13512174_1121827114556321_5803683482138558721_n

“Şeirlərim zəif olduğu üçün jurnalistika ilə məşğul olmağa başladım” – TANINMIŞ TELEAPARICI İLƏ MÜSAHİBƏ

Baxış sayı: 11. 339

Həmsöhbətimiz televiziya ekranlarından yaxşı tanıdığımız Sənan Şəfizadədir. ATV-nin əsasən idman xəbərlərində iş başında olan aparıcısı ilə jurnalistikaya gəlişindən, futboldan, evdən-eşikdən, bir sözlə, imkan daxilində hər şeydən danışmağa çalışmışıq. 

– Nə qədər klişe səslənsə də, soruşum: Sənan Şəfizadənin jurnalistikaya gəlişi necə alındı? Bu, bir təsadüf idi, yoxsa arzularınızın reallaşması?

– Qəribə səslənə bilər. Amma təsadüf kimi alındı. Deyirlər, təsadüf zərurətdən yaranır. Mediaya gəilişimə gəlincə 2000-ci ilin noyabr ayı idi. Yazdığım şerləri “Tələbə press” qəzetinə apardım. Redaktor söylədi ki, şeirlər zəifdir. Amma bizim üçün yazı hazırlaya bilərsən. İlk yazılardan sonra qəzetlə əməkdaşlığa başladım.

– Sizcə, şeirlər, doğrudanmı, zəif idi?

– Yəqin zəif idi. Hər oğlan gənclik dövründə şer yazır. Adi şeirlər idi.

– Sonralar yenə poeziyada cəhdlər etdinizmi?

– Yox, daha cəhd etmədim. İstəmədim alınmayan işlə məşğul olum.

– Beləcə ilk yazılarınız çap olundu…

– Bəli, ilk yazılarım “Tələbə press” qəzetində dərc olundu. Ardınca “168 saat”, “Futbol Proqnoz”, “Sport+” nəşrləriylə əməkdaşlıq etdim. Yazılarımın qəzetdə çıxmasını səbrsizliklə gözləyirdim. Səhər tezdən universitetə getməzdən əvvəl köşkdən qəzet alırdım. Həyəcanla yazımın yer aldığı səhifəni axtarırdım. Sonralar “Region Plus” jurnalıyla əməkdaşlığımız başladı.

– Bəs necə oldu televiziyaya gəldiniz?

– 2003-cü ildə mən qəzetdə çalışdığım dönəmdə ATV kanalının müsabiqə keçirdiyini öyrəndim. Həmkarım Rəşad Rafiqoğlunun köməkliyi ilə müsabiqəyə yazıldım. Müsabiqədən keçəndən sonra 8 ay təcrübə topladım, iş prosesini öyrəndim. Həmin müddətdən indiyə qədər ATV kanalında çalışıram.

– Niyə məhz futbol aparıcısı?

13874809_1147994481939584_83121794_n

Məktəbli Sənan

– Futbol yox, idman xəbərlərinin aparıcısı demək istədiniz yəqin. Oyunlarda olur futbolun aparıcısı. Dəvət aldığım müxtəlif idman yarışlarında işimi layiqincə görməyə çalışıram. Son zamanlar futbol daha tez-tez olur. Futbol idmanın şahıdır, ona görə futbolsuz həyat o qədər maraqlı olmaz.

 – Özünüz futbol oynayırsınızmı?

– Bəzən dostlarla oynayırıq. Amma o qədər yaxşı oynamıram.

– Hansı zonada oynayırsınız?

– Baxır komandamıza. Bəzən qapıda dayanmaq məcburiyyətində oluram. Çox vaxt müdafiədə dayanıram. Fikrimcə arxa xəttdə vəziyyət daha çətindir. Dostlarla oynadığımız zaman hansı mövqedə oynamağımızdan asılı olmayaraq komanda kimi mübarizə aparmağa çalışırıq.

– Bəs azarkeş kimi, hansı komandaya azarkeşlik edirsiniz?

– Azərbaycan millisinə hər zaman azarkeşlik etmişəm. Millimizin olmadığı yarışlarda İtaliya komandasına rəğbət bəsləyirəm. Avrokuboklarda ölkəmizi təmsil edən klubların hər biri bizim üçün əzizdir. Jurnalist kimi gərək neytral mövqeyimizi qoruyaq. Ona görə azarkeşlik etməməyə çalışırıq.

– Yəqin hansısa futbolçularla şəxsi münasibətləriniz var?

– Şəxsi deməzdim, sadəcə imkan daxilində ancaq futbol oyunlarında görüşmürük. Bəzən sadəcə telefonla söhbətləşirik.

– Məsələn, kimlərlə?

– Futbolçularla münasibətlərimiz adətən işlə bağlı olur. Amma bəziləriylə işdən sonra da zəngləşirik, müxtəlif məsələləri müzakirə edirik. Mahmud Qurbanov, Yunis Hüseynov, Şahin Diniyev, Ağasəlim Mircavadov, Böyükağa Hacıyevlə tez-tez telefonla danışırıq. İqor Ponomaryovla az hallarda olsa da, söhbət etməyə imkanmız olur. İskəndər Cavadovla maraqlı söhbətlərimiz alınır. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu çox vaxt oyunlarda və ya məşq vaxtlarında görürəm. Onunla da danışmaq hər zaman maraqlıdır.

– Fransada keçirilən Avropa Çempionatını, yəqin ki, izlədiniz. Siz dəmi Almaniya demişdiniz?

– Almaniya, Almaniya deyən Böyükağa Hacıyev idi. Mən İtaliyaya azarkeşlik edirdim. Təəssüf ki, İtaliya finala qədər irəliləyə bilmədi. Almaniya ilə oyunda penaltilərdə uduzdu. Avro-2016 fikrimcə indiyə qədər baxdığım ən maraqlı Avropa çempionatlarından biridir.

– Bu çempionatın hansı oyununu stadiondan canlı izləmək istərdiniz?

– Yarımfinal və final oyununa biletlərim var idi. Sadəcə işlə əlaqədar gedə bilmədim. İtaliya millisi finala vəsiqə qazansaydı, mütləq Fransaya gedəcəkdim. Bir sıra vacib oyunları stadiondan izləmişəm, ona görə təəssüflənmirəm.

– Hansı oyunlardır onlar?

– Klublarımızın və Azərbaycan millisinin bir sıra səfər matçlarında stadionda olmuşam. 2-3 il əvvəl baş tutan Avropa Liqasının final matçı “Benfika”-“Çelsi” oynunu Amsterdamda izləmişəm. İki dəfə “Real”-“Barselona” görüşünü izləmişəm. “Atletiko”-“Sevilya”, “Liverpul”-“Arsenal” çempionat oyunları indiyə qədər yadımdadır. Gürcüstanda keçirilən Avropa Superkuboku uğrunda “Barselona”-“Sevilya” görüşünü də qeyd etməliyəm. Çox maraqlı oyun izləmişdik.

– Hansısa müsahibənizdə demisiniz ki, sizi hindistanlıya bənzədiblər. Harda, necə baş verib bu?

– Xarici ölkədə səfərdə olduğum zaman baş vermişdi. Akkreditasiya vəsiqələrimizi götürürdük. O zaman xanım yaxınlaşaraq alman dilində mənə sual verdi. Sonra isə soruşdu ki, haralısınız? Azərbaycan deyəndən sonra əlavə etdi ki, məni Hindistan nümayəndə heyətinin üzvlərinə oxşadıb.

Sənan gənc jurnalist olaraq ilk mükafatlarından birini alır

Sənan gənc jurnalist olaraq ilk mükafatlarından birini alır

– Yəqin efirdə elə hadisələr olub ki, illər keçsə də, unutmayacaqsınız…

– Efirdə çox hadisələrimiz olur. Bir dəfə studiyada qonağımız veteran futbolçu Kamal Quliyev idi. Efir vaxtı sponsor haqda danışdığım zaman Kamala dedim ki, evdə futbola necə baxırsan. Mənə çay içdiyini deməsi lazım idi. Sponsor çay olduğundan bütün qonaqlara eyni sualı verirdim. Kamal belə cavab verdi: “Hava istidir, əslində pivə də içmək olar. Amma Ramazan ayı olduğu üçün çay içirik”. Bu vaxtı özümü gülməkdən güclə saxlamışdım.

– Yəqin, belə hadisələr içərisində tamaşaçının hiss etmədiyi çox kuryozməqamlar da olub. Nəsə xatırlayırsınızmı?

– ATV-də efir vaxtı bir hadisə yaşanmışdı. 2006-cı il idi. Canlı efir zamanı hiss elədim ki, başımın üstündəki lampa partladı. Şifahi xəbəri oxuyarkən fikirləşirdim ki, başıma düşərsə necə olacaq. Xoşbəxtlikdən efiri problemsiz başa çatdırmışdıq.

– İş fəlsəfəniz, dəyişməz prinsipləriniz hansılardır?

– Çalışmaq, öyrənmək və işləmək. İnsan gərək hər zaman çalışsın. Öyrənmək heç vaxt gec deyil. Bu mənada gərək yorulmadan çalışasan. Hər dəfə yeni ideyalar yaranır. Yeni layihələrin reallaşmasına çalışmaq lazımdır. İnsan həmişə işləməlidir.

– Evlisiniz. Sizin futbol marağınız ailədə necə qarşılanır?

– Ailəliyəm. Bir oğlum var – Nadir. Evdə məndən başqa atam da futbol azarkeşidir. Bütün oyunlara baxır. Tez-tez məndən proqnoz soruşur, amma deyirəm ki, proqnoz vermək bacarığım yoxdur. Son vaxtlar mənə görə həyat yoldaşım və anam da futbola baxır. Stadionda işlədiyim vaxt mənim orada olduğuma görə onlar TV-dən oyunları seyr edirlər. Demək olar ki, onlar da azarkeşə çevrilib. Çünki komandamız uduzanda evə pis əhval-ruhiyyə ilə qayıdıram. Evdəkilər bunu hiss edir. Deyirlər, fikir etmə. Əslində mən həm də stadiona gələn azarkeşlər üçün pis oluram. Onların hər biri qələbələrə layiq azarkeşlərdir.

– Evdə ən çox futbola baxılır, yoxsa…

– Mən evdə olanda daha çox futbola baxılır. Ümumiyyətlə bizdə xəbərlər proqramlarına üstünlük verilir. “ATV xəbər”ə baxırlar. Etiraf edim ki, xanımlar seriallara da önəm verirlər.

– Çoxdan gözlədiyiniz bir oyunu izləməyi planlaşdırırsınız, evə gəlirsiniz – evdə isə xanımın başqa planı var imiş. Nə baş verir?

– Bizdə elə olanda mənə güzəştə edilir. Futbol olarkən rahat ona baxa bilərəm. Bir-birimizə güzəştə gedə bilirik. Lazım olanda futbola, lazım olanda kinoya ailəliklə, birlikdə seyr edirik.

– Bazarlıqla filanla kim məşğul olur?

– Bazarlıqla özüm məşğul oluram. Çox vaxt lazım olandan artıq alıram. Amma ümumilikdə bazarlıq etmək pis alınmır. Düzdü, dükanda rahat alış-veriş edə bilmirəm. Satıcılar məsləhət bildikləri istənilən ərzağı alıram. Yox deyə bilmirəm. Sonra evə görürəm ki, lazım deyilmiş.

– Sonda azarkeşlərə nə demək istərdiniz?

Hər yarışda bizimlə olduqları üçün azarkeşlərə təşəkkür edirəm. Onlarsız idman o qədər maraqlı olmaz. Bu günlərdə klublarımızı ciddi sınaq gözləyir. “Qarabağ” və “Qəbələ”nin avrokuboklardakı matçlarında hamını stadiona dəvət edirəm. Gəlin birlikdə tarix yazaq. Sizinlə futbolçularımız daha güclü olur. Həm də futbolu stadiondan izləməyin yeri heç nə verməz. Evdə “Qoool” deyib stadiondakı kimi rahatca qışqırmaq olmur.

Söhbətləşdi: Vüsal Məmmədov

77798_107429132662796_5399603_o 302445_2522069449543_1460046385_n 13872340_1147959408609758_2090639620_n77729_109571149115261_2424327_o 1005349_518917221513983_1567338210_n




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir