Gunay Ismayilova

“Uzun müddət aclıq hiss etməmək üçün məsləhət görülür ki…” – MÜSAHİBƏ

Baxış sayı: 1. 931

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova Ramazan ayında oruc tutmağın faydası, sahur və iftar zamanı hansı qidalara üstünlük verilməsi və kimlərin oruc tutmağının məsləhət olmadığı barədə müsahibə verib. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

 

– Günay xanım, oruc tutmağın insan orqanizminə faydası və zərəri nələrdir?

– Ramazan ayında oruc tutan şəxslərin qidalanma rejimində fərqlənmə müşahidə olunur. İmsaq və iftar zamanı qəbul etdiyimiz qidalardan insan orqanizmi qüvvətlənir. Bu qidalardan alınan enerji tükəndikdə isə qaraciyər və əzələlərdə yığılan karbohidratlar və yağlar yandırılaraq bədəni müəyyən fəsadlardan qoruyur. Bunun orqanizm üçün böyük faydası var. Gün ərzində tez-tez çay və qəhvə kimi içkilərə üstünlük verənlər oruc tutarkən bəzən kofein çatışmazlığından özlərini narahat hiss edirlər. Həmin vəziyyət başlanğıcda baş ağrısı və yorğunluğa səbəb olsa da, bir müddət sonra orqanizm buna alışır.

Gunay İsmayilova 1

– Ramazan ayında hansı qidalara üstünlük verilməsini məsləhət görürsünüz?

– Bu ayda mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olan qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsi tövsiyə olunur. Gün ərzində enerjili olmaq üçün qida rasionunda zülalla zəngin olan məhsullara üstünlük verilməlidir. Həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər.

 

– Kimlər oruc tuta bilməz?

– Oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmur. Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmək məqsədəuyğundur.

 

– Bəzən oruc tutanlar sahura (Ramazanda səhər yeməyi) qalxmırlar. Bu, nə dərəcədə düzgündür? Ümumiyyətlə, oruc tutanlar səhərlər hansı qidalara üstünlük verməlidirlər?

– Sahura qalxmadan oruc tutmaq sağlamlıq üçün çox təhlükəlidir, çünki səhər yeməyi son dərəcə vacibdir. Sahura qalxmağı vərdiş etmək orucun əsas şərtlərindən biridir. Bu, həm aclıq hissini azaldacaq, həm də maddələr mübadiləsinin sürətini qorumağa kömək edəcək. İftarla müqayisədə imsak zamanı daha yüngül və uzun müddət ərzində aclıq hissindən yayındıran qidalardan istifadə etmək tövsiyə olunur. Belə ki, zülalla zəngin süd məhsulları (qatıq, süd, ayran), yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etmək lazımdır. Uzun müddət aclıq hiss etməmək üçün məsləhət görülür ki, kəpəkli undan hazırlanmış çörəkdən istifadə olunsun. Çünki kəpəkli çörək ağ çörəkdən dörd dəfə gec həzm olunur, bu isə uzun zaman ac qalmağa kömək edir. İmsak vaxtı liflərlə zəngin olan meyvələrin qəbulu çox əhəmiyyətlidir. Bununla da gündəlik meyvə ehtiyacı ödənmiş olunacaq. Ədviyyatlı və ya həddindən artıq duzlu qidalar susuzlaşdıra, orucu çətinləşdirə biləcəyindən onların qəbulu tövsiyə olunmur.

Gunay Ismayilova 2

– Oruc tutanlara iftarla bağlı məsləhətləriniz…

– Mədəni birdən-birə çox yükləmək olmaz. Belə ki, aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və qəbizliyə səbəb ola bilir. Bundan başqa, davamlı qida qəbulu ani təzyiq və şəkərin yüksəlməsi ilə nəticələnə bilər. Ona görə də iftar hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilməsi orqanizm üçün faydalıdır. Oruc tutanlarda gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir