sonra kitabxanaya gedir və həmin jurnalı tapır. Onun fotosunu çəkmək üçün kitabxanaçıdan alıb evlərinə aparır. Fotoaparatı xarab olan gənc heykəltəraş təmiz plyonkanı qaranlıqda böyügücü aparata salıb, onun işığını ani yandırmaqla fotonun neqativini əldə edir. Ertəsi gün onu aparıb müəlliminə göstərir, o da gördüklərindən təəccüblənsə də, tələbəsinin haqlı olduğunu görür və onu rahat buraxır. Bundan bir-neçə gün sonra heykəltəraşların dərs keçdikləri Kirxanın qapısı döyülür. O vaxt orada olan Arif Qazıyev qapıya doğru gedir və onu açanda qarşısında Fuad Əbdürrəhmanovu görür. F.Əbdürrəhmanov müəllimlərdən kiminin içəridə olduğunu xəbər alır. Arifdən “Pyotr Sabsay!” cavabını eşidib içəri girir və dərhal da “Burada kim foto ilə maraqlanır?” – deyə soruşur. Bu sualdan çaş-baş olan Arif Qazıyev ona mənfi cavab verir və tanınmış heykəltəraşın P.Sabsayın yanına keçdiyini görüb tez aradan çıxır. Başa düşür ki, foto məsələsini ona çatdırıblar… Bir müddət sonra Rəssamlar İttifaqında növbəti dəfə iclas keçiriləndə Fuad Əbdürrəhmanov yenə adəti üzrə “ayı”nı masanın üzərinə qoyur. Cəlal Qaryağdı da elə bunu gözləyirmiş kimi tez cibindən Arif Qazıyevin müəlliminə verdiyi fotonu çıxarıb “ayı”nın yanına qoyur. Bu dəfə heç kim “ayı”ya gülmür və təəccüb və təəssüf içində Fuad Əbdürrəhmanova baxırlar…
Deyəsən böyük sənətkarların səhvləri də böyük olurmuş…

 

Soltan Atayevin “doktor”luğu

 

Respublikanın əməkdar rəssamı Soltan Atayev çoxdandır ki, Azərbaycan Pedaqoji Universitetində kafedra müdiri vəzifəsində çalışır. İnstitutda hamının gözəl müəllim-rəssam kimi tanıdığı Soltan müəllim bu sahədən uzaq olan tanışları arasında bacarıqlı “doktor” kimi məşhurdur. Buna səbəb həmin dostlarına verdiyi tibbi məsləhətlərin müsbət nəticə verməsi olmuşdur. Bir gün bu gün yüksək vəzifə tutan dostlarından biri idman hərəkəti etdiyi zaman əzələsini bərk zədələdiyindən və bunun ona bərk ağrı verdiyindən şikayətlənir. Soltan müəllim ona xaş yeməyi məsləhət görür. Həmin adam Soltanın müəllim işlədiyini bildiyindən verdiyi bu məsləhətə bir o qədər əhəmiyyət vermir və səhərisi gün özəl klinikalardan birinə müraciət edir. Orada əvvəlcə ona kassaya 20 manat ödəməyi tövsiyə edirlər. Sonra həkim onu müayinə edir və elə bir ciddi təhlükənin olmadığını deyir. Təbii müalicə üsulu kimi xaş yeməyi məsləhət görür. “Xaş” sözünü eşidən xəstəni gülmək tutur və öz-özünə : “Adə, mən qəribə adamam. Elə Soltan müəllim də xaş məsləhət görmüşdü. Onun dediyinə əməl etsəydim heç 20 manat da ziyana düşməzdim!” – deyir.
Bundan sonra hər dəfə dostu Soltana “doktor” deyə müraciət etməyə başlayır. O, bunu həm ikilikdə olanda, həm də yanlarında özünün də dostları olanda söyləyir. Bir dəfə APİ-nin Bakıxanov küçəsindəki korpusunun yanında Soltan müəllim dostunun bir dostuna rast gəlir. Hal-əhval tutandan sonra anasının yaxşı yeyib-içmədiyindən, iştahasız olduğundan şikayətlənir. Sonda dostunun Soltana müraciətlərindən onun həqiqətən də doktor olduğunu zənn edən həmin adam “Doktor, nə məsləhət görürsən?” – deyir. Soltan müəllim də sakitcə “Sən anana andız suyu içirt deyir. Apteklərdə satılır, tapmasan, mən gətirərəm!” –söyləyir. Bir müddət keçəndən sonra həmin adam Soltan müəllimə zəng edərək, indi harada olduğunu soruşur. O da “İşdəyəm!” – deyə cavab verir. Az sonra yenə həmin tanışı zəng edərək Soltana onun iş yerinin qarşısında olduğunu deyir. Müəllim də tez aşağı düşür, ancaq institutun qarşısında tanışını görmür və ona zəng edərək harada dayandığını soruşur. Tanışı da öz növbəsində “Semaşko”nun qarşısındayam!” – cavabını verir. Bu cavabı eşidən Soltan müəllim doyunca gülür və ona “Mənim iş yerim “Semaşko” yox, APİ-dir. Bir az aşağı gəl, institutun qabağında səni gözləyirəm”- deyir. Bir azdan onlar görüşürlər. Tanışı Soltan müəllimin məsləhətindən sonra andız suyu içən anasının sağaldığını deyir və ona minnətdarlıq olaraq hədiyyə gətirdiyini bildirir. Hədiyyəni götürməyə məcbur olan Soltan müəllim işə qayıdır, tanışı da razı halda evinə gedir. Sən demə, dostlar daha çox “Semaşko”dan o qədər də uzaq olmayan APİ-nin yaxınlığında görüşdüklərindən Soltanın müəllimliyindən xəbərsiz olan tanışı onun həqiqətən də həkim olduğunu düşünürmüş…

 

Mürsəl Nəcəfovun xəsisliyi

 

Sovet dönəmində Azərbaycan rəssamlarının yaşlı nəslinin nümayəndələri bir gün ehtiram əlaməti olaraq özlərinin müəllimi hesab etdikləri xalq rəssamı Əzim Əzimzadənin ad günündə onun məzarını ziyarət etməyə qərar verirlər. Rəssamlar İttifaqında xüsusi avtobusa oturub Fəxri Xiyabana yola düşürlər. Mənzil başına çatandan sonra onlar gətirdikləri gül dəstəsini görkəmli rəssamın məzarı üzərinə qoyurlar. Söz-sözü çəkir və onlar növbə ilə Əzim müəllimlə bağlı xatirələrini söyləyirlər. Söhbətin şirin yerində Ə.Əzimzadə ilə az qala ata-oğul münasibətində olan Mikayıl Abdullayev məzar ətrafına toplaşanlara bir məsələni xatırladır: “Ay yoldaşlar, düzdür biz hamımız Kommunist Partiyasının üzvüyük, amma ondan əvvəl axı biz müsəlmanıq. Olmazdımı ki, biz bura bir molla dəvət edəydik. O da rəhmətliyin ruhuna dua oxuyardı, kişinin də ruhu şad olardı!” Onun qəflətən söhbəti bu axara yönəltməsi hamını çaş-baş salır. Bu vaxt rəssamlardan biri soruşur: ”Bəs mollanın pulunu kim verəcəkdi ?” Mikayıl Abdullayev sakitcə: “Mürsəl Nəcəfov!” – deyir. Hamı, o cümlədən də Mürsəl Nəcəfovun özü də maraqla bunun səbəbini soruşur. Mikayıl müəllim də səbirlə bunun səbəbini izah edir: “Çünki Mürsəl diplom işini də, namizədlik və doktorluq dissertasiyalarını da Ə.Əzimzadəyə həsr edib. Üstəlik Nizami muzeyi üçün onun əsərlərinin surətlərini işləyib. Bir sözlə, çörək pulunu ona Əzim Əzimzadə qazandırıb!” Bu cavab hamının gülüşünə səbəb olur…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir