bas agrisi

Baş ağrıları: Növləri və müalicə yöntəmləri

Baxış sayı: 373

Baş ağrıları, insanların gündəlik həyatını təsir edə biləcək yaygın bir şikayətdir. Bu ağrılar müxtəlif səbəblərlə ortaya çıxa bilər və müxtəlif növləri vardır. Baş ağrısının növləri haqda “Gencaile.az” saytına danışan  Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi Nərminə Abbasova baş ağrısının növlərini aşağıdakı kimi sıraladı:

Gərginlik baş ağrısı: Ən yayğın baş ağrısı növüdür. Çox vaxt stress, gərginlik və ya uzun müddət kompüter qarşısında olmaq səbəbiylə meydana gəlir. Bu ağrı başın hər iki tərəfində, sanki sıxılmış bir kəmər hissi yarada bilər.

Migren: Daha şiddətli və davamlı ağrılara səbəb olur. Migren ağrıları tez-tez başın bir tərəfində yerləşir və bulantı, qusma, işığa və səslərə qarşı həssaslıqla müşayiət edilə bilər. Migrenə genetik meyillilik və bəzi qidalar da təsir edə bilər.

Sinus baş ağrısı: Sinusit (burun boşluqlarının iltihabı) nəticəsində yaranan ağrılardır. Bu ağrılar üz bölgəsində, xüsusilə alın, burun köprüsü və yanaqlarda hiss olunur və bəzən yüksək temperaturla müşayiət edilə bilər.

Nermine Abbasova

Baş ağrılarının müalicəsindən də bəhs edən Nərminə xanım deyir ki, baş ağrılarının müalicəsi ağrının növünə və səbəbinə bağlıdır. Mütəxəssis ən ümumi yanaşmalar haqda isə aşağıdakıları dedi:

Tibb köməyi: Şiddətli və davamlı baş ağrıları varsa, həkimə müraciət etmək vacibdir. Müxtəlif tibbi müayinələr və testlər baş ağrısının səbəbini dəqiq müəyyən etməyə kömək edə bilər.

Əlverişli dərmanlar: Ağrını yüngülləşdirmək üçün ibuprofen, parasetamol kimi dərmanlar istifadə edilə bilər. Migrenlər üçün spesifik dərmanlar mövcuddur.

Stressin idarə edilməsi: Gərginlik baş ağrılarının qarşısını almaq üçün stressin idarə edilməsi, meditasiya və rahatlama üsulları faydalı ola bilər.

Qidalanma və həyat tərzi: Sağlam qidalanma və kifayət qədər su içmək, baş ağrılarının tez-tez yaranmasının qarşısını ala bilər. Ayrıca, kifayət qədər yuxu və müntəzəm fiziki fəaliyyət də əhəmiyyətlidir.

Baş ağrıları çox vaxt ciddi bir xəstəliyin əlaməti olmasa da, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə təsir edə bilər. Bu səbəbdən, baş ağrılarının düzgün qiymətləndirilməsi və uyğun müalicə üsullarının tətbiqi əhəmiyyətlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir