Sehrizad Suleyman

Ərəblərin əksəriyyəti Azərbaycanı dəstəkləyir – MÜSAHİBƏ

Baxış sayı: 1. 030

Xalqımızın Qarabağ uğrunda haqq savaşının, qürurlu tariximizin yazıldığı bu günlərdə xaricdə yaşayıb fəaliyyət göstərən həmvətənlərimiz yumruq olub, yurdumuz üçün dua edirlər.

Həmsöhbətimiz Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşımız, Abu Dabi Universitetinin beynəlxalq əlaqələr kafedrasının müəllimi, şərqşünas-tədqiqatçı Şəhrizad Süleymandır.

 

– Şəhrizad xanım, Azərbaycanın öz torpaqları uğrunda başlatdığı haqq mübarizəsinə Birləşmiş Ərəb Əmirliklərində ümumi münasibət necədir?

– İşğalçı Ermənistanın silahlı birləşləmələrinin Azərbaycana qarşı son hərbi təxribatları, baş verən hərbi olaylar Birləşmiş Ərəb Əmirliklərində, eləcə də Körfəz ölkələrində diqqətlə izlənilir. Ümumilikdə götürsək, ərəblərin əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində islam ölkəsi olan Azərbaycanı dəstəkləyirlər. Ərəb dünyasının nüfuzlu televiziyaları, xəbər radioları, saytlar, aparıcı media resurları ölkəmizin haqlı mövqeyini işıqlandırırlar. Son günlər dövlət başçısı İlham Əliyevin “Əl-Cəzirə “, “Əl-Ərəbiyə” kimi çoxmilyonlu auditoriyası olan xəbər televiziyalarına müsahibələri ərəb dünyasında çox böyük əks-səda doğurub. Ölkə prezidentinin faktlara əsaslanan qətiyyətli çıxışını dinləyən hər bir əcnəbi izləyici işğalçı Ermənistan rəhbərliyinin riyakar simasının, habelə beynəlxaq hüquq və qanunlara zidd hərbi cinayət əməllərinin bir daha şahidi olur.

 

– Düşmən tərəfin ərəb mediasındakı mövqeyini izləyirsiniz?

– Ermənistanın ölkəmizə qarşı təxribatları ilə bağlı BƏƏ və digər ərəb ölkələrinin kütləvi informasiya vasitələrini diqqətlə izləyirəm. Qeyd edim ki, əksər qəzet və saytlarda eyni xəbər blokunda hər iki ölkənin rəsmi məlumatlarını yayımlayırlar. Lakin bildiyimiz kimi, erməni tərəfi həmişəki kimi məkrli, riyakar xislətindən əl çəkmir, yalan informasiyalar yaymaqla dünya ictimaiyyətini münaqişənin əsl mahiyyətindən yayındırmağa çalışırlar. Son hərbi hadisələrlə bağlı erməni lobbisi əksər dünya ölkələrində olduğu kimi, ərəb aləmində də Azərbaycana və qardaş ölkə Türkiyəyə qarşı yalan məlumatların yayılması, həqiqətlərin təhrif olunması üçün əməli fəaliyyətə keçiblər. Bəzi media resurslarında ölkəmizlə bağlı oxuculara feyk, yalan, səhv məlumatlar verilir, işğalçı Ermənistan Müdafiə Nazirliyinin həqiqətdən uzaq xəbərləri tirajlanır. Bu tip xəbərlər yayan internet resurslarına, saytlara, sosial media səhifələrinə faktlara əsaslanan müvafiq şikayətlər edir, əks mövqe nümayiş etdirən xəbər saytlarının rəhbərlərinin, redaktorların “e-mail” ünvanlarına etiraz məktubları ünvanlayırıq. Ərəb ölkələrində yaşayan ermənilər aktiv şəkildə ingilis və ərəbdilli sosial mediada provokasiyalar aparırlar, Tvitter, İnstaqram, Feysbukda yalan məlumatlar və görüntülər yaymağa çalışırlar. Lakin BƏƏ-də yaşayan azərbaycanlılar aktiv şəkildə bunun qarşısını almağa çalışırlar. Yalan məlumat yayan şəxslərə faktlarla, həqiqətlərlə cavab verilir, onların sosial şəbəkələrdəki hesabları şikayət edilir.

 

– Bu gün harada olmağımızdan asılı olmayaraq hamımız şanlı Azərbaycan Ordusunun əsgərləriyik. İnformasiya müharibəsində hansı işlər görülür?

– Bu günlər ərzində ərəb dilində ölkəmizin haqlı mövqeyini faktlarla özündə əks etdirən məqalələr hazırlayaraq tanıdığım, dost münasibətində olduğum ərəb jurnalistlərə, saytlara təqdim etmişəm. Onlar ölkəmizlə bağlı öz fikirlərini də əlavə edərək məqalələri yayımlayıblar. Universitetdə yerli ərəb tələbələrim ölkəmizlə bağlı düzgün məlumatların yayılmasında yaxından iştirak edirlər. Onlar sosial şəbəkələrdə ermənilərin həqiqi simalarını faktlarla ifşa edir, düşmənin hərbi təxribatlarına öz etirazlarını bildirirlər. Qeyd edim ki, işğalçı Ermənistanın silahlı birləşmələrinin 27 sentyabr tarixindən ölkəmizin cəbhəboyu ərazilərinə hərbi təxribatları Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan azərbaycanlılarda kəskin etiraz və qəzəb hissi oyadıb. İlk andan BƏƏ-dəki soydaşlarımız düşmənə qarşı səfərbər olaraq birlik və həmrəylik nümayiş etdirirlər. Ermənistanın son hərbi təxribatları ilə bağlı BƏƏ-də fəaliyyət göstərən Azərbaycan icması olaraq ərəb və ingilis dillərində yerli və xarici qurumlara, eləcə də kütləvi informasiya vasitələrinə bəyanat ünvanlamışıq. Bəyanatda faşist ideologiyasına əsaslanan təcavüzkar siyasət yürüdən Ermənistanın Azərbaycanın 20% ərazisini, tarixi torpaqlarını silah gücünə işğal etməsi, BMT qətnamələrini yerinə yetirməməsi, beynəlxalq normaları və qanunları kobud şəkildə pozması, vandalizm aktları törətməsi, habelə mülki əhaliyə ardıcıl hərbi hücumları, yaşayış məntəqələrini ağır artilleriya silahlarından atəşə tutması, xeyli sayda günahsız mülki şəxslərimizin və hərbi qulluqçularımızın həlak olma faktları qeyd olunub. Erməni yalanlarının ifşa olunmasında BƏƏ-də fəaliyyət göstərən diplomatik korpusumuz da var gücü ilə çalışır. BƏƏ-dəki səfirimiz Mahir Əliyev mütəmadi olaraq müxtəlif ərəb ölkələrinin nüfuzlu televiziyalarında Ermənistanın hərbi təxribatları, Qarabağ həqiqətləri ilə bağlı çıxışlar edir. Dubaydakı Baş konsulumuz Cavidan Hüseynovun Ermənistanın Azərbaycan ərazilərində qanunsuz əməlləri barədə məqaləsi ərəb dünyasının 35-dən çox aparıcı xəbər saytlarında yayımlanıb. Bundan əlavə, BƏƏ-də fəaliyyət göstərən xarici ölkələrin diplomatik rəhbərlərinə, məsul şəxslərinə ölkəmizlə, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı məktublar ünvanlanır.

 

– Əminəm ki, soydaşlarımız da bu günlərdə on qat daha həmrəydirlər.

– Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlılar vətəndən uzaq olsalar da, ürəkləri doğma vətənlə, Azərbaycanla döyünür. Ölkəmizlə bağlı hər bir xəbəri həyəcanla izləyir və yaratdığımız bir neçə Vatsap qruplarında anında bölüşürük. Vətən müharibəsində iştirak edən əsgərlərimizlə, yüksək rütbəli zabitlərimizlə, Ali Baş Komandanımızla, xalqımızla, dövlətimizlə qürur duyuruq. Onu da diqqətinizə çatdırım ki, müzəffər ordumuza dəstək olmaq üçün BƏƏ-nin müxtəlif şəhərlərində yaşayan soydaşlarımızın iştirakı ilə qısa videomüraciət hazırladıq. Videomüraciətdə Abu Dabi, Dubay, Ajman və Ras əl-Xeyma əmirliyində yaşayan soydaşlarımız öz ürək sözlərini qəhrəman əsgərlərimizə, şanlı ordumuza, dövlət başçımıza böyük ruh yüksəkliyi ilə ifadə ediblər və hər zaman Azərbaycanla olduqlarını bildiriblər.

 

– Şəhrizad xanım, Azərbaycanın hər qarışı hamımızındır. Amma sizə lap özəl təbrik düşür. Səbəbini öz dilinizdən eşitmək istəyirəm.

– Dünəndən sevincimin həddi-hüdudu yoxdur. Ata-baba yurdum Cəbrayıl rayonu 27 illik düşmən əsarətindən azad olundu. Ali Baş Komandan İlham Əliyev illərdir həsrəti ilə yaşadığım Cəbrayıl rayonunun Karxulu kəndinin azad olunduğunu elan etdiyi an sevinc göz yaşlarımı saxlaya bilmədim. 4 oktyabr 2020-ci il tarixi həyatımın ən xoşbəxt və şad günüdür. Kəndimizin azad olunması və bu şanlı zəfər günü münasibətilə mənə və ailəmizə Azərbaycandan, BƏƏ-dən, digər ərəb və Avropa ölkələrindən, Rusiyadan, Türkiyədən, uzaq Amerikadan, Avstraliyadan, Kanadadan, Afrikadan, bir sözlə dünyanın hətta ən ucqar nöqtələrindən belə təbrik mesajları ünvanlanır, gözaydınlığı verilir. Mənə bu unudulmaz zəfər sevincini yaşadan Ali Baş Komandanımıza, müzəffər ordumuza, qəhrəman əsgərlərimizə, yüksək rütbəli zabitlərimizə öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan dünyaya sübut etdi ki, həqiqətən qüdrətli ölkədir və əzəli, tarixi torpaqları uğrunda mübarizə aparmağa, düşməni məhv etməyə qadir ölkədir. Uzun illərdir yuxularımda, xəyalımda ziyarət etdiyim kəndimizi nəhayət ki, görəcəm. Atrıq doğma kəndim, rayonumuz, Vətən mənim üçün uzaqda deyil! (“Publika.az”)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir