12004070_1044113975621550_65634939643792

Rahil Sayadoğlu: “Deyirlər kontur müqabilində efirə şərh verir”

Baxış sayı: 2. 730

Kulisin “Yeməli söhbət” layihəsinin qonağı ANS TV-nin “Şəbəkə” verilişinin aparıcısı və prodüseri Rahil Sayadoğlu olub.

Müsahibəni təqdim edirik:

 

– Hansı yeməkləri sevirsiz?

 

– Əslində badımcanı çıxmaq şərti ilə daşdan yumşaq hər şey yeyirəm. Badımcanı da dolma olanda yeyə bilirəm. Ən sevdiyim yemək isə kotletdir. Bir dəfə təxmini hesablama aparmışdım və məlum oldu ki, bir il ərzində təxminən 500-ə yaxın kotlet yemişəm. Sevdiyim yeməklər sırasında xəngəl də ön sırada gəlir. Mən Gürcüstan azərbaycanlısı olduğum üçün xəngəl biz tərəflərin sevimli yeməyidir. Xəngələ olan sevgim də bundan irəli gəlir.

 

– Bəs özünüz nə hazırlaya bilirsiz?

 

– Özüm heç nə hazırlaya bilmirəm. Bu yaxınlarda çay dəmləməyi öyrənmişəm. Ümumiyyətlə mətbəxdə bacardığım ən böyük iş nəyisə doğramaqdır. Ondan o tərəfini bacarmıram. Ailə quracağım insanın bu sarıdan heç bəxti gətirməyəcək. Çox istərdim ki, az da olsa nədəsə ona yardım edim, amma üzrlü saysın, mənlik deyil.

 

– Xarici mətbəxlərə daxil olan hansı yeməyi xoşlayırsız?

 

– Xarici mətbəxlə o qədər də yaxından tanış deyiləm. Bircə gürcü mətbəxinə bir az bələdəm. Xaçapurini xoşlayıram. Anam ara-sıra hazırlayır. Saçivi adlı başqa bir yeməkləri də var. O da ayrı aləmdir. Yeri gəlmişkən “salyanka” da ləzzətlidi.

 

 

– Yemək üçün rayona getmisiz?

 

– Belə hal bir dəfə Gürcüstanda olub. Öz kəndimizdən Şindilərdən rayon mərkəzinə, yəni Başkeçidə xəngəl yeməyə getmişik. Vaxt olsa, dostlarla məmnuniyyətlə görüşüb Şəkiyə piti yeməyə gedərdim, ya da Lənkərana ləvəngi yeməyə. Yemək-məclis adamıyam. Özü də istiotu çox sevirəm. Deməli, bir dəfə dostlarla dönər alırdıq. Guya bunlar mənimlə zarafat etmək istəyiblər, dönərçidən xahiş ediblər ki, dönərlərdən birinə xeyli istiot əlavə etsin. Gözünə döndüyüm usta da istiot qabının yarısını boşaldıb dönərə. Aldıq, yedik, uşaqlar üzümə baxır ki, görsünlər özümü necə hiss edirəm, gördülər çox ləzzətlə yedim. Şoka düşdülər (gülür)

 

– Fast-foodla aranız necədir?

 

– Aram normaldı. Nə qədər ziyanlı olsa da, hələ ki, dünya onu əvəz edəcək alternativ tapa bilməyib deyə fast-fooda tələbat var. Doğrudur, məşhur McDonalds, KFC kimi yerlərdə oturmağı heç xoşlamıram. Ora verdiyim pula heyfim gəlir. Ondansa gedib yol qırağından isti-isti 3-4 peraşki alıb yeyərəm, daha ləzzətli olar. Əvvəlcə tələbəlik illərində, sonra da televiziya karyeramda ömrüm-günüm yollarda, çəkilişlərdə keçdiyindən fast-foodlara tez-tez müraciət etmişəm. Düzdü, özüm-özümlə mübarizə aparıram bəzən. Məsələn, dönər almaq istəyəndə, özümü məcbur edib almadığım vaxtlar da olur. Amma nə yalan deyim, etiraf edirəm ki, dönərin yerini heç nə vermir

 

– “Facebook”da yazmışdız: İlk dəfə Mc Donalds-a bir xanımla getmisiz və orada özünəxidmət olduğunu bilmədiyiniz üçün mühafizəçiyə iradınızı demisiz. Cavabında isə özünüzü sındırmadan McDonalds-ın digər filialında belə olmadığınızı söyləmisiz. Ümumiyyətlə restorana gedəndə çıxılmaz vəziyyətə düşmüsüz?

 

– O hadisəni çox yaxşı xatırlayıram. Doğrudan pərt olmuşdum və vəziyyətdən çıxmaq üçün də ayrı əlacım qalmamışdı. Bir dəfə də bir xanım dostumla Nizami küçəsində yerləşən bahalı restoranda oturduq. İlk dəfə idi ora gedirdim. Nə yalan deyim, o qədər də çox pul yox idi üstümdə. Təxminən 12 manat. Düşünmüşdüm ki, mən uzağı bir dönər sifariş edərəm, yanında da ayran; bu edəcək 2-3 manat. Qız da buna bənzər nəsə sifariş verər və hesabı uzağı 7-8 manat tutar. Zalımın qızı 10 manatlıq nəsə sifariş etdi, mən də gördüm ki, pulum çatmayacaq, ayrandan imtina etdim və dönəri boğula-boğula bir təhər yedim. 11 manat 60 qəpik ödədim. 40 qəpiklə evə qayıtdım. O hadisə mənə dərs oldu.

 

 

– Spirtli içkilərə münasibətiniz necədir? İlk dəfə spirtli içkini neçə yaşınızda qəbul etmisiz?

 

– Spirtli içkinin dadını ilk dəfə 12 yaşımda bilmişəm. Butulkanın dibində bir azca araq qalmışdı. Əmilərim və atam zarafata salıb həvəsləndirdilər. Mən də butulkanı başıma çəkdim və boğazım yandı. İçki düşkünü deyiləm, amma spirtli içkinin həyatımda ayrı yeri var. Araq, pivə içirəm. Təbii ki, çox yox. Çünki heç çox içməyi də bacarmıram. Orqanizmim götürmür. Amma müəyyən qədərini sevə-sevə içirəm. Necə ola bilər ki, yay gələ pivə içməyəsən. Ya da qışın soyuqlarında araq məclisinə yığışmayaq. Bəlkə də təbliğ etmiş oluram. Buna görə oxuculardan üzr istəyirəm. Amma səmimi olmağım lazımdırsa, düzünü deməliyəm. Çünki məni tanıyan hər kəs içki sevdiyimi bilir.

 

– Yazdığı status və ya şərhi “Şəbəkə” verilişinin efirində səsləndirmək üçün şirnikləşdirici təklif edən olub?

 

– Dəfələrlə. Özü də bəzən Facebook-da mesaj bölməsinə, bəzən də açıq şəkildə statusa şərh yazaraq ediblər. Yazırlar ki, “Rahil neçəyədir bir şərhin efirə getməyi? Nə qədər pul verək?” Hətta söz-söhbət də yayılmışdı, deyirdilər guya kontur müqabilində efirə şərh verirəm.

 

– Bu günə kimi “Şəbəkə”nin ən yaxşı buraxılışı sizcə hansı olub?

 

– Əslində bütün buraxılışları mənə görə yaxşıdı. O baxımdan ki, hamısında eyni dərəcədə əziyyətim var. Hamısına can qoymuşam ki, tamaşaçı bəyənsin. Ya da ən yaxşı heç olmaya baxmağına peşman olmasın. Amma bir buraxılışı xüsusi fərqləndirərdim. 19 may faciəsi ilə (Binəqədi rayonunda çoxsaylı insan ölümü ilə nəticələnən yanğını nəzərdə tutur-F.C.) bağlı xüsusi buraxılış hazırlamışdım. Efirə verilən 8-9 süjetin hamısı faciəyə həsr olunmuşdu. Süjetlərin mətnlərini axşam evdə ağlaya-ağlaya yazırdım. Rəhbərlik, iş yoldaşlarım və tamaşaçılar da çox bəyənmişdi həmin buraxılışı.

 

 

– “Şəbəkə”yə gələn ən yaxşı mesaj hansıdır?

 

– “Şəbəkə”yə gələn mesajların sayını itirmişəm. Minlərlə mesaj yazılır və mən böyük səbirlə onların 100-də 99-a cavab verirəm. Çünki bunu hər şeydən əvvəl peşə məsuliyyəti, peşə borcu hesab edirəm. Sayıb yazıblarsa, cavabsız qoymağa haqqım yoxdur. Düzdür, gücüm tükənib, çatdırmıram, amma gec də olsa cavablandırıram. Həm də ona görə cavablandırıram ki, tamaşaçılar mənə foto, video materiallar göndərirlər. Mən də o materiallardan uyğun olanlarını efirə hazırlayıram. Maraqlı mesajlar çox olur. Sevgilisinə etiraf edən kim, borc pul istəyən kim, xəngələ dəvət edən kim, təhqir edən kim. Hər cür mesaja rast gəlmək mümkündür. Bəzən siyasi xarakterli mesajlar da olur. Mediadan narazılıq edirlər, haqsızlıqlara etiraz edirlər. Həqiqəti şappıltı ilə çırpırlar üzümə. Adətən o cür mesajlara cavab verməyə üzüm və dilim olmadığına görə susuram. Qırmızı-qırmızı qatığa qara deməkdənsə, heç olmasa susmaq yaxşıdı. Susmaq razılıq əlamətidir. Susuram ki, onlarla razı olduğumu başa düşsünlər.

 

– Bəzi aparıcılar müəyyən müddətdən sonra toya tamada kimi gedir. Sizin belə bir fikriniz var?

 

– Düzdür, yaxın qohum-əqrəbanın xeyir işlərində bir-iki dəfə yüngülvarı aparıcılıq etmişəm. Amma ciddi mənada hələ fikrim yoxdur. Çünki özümü buna hazır hesab etmirəm. Biz bəzən toy aparıcılığına qeyri-ciddi yanaşırıq. Amma bu həqiqətən ağır işdir. Əgər baş vurdunsa, gərək yüzlərlə qonağın kaprizinə, dava-dalaşa, təhqirə hazır olasan. Amma istisna da etmirəm. Ola bilər ki, nə vaxtsa çörək pulu qazanmaq üçün toylara gedim. Burda pis heç nə yoxdur. Sadəcə hazırlıqlı və dözümlü olmaq lazımdır.




1 şərh “Rahil Sayadoğlu: “Deyirlər kontur müqabilində efirə şərh verir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir