rayihe

“Təəssüf ki, onların qarşısını almaq mümkün olmur” – Uşaq nevroloqu ilə MÜSAHİBƏ

Baxış sayı: 4. 929

 “Gencaile.az” saytının  “Həkimim”  rubrikasının budəfəki qonağı Respublika Uşaq Sanatoriyasında uşaq nevroloqu kimi fəaliyyət göstərən Rayihə Xudiyevadır.

 

– Uşaq nevroloquna hansı şikayətlərlə müraciət edilməlidir?

– Uşaq böyüyən və inkişaf edən varlıqdır. Bu dövrdə onun fiziki inkişafında olduğu kimi, psixonevroloji sferasında da geriqalmalar və kənaraçıxmalar müşahidə edilə bilər. Ona görə uşağın yaşına uyğun bacarıqları qazanıb-qazanmadığı, üzündə, ətraflarında qeyri-iradi hərəktlərin, dartılmaların, yığılmaların olub-olmadığı izlənilməlidir. Bunları əsas götürərək, ən çox edilən şikayətlər uşağın başını saxlaya bilməməsi, gec oturması, gec yeriməsi, nitqinin ləngiməsi, qıcolmaya bənzər müxtəlif qeyri-iradi hərəkətlərdir.

 

– Qeyd etdiyiniz şikayətlər yaşa görə fərqlilik göstərirmi?

– Erkən yaşlarda şikayətlərin əsasını hərəki sferada olan ləngimələr, qıcolmalar, yuxusuzluq təşkil edir. Məktəb yaşlarında isə daha çox baş ağrıları, yaddaş zəifliyi, öyrənmə və anlamanın çətinliyi və qıcolmalarla müraciətlər olur.

Rayihe 3

– Sözügedən şikayətlərin əsas səbəbləri nələrdir?

– Bir çoxunun əsası bətndaxili dövrdə doğuş zamanı və doğuşdan sonrakı erkən dövrdə qoyulur. Bunlara ananın bətndaxili infeksiyaları, qalxanabənzər vəzi xəstəlikləri, ürək-qan-damar xəstəlikləri, istifadə etdiyi dərman preparatları (bunlar uşaqda beynin inkişaf anomaliyalarına səbəb ola bilir), ağır doğuş prosesi (beyin qansızmalarına səbəb olur), yenidoğulma dövründə isə ağır infeksiyon xəstəliklər (sepsis, meningitlər, ensefalitlər və s.) səbəb olur. Bunlardan başqa irsi, metobolik nevroloji xəstəlikləri də xüsusi qeyd etmək lazımdır.

 

– Bunların olmaması və ya qarşısının alınması üçün nələr edilməlidir?

– İlk növbədə, hamiləliyin planlaşdırılması, hamiləlik dövrünün planlı izlənməsi olmalıdır. Ana olmağa namizədin yuxarıda qeyd etdiyimiz hər hansı xəstəliyi varsa, mütləq ixtisas həkimi tərəfindən nəzarət altına alınmalıdır. Yeni doğulmuş dövrdən başlayaraq körpə planlı nevroloq baxışından keçirilməli, psixonevroloji inkişafı qiymətləndirilməldir. Belə olduqda ləngimələr və ya digər əlamətlər daha erkən aşkarlanır və körpəyə dəstək olunur. İrsi xəstəlikləri də qeyd etdik. Təəssüf ki, onların qarşısını almaq mümkün olmur. Yaranan nevroloji problemlər də ağır və proqresiv gedişli olur.

 

– Nitqdə baş verən problemlər dedikdə daha çox nələr nəzərdə tutulur?

– Gec danışma, cümlə qura bilməmək, hərf qüsurları, kəkələmə əsas problemlərdəndir. Bu zaman ailənin, nevroloqun, həm də psixoloq və loqoped-defektoloqun üzərinə iş düşür. Ailələr kiçik yaşlı uşaqlarını televizor və telefon qarşısında çox vaxt keçirməsinə şərait yaradırlar, onlarla az ünsiyyətdə olurlar. Sonra isə gec danışma şikayəti ilə həkimə müraciət edirlər. Üç yaşına qədər uşaqlar ekran qarşısında vaxt keçriməməlidirlər. Sonrakı yaşlarda isə bu vaxt gün ərzində 30 dəqiqədən çox olmamalıdır.

 

– Uşaqların ekran qarşısında uzun müddət qalması başqa hansı problemlərə səbəb olur?

– Yuxu pozulmaları – bu özünü gec yuxuya getmək, yuxu müddətinin qısalması, tez-tez oyanmalar, yuxuda ağlama və qışqırmalar, gün ərzində uşağın yorğun, narahat və əsəbi olması ilə göstərir.

Rayihe 1

– Qıcolmalardan bəhs etdiniz. Bu barədə valideynlərə nələr deyə bilərsiniz?

– Əgər valideyn uşaqda sanki donub qalmalar, yuxuda və ya oyaqkən üzündə və ətraflarında qeyri-iradi, normada olmayan hərəkətlər, yığılmalar, atmalar görərsə, bunun videogörüntüsü ilə nevroloqa müraciət etsinlər. Bu əlamətlər qeyri-epileptik yaşla ötüb keçən ola biləcəyi kimi, epileptik də ola bilər. Ona görə erkən diaqnostika olunmalıdır. Çünki bir çox epileptik tutmalar nəzarətə alınmazsa, uşaqlarda ağır psixomotor geriliyə səbəb olur.

 

– Məlumdur ki, bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirusla bağlı məktəb və bağçalar bağlıdır. Uşaqlar bütün vaxtlarını evdə keçirirlər. Bununla əlaqədar valideynlərə nə məsləhət verə bilərsiniz?

– Uşaqların yuxu və qidalanma rejimini pozmasınlar, keyfiyyətli qidalandırsınlar və gün ərzində mütləq onlarla səmərəli vaxt keçirsinlər.

 

Söhbətləşdi: MƏTİN

rayihe 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir