IMG_7702

Teleaparıcı Mətanət Əlverdiyeva: “İki arzum var idi və…” – MÜSAHİBƏ

Baxış sayı: 9. 330

Qonağımız teleaparıcı kimi tanınan, indi isə həm də serial qəhrəmanı kimi televiziya ekran ilə evimizin qonağı olan Mətanət Əlverdiyevadır.  

– Mətanət xanım jurnalistikaya gəlişini necə xatırlayır? Bu, bir təsadüf idi, yoxsa arzuların gerçəkləşməsi?

– Ümumiyyətlə, mənim həyatımda heç nə təsadüfən olmayıb.  Sanki hər şeyi əvvəlcədən planlaşdırıram. Təbii ki, Allahın köməkliyi ilə. Uşaqlıqdan beynimdə formalaşdırmışdım ki, mənim yolum necə olacaq. Əslində, jurnalistika uşaqlıq arzum idi, reallaşdırdım. İki arzum var idi. Birincisi, aparıcı olmaq,  – bəzən deyirlər ki, uşaqlıqda axı nə azru etmək olar, əslində, hər şey  uşaqlıqdan başlayır. Digəri isə aktrisa olmaq. Aparıcılığa artıq 20 yaşımda nail oldum. Həmin vaxt radio aparıcısı kimi başladım fəaliyyətə. Aktrisalığa isə 20 ildən sonra başladım, yəni 40 yaşımda ilk dəfə rejissordan dəvət aldım və “Qız atası” serialına çəkilməyə başladım. Özümü bu sahədə də sınadım və mənə elə gəlir ki, alınır.

– Belə görünür ki, ATV-də daha rahatdır, özünüzü təsdiq etməyə daha geniş imkan əldə etmisiniz…

– ATV-də bəli, rahatdır. ATV mənim həyatımda yaxşılığa doğru dönüş yaratdı. Əgər həyatımda hər şey yaxşıdırsa, bəli, deməli, mənə rahatdır, karyeramda böyük bir dönüş yaratdı bu televiziya. Buna görə telekanalın rəhbəri Vüqar Qaradağlıya minnətdaram. Çox arzulayardım ki, bütün telekanalların rəhbərləri elə Vüqar müəllim kimi olsun – insanı anlayan və başa düşən.

– Bəzən efirdə elə hadisələr olur ki, aparıcı çıxılmaz vəziyyətə düşür, arzuolunmaz görüntü yaranır və s. Belə hallar çoxmu olub? Nəsə xatırlayırsınızmı?

– Məndə həm radioda, həm də televiziyada həmişə canlı efir olub. Canlı efirdə də nəyinsə baş verməməsi qeyri-mümkündür. Çox olur belə hallar. Ən çox radioda belə hallarla rastlaşmışam, ancaq o andaca yaranmış situasiyadan çıxmağı bacarmışam. Bilmirəm, bəlkə bu da bir istedaddır, hərdən deyirəm, anam məni çox istedadlı dünyaya gətirib (gülür – V.M.). Ümumiyyətlə, həyatda hər bir çətinliyi aşmağa güc tapmaq lazımdır, istər iş prosesində olsun, istər ailədə, istər qohum-qonşu ilə münasibətdə və s. Çalışıb baryerləri keçmək lazımdır.

Mən heç vaxt pessimist insan ola bilmərəm. Çox optimistəm – hər vəziyyətdən də çıxış yolu tapmağa çalışıram və bacarıram, bəlkə də bu, mənim xoşbəxtliyimdir.

– Hansı aparıcıları bəyənirsiniz?

– Çox maraqlı sualdır. Maşallah, o qədər aparıcı var ki… Təki olsun, aparıcılarımızın sayı çox olsun. Amma kimin harda olması, necə aparıcılıq etməsinə diqqət etmək lazımdır, hər kəs öz yerində olmalıdır. Veriliş aparıcıya görə baxılmalıdır, aparıcılar bunu nəzərə almalıdır. Veriliş həsrətlə gözlənilməlidir, tamaşaçı deməlidir ki, bu gün filan aparıcının verilişi var. Tamaşaçı gözləməlidir ki, görək filan aparıcı nəyi, necə müzakirə edəcək. Təqdimatdan çox şey asılıdır, aparıcı verilişi alt-üst də edə bilər, hər şeyi bir-birinə qata da bilər və ya əksinə, proqramı çox gözəl hazırlayıb təqdim də edə bilər. Bu cür aparıcıları bəyənirəm. Təəssüf ki, belələri azdır.

– O azlardan kimlərin adını çəkə bilərsiniz?

– Onların adlarını çəkmək istəmirəm. Çox azdılar belələri. Birdən onlara da göz dəyər. Qoy çəkməyim adlarını…

– Gərgin iş qrafikində işləyirsiniz. Bir qadın üçün çətin deyil ki?

– Qadın üçün heç nə çətin deyil həyatda. Bilirsiniz, qadın elə çətinlik üçün yaranıb da. Ailəni saxla, uşaq dünyaya gətir, gecə-gündüz onun qulluğunda dur, yeməyini bişir, işə get, evin işini gör – görürsünüz, nə qədər iş var, nə qədər çətinlik var. Ancaq qadın nə edir? Bütün bu işlərin öhdəsindən layiqincə gəlir. Bunları kişilər edə bilərmi? Kişi bircə işə gedir-gəlir, “ah-of” edir ki, yorulmuşam, ancaq qadın bütün günü işləyir. Hətta evdar xanımlarımız da bütün günü işləyirlər. Hərdən  deyirəm ki, kişilər o qadınların əllərindən öpməlidir. Evin işi çölün işindən çətindir. Ona görə də gərgin iş qrafiki mənim üçün çətin deyil. Elə bilirəm ki, 24 saat işləsəm,  deyərəm ki, nə etmişəm ki?! Bir sözlə, yorulmuram. x05f829e3cc0e,P20,P2813,P29.jpg.pagespeed.ic.q0va_IKgE5

– Ailənizdən danışaq bir az da mümkünsə…Uşaqlarla daha çox kim məşğul olur?

– Özüm məşğul oluram. Kim məşğul olmalıdır ki?! Çalışıram ki, onlara kifayət qədər vaxt ayırım. Qrafikimi buna uyğun qurmuşam.

Balaca oğlum iki idman növü ilə məşğuldur – həm cudo, həm də üzgüçülüklə. İstəyirəm, sağlam həyat tərzi keçirsinlər. Elə düzüb qoşmuşam ki, hamısı bilinir – kim nə yeyir, kim nə geyinir, kim nə vaxt nə işlə məşğuldur. Onlarla oynayıram da, vaxt ayırıram da. Təbii ki, böyüklə oynamıram – artıq 24 yaşındadır, kiçiklə.

Ümumiyytlə, düşünürəm ki, uşaqların həyatında valideynin rolu böyük olmalıdır, ancaq bir qədər azadlıq da verilməlidir. Fikirləri nəzərə alınmalıdır, bizim  valideynlərimiz də həmişə belə yanaşıb bizə. Qışqır-bağırla, döyməklə tərbiyə etmək olmaz övladı.

– Sumqayıtdan hər gün işə gəlib-gedirsiniz. Maraqlıdır, Bakıya köçməmə səbəbiniz nədir? 

– Sumqayıtda doğulmuşam, burada bağçaya, məktəbə getmişəm, bütün həyatım Sumqayıtla bağlı olub. Ancaq sonradan evin ölçüsünün azlığından qərara aldıq ki, Bakıya köçək. Köçdük. Ancaq 5 il Bakıda yaşayandan sonra başa düşdüm ki, mütləq Sumqayıta qayıtmalıyam. Sumqayıt mənim həyatımdır. Bu şəhəri çox sevirəm. Sumqayıtsız çox darıxaram, burdan, burda yaşamaqdan zövq alıram. Həm də axı necə zövq almayasan. Görün necə gözəldir, necə gözəl işlər gedir, gözəl layihələr icra olunur. İndi Sumqayıta girəndə elə bilirəm ki, hansısa xarici ölkədəyəm, yol infrastrukturu, yaşıllıqlar, abadlıq adamı heyran qoyur və bütün bunlar bizim üçündür, bizim rahat yaşamamız üçündür.

– Bulvara düşməyə imkanınız olubmu?

– Eyvanımdan baxanda yeni bulvar görünür, çox xoşuma gəlir. Təmir işləri yekunlaşsın, mütləq bulvara gedəcəm, ora getməmək qeyri-mümkündür.

– Nə vaxtdan avtomobil idarə edirsiniz?

– 7-8 ildir artıq.

– Yol hərəkəti qaydalarını necə bilirsiniz? Qaydaları tez-tezmi pozursunuz?

Bütün sənədlərim qaydasındadır, çalışıram ki, bütün yol hərəkəti qaydalarını da gözləyim. Maşına əyləşən kimi ilk işim kəməri bağlamaqdır. Heç vaxt sürət həddini aşmaram. Hərdən deyirlər ki, “ay Mətanət, niyə belə yavaş sürürsən?! Cavab verirəm ki, ora 70 yazılıb 70-lə sürürəm, 100 yazılıbsa, 100-lə. Niyə qaydanı pozmalıyam ki?! Yoldur, hər bir şey ola bilər. Bəladan uzaq olmaq üçün qaydalara riayət etmək lazımdır.

– DYP işçiləri ilə aranız necədir?

– Yaxşı ki, onlar var. Onlara dəstək olmaq lazımdır. Onların qadasını alım, onlar mənim dostlarımdır, çox hörmət edirəm yol polislərinə. Onlar da mənə – çünki qaydalaı pozmuram. Həm Bakıda, həm də Sumqayıtda. Ən çox da salamlaşdığım Saray postundakı DYP əməkdaşlarıdır. Səhər saat 6-da filan ordan keçirəm və polis tərzində onlarla salamlaşıram. Bir dəfə yol polisləri ilə bağlı sujet hazırladım, Ekologiya postunda polis formasında dayandım, onda başa düşdüm ki, polis olmaq  heç də asan deyilmiş. O sujeti hazırlayınca bütün əsəblərim pozuldu, qışın soyuğunda, istidə açıq havada saatlarla qalmaq asan məsələ deyil. Bəzən insanlar kobud davranırlar, ancaq olmaz, “saxla” deyirlərsə, tələbə əməl etmək lazımdır, gülərüz, yumşaq, pozitiv olmaq lazımdır. Yaxşı ki, polisimiz var.

Söhbətləşdi: Vüsal Məmmədov

IMG_7699 IMG_7700




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir