ayhan-fatih

Ayhan Akman: “Fənərbaxça”nın azarkeşi mənim üstümə bıçaq çıxartmışdı” – EKSKLÜZİV MÜSAHİBƏ

Baxış sayı: 6. 045

“Gencaile.az” saytının “Ailədən danış” rubrikasının budəfəki qonağı son olaraq “Qalatasaray”da məşqçi kimi çalışan “Beşikatş” və  “Qalatasaray”ın, eləcə də Türkiyə milli komandasının sabiq üzvü Ayhan Akmandır.  Bu, Ayhan Akmanın Azərbaycan mediasına ilk müsahibəsidir.

 

– Futbolçu olmağınıza ailənizin münasibəti necə olmuşdu?

–  Valideynlərimin münasibəti çox yaşı idi. Təsadüfi deyil ki, məni futbolda ilk addımlarımı attığım «İnegölspor” klubunun  seleksiya  xarakterli toplanışına atam özü aparmışdı.

 

– Maraqlıdır, futbolçu olmasaydınız, hansı peşənin sahibi olardınız?

–  Bu halda yəqin ki, universitetdə oxuyar, sonra da ixtisasıma uyğun bir işlə məşğul olardım. Amma açığı, futbolla məşğul olduqdan sonra bu haqda heç düşünmədim.

 

– Bildiyimiz qədəri ilə həyat yoldaşınızla tanışlığınız bir ortaq dostunuz vasitəsi ilə olub. Bu barədə nələr deyə bilərsiniz?

– Bəli, bizi ortaq dostumuz tanış etmişdi. Həmin vaxt mən “Qaziantepspor”da çıxış edirdim. Gələcək həyat yoldaşım isə Ankarada universitetdə təhsil alırdı. Eyni şəhərdə olmadığımızdan görüşmək imkanımız da yox idi. Bu səbəbdən ancaq telefonla danışırdıq.  Daha sonra  Bursada görüşdük və bundan qısa müddət sonra evlənməyə qərar verdik.

ayhan akman

 

– Futbolçu peşəsi elədir ki, adətən evdən kənarda olursunuz. Bu məsələ sizə və ailənizə hansı çətinlikləri yaradır?

–  Təbii ki, uzun müddətli məşq toplanışları ailəmizdən uzaq qalmağımıza səbəb olur ki, bu da müəyyən çətinliklər yaradır. Ən əsası sevdiklərimiz üçün darıxırıq. Ancaq bu, bizim işimizdir və vaxt ötdükcə buna alışırıq.

 

– Tanınmış sima olmaq həmişə gündəmdə olmaq deməkdir. Bu səbəbdən həyat  yoldaşınız sizi qısqanırmı?

–  Bəzən belə hallar olsa da, bu, ciddi problem yaratmır. Ümumiyyətlə, qısqanclığı təbii qarşılayıram.

 

– Ailə həyatı qurmaq  futbolçunun karyerasına necə təsir edir?

– Bizdə belə bir deyim var: həyatda uğur qazanmış hər kişinin arxasında bir qadın var. Bu doğurdan da belədir. Bu üzdən futbolçu karyerasının uğurlu alınması da ailədaxili münasibətlərdən, tərəflərin bir-birini anlamasından çox asılıdır.

 

– Əlinizdə imkan olsaydı,  hansı xasiyyətinizi dəyişərdiniz?

– Mən adətən insanlara tez inanıram. Əgər belə bir şansım olsaydı, bu xususiyyətimi dəyişərdim.

 

Ayhan

– Futbolçu kimi ən çox hansı qərarınızdan dolayı məyusluq hissi keçirmisiniz?

Karyeram ərzində verdiyim heç bir qərardan sonra peşman olmamışam. Düzdü, çətin anlar yaşadığım az olmayıb, amma toparlanmağı bacarmışam. Məsələn, “Beşiktaş”da forma geyəndə olduqca çətin günlər keçirmişdim. Amma sonradan hər şeyi yoluna qoya bildim. “Beşiktaş”la yollarımız ayrıldıqdan sonra “Qalatasaray”la anlaşdım və 11 il bu klubun formasını geydim. Hətta milli komandanın da şərəfini qorudum.

 

– “Kaş heç “Beşiktaş”da oynamazdım”  deyə düşündüyünüz oldumu?

– “Beşiktaş”a həmin dövr üçün Türkiyənin ən bahalı oyunçusu olaraq gəlmişdim. Burda keçirdiyim üç ilin ikisində zədə səbəbindən az hallarda meydanda olurdum. Bu hal həm mənim üçün çətin idi, həm də azarkeşlərin narazılığına səbəb olurdu. O vaxt komandanı çalışdıran Kristof  Daum da bu vəziyyətdən narahat idi və mənimlə yolları ayırmağı düşünürdü. Belə vəziyyətdə orda qala bilməzdim. Ona görə də  “Qalatasaray”la anlaşdım.  Amma heç vaxt “kaş “Beşiktaş”a getməzdim deyə düşünmədim. Əksinə,  “qara qartal”ın formasını geydiyim üçün fəxr edirəm, çünki bu klub Türkiyənin ən güclü komandalarından biridir.

 

– Hər iki övladınız  “Qalatasaray”ın aşağı yaş qruplarında forma geyir. Bir futbolçu kimi həyata keçirə bilmədiyiniz hansı hədəfinizi onların reallaşdırmasını arzu edirsiniz?

–  “Beşiktaş” və “Qalatasaray”ın, eləcə də Türkiyə milli komandasının şərəfini qorumuşam. Futbolçu kimi uğurlarım az olmasa da, ölkə xaricində çıxış etməmişəm. İstəyim odur ki, övladlarım futbolçu kimi legioner həyatı yaşasın.

 

– Yeri gəlmişkən, övladlarınızın futbolçu olmasında sizin nə dərəcədə rolunuz var?

– Öz seçimləridir. Futbolçu olmaq üçün istedadları var. Buna görə də onlara mane olmadım. Etiraf  edim ki, onların bu peşəyə yiyələnməsi mənim üçün də xoşdur. Onları meydanda görmək gözəldir. Mənimlə eyni mövqeydə oynamaları və oyun stillərinin mənə bənzəməsi də maraqlı məqamlardandır. Sanki meydanda özümü izləyirəm.

ayhan 2

– Futbolçu karyeranızda başınıza gələn, maraqlı, gülməli və ya təəccübünüzə səbəb olan hər hansı hadisəni bizimlə bölüşün…

– “Qalatasaray”-“Fənərbaxça” qarşılaşmasında Fənərbaxça”nın azarkeşi mənim üstümə bıçaq çıxartmışdı. Oyundan bir gün əvvəl Əli Sami Yən stadionundakı reklam lövhələrinin arasında gizlənən “Rembo” ləqəbli “Fənərbaxça”lı azarkeş bir anda ordan çıxaraq əlindəki “Fənərbaxça” bayrağını meydanın mərkəzinə sancmağa çalışdı. Mən isə onun əlindən bayrağı alaraq buna imkan vermədim. Bunun ardınca isə həmin azarkeş mənim üstümə bıcaq çıxardı. Əslində çox gərgin vəziyyət yaranmışdı. Bu olayın görüntüləri internetdə də var.

 

Söhbətləşdi: Tural Məmmədov

Ankara, Türkiyə

Ayhan 1

ayhan 6

ayhan 8

ayhan 3

ayhan5

 

 

 

 

 

 

 

 

 

 

 

ayhan 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir