Qumru Eyvazova

Qarışıq nikah və onun pozulması qaydası – “VƏKİL BÜROSU”

Baxış sayı: 1. 761

Son illər Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilərin nikaha daxil olması faktına çox rast gəlinir. Lakin, qeyd edək ki, onların artım sayı nə qədər çoxdursa, o qədər də, ildən ilə boşanma faktı artmaqdadır. Qarışıq nikahların dağılmasının səbəbləri müxtəlif ola bilər, bəs belə olan halda, vətəndaş hara və necə müraciət etməlidir?

Azərbaycan Respublikasının vətəndaşı ilə əcnəbi arasında nikahın pozulması qaydası aşağıdakı kimidir.

Nikahın pozulmasını arzu edən tərəf ilk öncə Mediasiya prosesinə başlamalıdır. Bunun üçün isə qanunvericiliklə tələb olunan sənədlər (apostil/leqallaşdırma tələb olunmayan ölkələr istisna olmaqla, əcnəbiyə məxsus sənədlər apostil/leqallaşdırılmış formada təqdim edilməlidir). Mediasiya prosesindən keçdikdən sonra müvafiq birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə ən azı 3 ay çəkir, lakin, vəziyyətin mürəkkəbliyindən asılı olaraq, hakimin məhkəmə araşdırmasının müddətini uzatmaq hüququ vardır. Birinci instansiyada işin baxılma müddəti bitdikdən sonra, məhkəmə yekun qərarı elan edir və tərəflər qətnaməni aldığı tarixdən bir ay ərzində ondan şikayət vermədikdə, qətnamə öz qanuni qüvvəsini alır. Tərəf nikahın ləğvi ilə bağlı məhkəmə qətnaməsini aldıqdan sonra, o, bu nikahın pozulması barədə şəhadətnamənin alınması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbələri/ASAN Xidmət Mərkəzlərinə müraciət edə bilər (Qeyd: Qətnamənin icrasının yeri, yəni qeydiyyat şöbəsi və yaxud ASAN Xidmət Mərkəzi qətnamənin nəticəvi hissəsində qeyd edilir). Nikahın pozulması barədə şəhadətnamənin alınması üçün  müvafiq dövlət rüsumunu ödənilməlidir. Hər iki sənəd, yəni həm qətnamə, həm şəhadətnamə tərəfdə olduğu halda, onun tərcüməsi və notarial qaydada təsdiqi, eləcə də, sonradan apostil və yaxud leqalizasiya edilməsi artıq tərəfin iradəsindən və onun ölkəsinin hansı formanı qəbul etməsindən asılıdır.

bosanma

Əksər ölkələrdə, Azərbaycan Respublikasının sənədlərinin xarici ölkələrdə apostil edilmiş nüsxəsi tələb olunur. Lakin, məsələn Almaniya Federativ Respublikasında vətəndaşlıq vəziyyəti aktlarının yalnız leqallaşdırılmış forması tələb olunur. Bunun edilməsi isə apostil versiyadan fərqli olaraq bir az vaxt aparır və uzun prosedur tələb edir. Belə ki, sənəd notarial qaydada tərcümə və təsdiq edildikdən sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən, sonra Xarici İşlər Nazirliyindən, daha sonra isə Almaniyanın Azərbaycandakı Səfirliyindən təsdiqini tapmaqla keçməlidir.  Təbii ki, adıçəkilən prosedurların hər birində dövlət rüsumu mövcud olduğundan, tərəf onların hər birini ödəmək məcburiyyətindədir. Yuxarıda sadalanan prosedurlardan bu sənədlər keçdikdən sonra, onlar artıq hazır edilmiş sayılır və tərəfin öz ölkəsində keçərlidir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir