qumru

Boşanmadan sonra uşaqla ünsiyyətdə yaranmış problemlər – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 782

Keçmiş ər və arvad uşaqla görüş barədə aralarıda razılığa gələ bilmirlərsə, görüş cədvəli məhkəmə tərəfindən müəyyən edilir. Yəni, nikahın pozulması, aliment və uşağın hansı valideyndə qalması məsələsi bir məhkəmə işində araşdırılır və qətnamə qəbul edildikdən sonra, keçmiş ər və yaxud arvad (uşaq kimdə qalıbsa) arasında uşaqla görüş barədə problemlər yaranırsa, uşağı görməkdən məhrum edilmiş tərəf, bu barədə məhkəməyə müraciət edir və iddia qaydasında öz tələblərini (görüş günü və saatları) irəli sürür.

 

Bu məsələni qanunvericilik necə tənzimləyir?

Təbiidir ki, hər kəsin öz pozulmuş hüquqlarını qanun çərçivəsində və məhkəmə qaydasında qorumağa hüququ var. Ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında məhkəməyə iddia ərizəsi verməklə həll edilməlidir. Lakin, qeyd etmək yerinə düşər ki, uşaqla görüş məsələsi ailə münaqişəsi zəminində baş verən bir mübahisə olduğundan,  yəni, valideynlər arasında mübahisələr ailə münasibətlərindən irəli gələn mübahisələrə aid olduğundan “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəməyə müraciət etməmişdən əvvəl, tərəflərin ilkin mediasiya sessiyasında iştirakları tələb olunur. Bu səbəbdəndir ki, ailə münaqişə zəminində yaranmış bir problem kimi, ilk öncə mediasiya, sonra isə məhkəməyə müraciət edilməlidir.

 

Məhkəmədə bu məsələ nə cür öz həllini tapır və tərəflər hansı mərhələlərdən keçməlidirlər?

Qanunvericiliyə uyğun olaraq, məhkəmə ilk hazırlıq iclasını keçirərkən, tərəflərin vəsatətlər və ya əlavə sübutların olub-olmaması məsələsini müəyyən edir. Əgər təqdim ediləcək əlavə sənədlər mövcud deyildirsə, o zaman məhkəmə ekspertiza təyin edərək, uşağın psixoloji vəziyyətini, ata və ana ilə davranışını, münasibətini, ananın yanında olarkən ataya münasibətini və yaxud əksinə olan halı müəyyən etmək üçün bəzi sualları ekspertin qarşısına qoya bilər və müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının), məsələn, uşağın yaşadığı ərazi Bakı şəhəri Xətai rayonudursa, o zaman Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəşilik şöbəsinin nümayəndəsinin iştirakı ilə onların yazılı rəyini nəzərə ala bilər. Qanuni maraqlarına zidd olan hallar istisna olmaqla, 10 yaşına çatmış uşağın öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasına dair məsələyə baxılarkən Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşağın fikri mütləq nəzərə alınmalıdır. Zərurət olduqda, məhkəmə öz mülahizəsi ilə valideynlərin iştirakı olmadan pedaqoqun iştirakı ilə uşağın dindirilməsini həyata keçirir. Bu zaman “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 12-ci maddəsinin tələblərindən irəli gələrək, özünü dərketmə qabiliyyəti olan, öz fikrini ifadə etməyi bacaran uşağın fikrinə diqqət yetirilməlidir. Qanunda nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

 

Məhkəmələr tərəfindən görüş vaxtları hansı qaydada təyin edilir?

Uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyat keçirə bilsin. Məhkəmələr tərəfindən uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Məsələn, əgər ata həftənin 5 günü saat 9:00-18:00-dək işləyirsə, uşaqla görüş saatı iş günləri və iş saatlarına salınırsa, bunun təyin edilməsi simvolik bir xarakter daşıyır və təbidir ki, ata bu hüquqdan istifadə edə bilməyəcək. Ona görə də, bu kimi halları məhkəmə nəzərə alır və görüş saatlarını adətən iddiaçı tərəfin asudə vaxtına salınması barədə qərar verir. Beləliklə, məhkəmələr uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən, ailədə neçə uşağın olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə alır. Tərəflərin qarşılıqlı münasibətləri, işin faktiki halları nəzərə alınmaqla məhkəmənin qətnaməsində uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi, eyni zamanda görüşdə iştirak edən şəxslərin dairəsi də göstərilə bilər. Yəni, əgər ata iddia edirsə ki, o, uşaqla tək görüşmək istəyir və ananın iştirakını istəmirsə, məhkəmə vəziyyətə və uşağın yaşına uyğun olaraq, atanın iddiasını bu hissədə təmin edə bilər və uşağın ananın müşayəti olmadan atayla görüşməsinə qərar verə bilər.

 

Əgər məhkəmə prosesi uzun çəkirsə, uşaqla ünsiyyət hansı qaydada həyata keçirilə bilər?

Uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilənədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş müvəqqəti təminat tədbirinin görülməsi mümkündür. Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət müvəqqəti təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verir.

Uşaqla ünsiyyətdən məhrum olan tərəf məhkəmədə yeni iddia qaldıraraq uşağın ona verilməsini tələb edə bilərmi?

Uşaqla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Yəni, baxmayaraq ki, məsələn, uşaq anada və yaxud atada saxlanılıbsa (himayəsinə verilibsə), ata və yaxud ana illər keçsə belə, məhkəməyə müraciət edərək, uşağın qarşı tərəfdən alınıb ona verilməsi iddiasını qaldıra bilər. Lakin, bir məsələni qeyd etmək lazımdır ki, bu halda, uşağın yaşından asılı olaraq, onun mövqeyi hakim tərəfindən sorğulanacaq və uşağın həqiqətən də, iddiaçı tərəfdə yaşayıb-yaşamaması məsələsi aydınlaşdırılacaq. Əgər uşaq razı olmasa (7 yaşdan yuxarı olan uşaq məhkəmədə dindirilə bilər), o zaman iddianı hakim təmin etməyə bilər. Lakin, hər bir halda, məsələnin ümumi vəziyyəti məhkəmə tərəfindən araşdırılmalı və uşağın bir valideyndən digər valideynə verilməsi məsələsi müəyyən olunmalıdır ki, uşağın psixoloji durumuna təsir göstərməsin.

 

Uşağı saxlayan tərəf qarşı tərəfin qohumları ilə uşağın ünsiyyətinə qarşı gedə bilərmi?

Çox vaxt müşahidə edirik ki, məsələn, uşaq anada qalıbsa, ana uşağın bibisi və yaxud əmisi ilə görüşünə etiraz edir. Ümumiyyətlə, valideynlər (onlardan biri) uşağın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı  valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir. Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

Bu məsələni xüsusilə vurğulamaq yerinə düşər ki, qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina edir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılır. Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Uşaqların öz valideynləri və digər qohumları ilə ünsiyyətdə olmasının formaları (yazışma, şəxsi görüşlər, telefon danışıqları və s.) uşağın yaşından, onun və valideyninin yaşayış yerindən, ailədə münaqişələrinin olub-olmamasından və sair konkret hallardan asılı olaraq təyin edilə bilər.

 

Əgər valideynlərdən biri başqa dövlətdə yaşayırsa, o zaman hansı qaydalar tətbiq edilir?

Valideynlərdən biri başqa dövlətdə yaşadıqda uşaqların onunla ünsiyyətdə olması hallarına xüsusi diqqət verilməlidir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 9-cu maddəsinin 3-cü bəndi — iştirakçı dövlətlər valideynlərinin birindən və ya hər ikisindən ayrı yaşayan uşağın hər iki valideyni ilə müntəzəm əsasda şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququna hörmət bəslənilməsini, bu münasibət və əlaqələrin uşaqların maraqlarına zidd olmamasını təsbit etmişdir. Bu zaman BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın 10-cu maddəsinin 2-ci bəndi rəhbər tutularaq dövlətlərarası siyasi münasibətlər deyil, hər bir dövlətin uşaqların və valideyinlərin hüquqlarına hörmət bəsləməsi prinsipi əsas götürülməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.5-ci maddəsinə uyğun olaraq, uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və s.) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

Ekstremal vəziyyətlə əlaqədar müvafiq qanunun normaları rəhbər tutulmaqla, ünsiyyətdə olmanın qaydası müəyyənləşdirilir, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, uşaqların ünsiyyətdə olmaq hüququ məhdudlaşdırılmır. Ünsiyyət hüququ məhdudlaşdırıldıqda, qanunun müvafiq normalarına istinad olunmaqla qəbul edilmiş qərar əsaslandırılır. Lakin hər bir halda ünsiyyət hüququnun məhdudlaşdırılması müddəti, ekstremal vəziyyətdə olma müddətindən artıq olmur.

Uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər vurduqda məhkəmə valideynin, yaxud uşaq himayəsinə verilmiş digər şəxsin, yaxud da icra məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması və yaxud həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər. Məhkəmə qərar qəbul edərkən tərəflərin izahatları, uşağın tibb müəssisələrində müəyyən xəstəlikdən müalicə olunması, yaxud uçotda olması barədə verilmiş sənədlərlə kifayətlənmir, müvafiq ekspertizalar keçirməklə qəbul etdiyi qərarı əsaslandırır. Bu kimi hallar ünsiyyətdə olma zamanı, yəni icra mərhələsində aşkar olunan hallara aid olduğundan, yalnız icra qaydasında həll olunmalıdır. Lakin bu kimi halların mövcudluğu uşaqla ünsiyyət hüququna dair iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz. Valideynlərin və digər qohumların uşaqlarla ünsiyyətdə olmaq hüquqları ilə bağlı işlərə baxılarkən məhkəmə qəyyumluq və himayədarlıq orqanından uşaqlarla ünsiyyətdə olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitinin müayinə edilməsinə dair aktı və mübahisəyə dair həmin akta əsaslanmış rəyi tələb edir.

Yuxarıda qeyd edilən məsələlər, valideynlər arasında olan mübahisələrin həll edilməsi istiqamətində olan prosedurdur. Lakin, nəzərə almaq lazımdır ki, valideynlər arasında olan istənilən münasibət, uşağın psixoloji durumuna və gələcəkdə bir fərd kimi formalaşmasına böyük təsir göstərir. Buna görə də, çalışın ailənizi qoruyun. Ailə dağıldığı təqdirdə isə, onun heç bir halda uşağa təsir etməməsi üçün səylər göstərin. Axı uşaqlar bizim gələcəyimiz və ölkəmizin taleyini həll edən bir şəxsiyyətdirlər.

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir