Namiq Mena

Namiq Məna: “Belə adamlarla tərəf müqabili olmaq istəmirəm” – MÜSAHİBƏ

Baxış sayı: 5. 137

“Gencaile.az” saytı tanınmış bədihəçi, Yazıçılar Birliyinin Qubadlı Rayon Bölməsinin sədri Namiq Mənanın müsahibəsini təqdim edir.

 

– Meyxana, yoxsa bədihə ?

– Mənim fikrimcə janrın adı bədihədir. Ani anda zehni çevikliklə söylənilən  şerə bədihə deyilir. Bu janrın kökləri çox qədimə – IV yüzilliyə qədər dayanır. Sovet dövründə bu janr düşünülmüş şəkildə və ya hansısa məqsədlə meyxanalara sürgün edilib. Dilimizdə hər bir anlamda meyxana sözü məkanı bildirir.  Mənim fikrimcə, bu janrın əsl adı bədihədir. Əzizə Cəfərzadə, Manaf Süleymanov kimi filoloqların əsərlərində, “Kəlilə və Dimnə” əsərində, Nizami Gəncəvinin “Xəmsə”sində bədihənin müstəqil janr kimi adı keçir.

 

– Sizin musiqili meyxanaya münasibətiniz necədir ? 

– Ümumiyyətlə, mən o söz ilə razılaşmıram. Musiqili meyxana adında bir anlam yoxdur. Adicə ritm altında deyilən bədihədə də musiqi var, edilən söhbətdə, danışığımızda da ritm, musiqi var. Hətta insan danışığı belə muğam üzərindədir. Ümumiyyətlə, qulaqla duyulan, eşidilən hər şeydə musiqi var. Sadəcə olaraq, müəyyən musiqi alətləri ilə birgə hansısa bir bədihə deyilərkən onu musiqili bədihə adlandırmağın qəti əleyhinəyəm.

 

 – Bədihəni folklorun bir qolu kimi qəbul etmək olarmı ? 

– Bədihə oxşarı, əvəzi olmayan janrdır. Mən, şübhəsiz, bədihəni folklorumuzun bir qolu kimi qəbul edirəm. Bildiyim qədəri ilə, dünyada heç bir yerdə biz dediyimiz formada bədahətən şeriyyət və ya deyişmə deyilmir. Bizim janrda səhnə mədəniyyəti, nitq qabiliyyəti, aktyor oyunu da var. Ona görə bədihə janrına bir aktyorun oyunu da deyirlər. Sovet dövründə bu janrı bütün cəhdlərlə gözdən salırdılar. Hətta, mənim tələbəlik illərimdə insanlara aşılanırdı ki, əgər spirtli içkilər və ya hansısa uyuşdurucu qəbul etməsəniz, bədihə deyə bilmərsiniz. Baxın, o çağlarda bədihəni belə gözdən salırdılar. O vaxtki bədihəçilərlə indikilərin arasında böyük fərq var. İndiki uşaqlar daha mütaliləli və çoxu ali təhsillidirlər. Bu da janrın irəliləməsinə gətirib çıxarır.

 

– Bədihəçini şair adlandırmaq olarmı? Yaxşı bədihəçi yaxşı şair ola bilərmi?

– Mən bu sənətlə məşğul olanları bədihəçi şair adlandırardım. Çünki şair onun ilham pərisi gələndə oturur saatlarla şer yaza bilir. Biz isə ani, bədahətən söz deməklə, bədahətən şer qoşmaqla fikrimizi izhar edirik. O baxımdan biz həm bədihəçiyik, həm də şair.

– Bədihənin kökünə vardıqda fəlsəfəsi nədən ibarətdir ? 

– Janrın özündə müxtəliflik var. Müxtəlif mövzuda bədahətən şer söyləyə bilirsən. İstər yazılı, istərsə də şifahi ədəbiyyatda   qəmdən doğan şer daha mənalı olur. Mən bunun fəlsəfəsini qəmdən və ya sevincdən doğmasına baxmayaraq, hansı mövzuda söylənilməsindən asılı olmayaraq bədihənin mənalı olmasında, insanların ruhuna, qəlbinə işləməsində, onlara mədəni zövq verməsində, düzlüyə, ədalətə çağırmasında görürəm.

 

– Saatlarla şer də yazmısınız, ani anda bədihə də demisiniz. Bunların hansı daha çətindir ? 

– Bədihə demək məncə, daha çətindir. Çünki sənin saatlarla düşünməyə vaxtın yoxdur, rəqibinlə deyişirsənsə, onun verəcəyi cavabı da götür-qoy edib həmin dəqiqə sən də qarşılıq olaraq ona sözünü deməlisən. Burada ağılın itiliyi, çevikliyi özünü göstərir. Bədihədə hər şeyin ani baş verməyi onu maraqlı və çətin janr edən başlıca səbəblərdir.

 

– Azərbaycana məxsus olan bədihəni biz bu gün dünyaya çıxara bilirikmi ? 

– Bu janr artıq dünyaya çıxıb və öz sözünü deməyə başlayıb. Mən bir qrup sənət adamı ilə 2009-cu ildə ABŞ-ın o vaxtkı dövlət katibi Kandalize Raysın dəvəti və dövlətimizin konsulluğunun dəstəyi ilə Santa Fe şəhərində 3 həftəyə yaxın səfərdə olmuşam. Orada hərəyə bir tərcüməçi verilmişdi. Zalda çıxış edərkən tərcüməçilər dediyimiz bədihəni ora yığışan insanlara tərcümə edirdilər. Həmin an onların reaksiyasından heyrətə gəldiyini duyurduq. Dəfələrlə çıxışımızdan sonra zaldakılar bizə yaxınlaşıb heyrətlərini, təəccüblərini dilə gətirirdilər.

 

– Bədihə yarışmalarında iştirakçıların ifalarına fikir heç də bir mənalı deyil. Bu siz həmin yarışmalarda iştirak edəndə də belə idi. Bəziləri arasında dolaşan söz-söhbətlərə görə iştirakçılar öncədən öyrəndikləri şerləri bir-birlərinə deyişmə formasında söyləyirlər. Belə bir hal yaşanıbmı? 

– Bədihə janrına yaxın olmayan şəxslər belə düşünə bilər və düşünürlər də. Dəfələrlə mənim özümə yaxınlaşıb sizin indi söylədiyiniz sözləri, fikirləri deyiblər,  lakin elə həmin şəxslərə bədahətən söz düzüb deyəndə fikri tamamilə dəyişib. Bədihə söyləmək bacarığı, istedadı elə bir fövqəladə haldır ki, inanırsınız ,mən bəzən bizə inanmayan insanları da qınamıram.  Ancaq bununla yanaşı deyim ki, öncədən əzbər qafiyələr və özümüzün söz balansımız da olur. Ancaq sən heç vaxt rəqibin sənə nə deyəcəyini bilə bilmərsən. Bədihə janrı əzbərçiliyi, dinləyicini allatmağı sevmir və qəbul etmir.

NAMIQ

 

– Namiq Məna hansı qafiyəyə söz qoşmağa çətinlik çəkir?

-İstənilən qafiyəni aça bilərəm və açıram, bu mənada heç bir çətinliyim yoxdur. Sadəcə elə ola bilər ki, elə söz olur ki, onun altı-yeddi sinonimi olur onda o qafiyə rahat alınır, eləsi də var ki, iki və ya üç. Bu zaman təcrübə sayəsində manevrlər edərək qafiyəni açıram.

 

– Sizə Məna ləqəbini kim verib ?

– Mən İncəsənət Universitetinin Dram və Kino aktyorluğu fakültəsini bitirmişəm. Universitetdə Novruz Şənliyi ilə bağlı tədbirdə bədahətən şerlər söyləyib, bədihələr deyirdim. Sən demə, fəlsəfə müəllimim bunları görürmüş , tədbirdən sonra məni auditoriyaya çağırdı. Bədihə deməyimə heyrətlənmişdi. Dedi ki, sən bunları əvvəlcədən hazırlaşıb deyirsən? Cavabında bunların hamısını bədəhətən dediyimi söylədim. Mənə çox mənalı bədihə dediyimi söylədi. Soruşandakı ləqəbin var, cavabında olmadığını dedim. Mənə Məna ləqəbini götürməyi tövsiyə etdi. Elə o vaxtdan –  1989-90-cı illərdən ləqəbim Məna olaraq qaldı.

 

– Özünüzə sənətdə kimi  ustad görürsünüz? 

– Mən özümə kitabları, etdiyim mütaliələri ustad görürəm. Kimdən əgər bir hərf belə öyrənirsənsə,  ona da ustad deməyə dəyər.

 

– Yazıçılar Birliyinin Qubadlı Bölməsinin sədrisiniz. Tutduğunuz vəzifə , gördüyünüz digər işlər sizə yaradıcılıqla məşğul olmaqda əngəl olmur ki? 

– Təbii ki, təşkilati işlər daha çox vaxt tələb edir. Şairlərlə, şagirdlərlə, əsgər və hərbiçi heyəti ilə görüşlər keçiririk, gənc istedadları ədəbi mühitə cəlb edirik. Bu mənada təşkilati işlər həddindən artıq çoxdur. Demək olar ki, digər işlərə vaxt qalmır. Ancaq yaradıcılıq belədir ki, ilham pərisi gəldisə, o, vaxtın az və ya çoxluğuna baxmır, sən o sözü ya deməli, ya da yazmalısan.

 

– Bədihəçi peşəsinə sonradan yiyələnmək mümkündürmü? İstedadı olmayan biri çox çalışmaqla yaxşı bədihəçi ola bilərmi? 

– Əgər insanın musiqi duyumu varsa, qafiyələri, sözün sinonimlərini yerində gətirə bilirsə, öyrətmək olar. Ancaq bu vərdiş olar. Lakin fitri istedad isə tamam başqa anlayışdır. Fitri istedad sən dünyaya gələndə sənlə doğulur. Bu gün 500-dən çox bədihəçi var, onların arasında toplam 30 nəfər fitri istedad ya taparsınız, ya da yox.

 

– Söz, sözün ağırlığı Namiq Məna üçün nə deməkdir? 

-Söz böyük məhfumdur. Allah “ol” sözü ilə bütün dünyanı və bəşəriyyəti yaradıb. Söz mənim üçün böyük anlayışdır. Sözlə məni öldürmək də olar, yaşatmaq da. Söz mənim üçün Namiq Məna olaraq elə bir məhfumdur ki, elə bir söz ola bilər ki, mən onun təsirindən günlərlə çıxa bilmərəm. Deyilən sözə böyük önəm verirəm. Bir deyim var ki, söz var kəsər savaşı, söz var kəsdirər başı. Söz elədir ki, onu çalışmaq lazımdır ki, məqamında və yerində deyəsən. Yerində deyilən söz əvəzsiz bir gözəllikdir.

 

– Qabaqlar sizi Namiq Qaraçuxurlu ilə müqayisə edirdilər. Buna münasibətiniz əvvəl necə idi və indi necədir? Adaşınızın bədihədən uzaqlaşıb musiqi ilə məşğul olması haqda nə deyə bilərsiniz? Ümumiyyətlə, onu bədihəçi kimi qiymətləndirirsinizmi? 

-Təvzakökarlıqdan uzaq olsa da, deyim ki, Namiq Qaraçuxurlu sənətdə məndən çox şey götürüb. Namiq istedadlı oğlandır, dostumdur. Heç kimin seçiminə qarışa bilmərik. Namiq Qaraçuxurlu özünü daha çox musiqidə gördü və həmin sahəyə yönəldi. Gərək kim özünü hansı sahədə tapırsa, ora da getsin. Bədihə sənətində də yaxşı potensialı var idi, musiqi sahəsində də Namiqdə pis alınmır. Ona hansı sahəyə yönəlməyindən asılı olmayaraq uğurlar diləyirəm.

 

– El şənliklərində kimlə deyişmək istəmirsiniz? Həmin məclislərdə kimi özünüzə çətin rəqib kimi görürsünüz? 

-Bəziləri var ki, səni üstələməyə çalışır, baxırsan ki, söz ehtiyatı yoxdur ancaq özünü sənə sübut etmək üçün dəridən qabıqdan çıxır. Ümumiyyətlə, mən belə məclislərdə nadan adamlardan qorxuram. Nadana susmaqla cavab vermək lazımdır. Çünki elələri təhqiramiz söz işlədə bilər, etik normaları gözləməyə bilər. Çalışıram elələri ilə tərəf müqabili olmayım. Rəqibə gəldikdə isə istedadlı bədhiçələrin hər biri mənim rəqibimdir.

 

 – Bədihə aləmində tez-tez müzakirə olunan Elçinin ölümü ilə bağlı nə fikirdəsiniz? Və Məşədibabanın ölüm səbəbini bilirsinizmi?

-Allah hər ikisinə rəhmət eləsin. Hər ikisi ilə dost olmuşuq. Elçin çox mərd oğlan idi, dünya malında zərrə qədər də olsun gözü yox idi, istedadlı bədihəçi idi. Eyni zamanda, Məşədibaba da qeyri-adi istedada malik idi. Çağdaş dönəmin ən güclü bədhihəçi şairlərindən idi. Ölümündən iki gün öncə məni yığdı, xeyli danışdıq. Səbəblərə qalsa, müəyyən səbəblərdən xəbərim var. Ancaq düşünürəm ki, hələ o səbəbləri açmağın zamanı yetişməyib. Nə vaxtsa zaman yetişər, deyərik.

 

– Günü gündən gözəlləşən Sumqayıt üçün, doğma şəhərinizin qarşıdan gələn 70 illik yubileyi üçün  hansı qafiyəni deyə bilərsiniz ? 

– Günü gündən gözəlləşir bizim Sumqayıt şəhəri, 

Səhər qum üstündə ləpir, dəniz dalğalarını öpür,

Günəş şəfəqlərini səpir, xumarlandırır Xəzəri, 

Günü gündən gözəlləşir bizim Sumqayıt şəhəri.

Mən burada doğulub böyümüşəm, Sumqayıtı heç vaxt bu dərəcədə gözəl görməmişəm. Kinoteatr tikilir, bulvarımız məsafəcə uzadılır, bulvarda muğam mərkəzi tikilir. Bütün bu gözəllikləri, çəkilən əməyi gözardına vurmaq olmaz. Mədəniyyət sahəsi üzrə də böyük işlər görülür. Belə ki, Sumqayıt üzrə ilk olaraq mədəniyyət festivalı keçirildi.  Əli Kərim adına Poeziya evində tez-tez mədəni tədbirlər keçirilir. Sumqayıt həmişə bütün sahələr üzrə öndə olub. Şəhərin 70 illiyi ilə bağlı bir çox tədbirlər keçirilib, hələ bir o qədəri də bizi qarşıda gözləyir. Bütün bu inkişaf, gözəllik məni bir Sumqayıt sakini kimi sevindirir.

 

Söhbətləşdi:  Səbuhi Allahverdizadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir