ders

Yüksək bal toplayan abituriyentlər niyə esse yaza bilmirlər? Təhsilin repetitorluq bəlası

Baxış sayı: 406

Azərbaycan dilindən maksimum nəticə göstərən abituriyentlərin esse yaza bilməməsi geniş müzakirəyə səbəb olub.

Qeyd edək ki, Elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında bu barədə çıxışında bildirmişdi.

“Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir”.

Professor Şahlar Əsgərov bildirir ki, abituriyent yüksək bal toplayıbsa, bu, repetitorun uğurudur. Onun sözlərinə görə, repetitor şagirdə sualların cavabını öyrədir. Ona görə də, yüksək bal toplaya bilməyənlərin sadə bir esse yaza bilməməsi normaldır.

“Təhsil sistemli olmalıdır. Repetitorluq təhsil sisteminə arxadan vurulan zərbədir. Bu gün repetitorluq təhsil sistemində böyük rol oynadığı üçün nəticə belə biabırçıdır. Abituriyentin esse yaza bilməməsi çox qüsurlu haldır” – Ş.Əsgərov deyib.

Ş.Əsgərov onu da bildirir ki, məktəb proqramı ilə DİM-in proqramı ziddiyyət təşkil edir: “Bu problem aradan qaldırılmalıdır. Təhsil mühitini sağlamlaşdırmaq lazımdır. Məktəbi şagirdə görə hazırlamaq lazımdır. Hazırda məktəb şagirdləri qəbul etməyə hazır deyil. Nazirin dediyi problemlərin açarı onun öz əlindədir”.

tehsil

Təhsil eksperti Elçin Əfəndiyev isə bildirir ki, yüksək bal toplayan, amma esse yaza bilməyən abituriyentlərin bu problemi onların illərdir test üsulu ilə hazırlaşmalarından irəli gəlir. Onlar qarşılarına qoyulan sualların cavabını axtarırlar. Test üsulunda abituriyentlərin özlərinin nəyisə yazıb qeyd etməsinə elə ciddi ehtiyac qalmır.

Həmsöhbətimiz bildirir ki, 2019-cu ildən etibarən DİM kurikulum üzrə imtahan keçirdikdən sonra müvafiq mətnlər əsasında abituriyentlərdən öz fikirlərini qeyd etmək tələb olunur:

“Təsadüfi deyil ki, yüksək bal toplayan abituriyent ali məktəbə qəbul olunduqdan sonra mühazirə və seminarlarda hər hansı mövzu barədə danışmağa çətinlik çəkir. Bunun əsas səbəbi əzbərçiliyə meyl etmələri, özlərini ifadə edə bilməmələridir”.

E.Əfəndiyev söyləyir ki, buna görə də qəbul imtahanlarının formatı dəyişilməlidir.

“Qəbul imtahanında fənlərin sayı azaldılmaldıır. Test üsulu saxlanılsa belə, abituriyentlərin mütaliə etməyə zamanları da qalmalıdır. Düşünürəm ki, DİM, Elm və Təhsil Nazirliyi, həmçinin Nazirlər Kabineti birgə qəbul imtahan modelinin dəyişməsi ilə bağlı ümumi razılıq əldə edəcəklər”.

 

 Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir