qurbanliq

Adət, yoxsa əziyyət? – Oğlan evini bezdirən bayramlıq…

Baxış sayı: 816

“Keçən dəfə eşitmişdim ki, nişanlı bir ailə arasında Qurban bayramında münasibətlər pozulub və qız tərəfi nişanı geri qaytarıb. Nişanın pozulma səbəbini öyrəndikdə isə dəhşətə gəldim: oğlan evi qız evinə qurbanlıq qoç göndərməyib”.

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov qarşılaşdığı bu əhvalatı sosial şəbəkədə paylaşan zaman şəbəkə istifadəçilərindən gözləmədiyi reaksiyanı görüb. Belə ki, çox insan bayramda qız evinə qurbanlığın aparılmasının vacib olduğunu, əks təqdirdə oğlan evinin hörmətsizlik etdiyini bildirib.

 

Qız evinə bayramlıq aparmamaq həqiqətən də hörmətsizlikdirmi?

Biz də nişanlı cütlüklər arasında kiçik bir sorğu keçirdik. Sorğunun nəticəsindən məlum oldu ki, hazırda ölkəmizdə 10 nişanlı cütlükdən 8-i sosial vəziyyətindən asılı olmayaraq bayramda qız evinə qurbanlıq qoç aparır. Artıq bayram təbrikindən daha çox problemə çevrilən bu ziyarətlər yuxarıda misal çəkdiyimiz kimi onlarla gənc cütlüyün ayrılmasına, ya da ailələrarası münasibətin pozulmasına səbəb olur.

Əslində, gənclərlə yanaşı, ailələr də bayram ziyarətlərindən razı deyil. Nəzərə alsaq ki, iyulun əvvəli “Ramazan bayramı”na görə gəlininin qapısını xonçalarla döyən qayınana özünə gəlməmiş qurban bayramı hazırlıqlarına başlayır. Səbəb təkcə gəlini ziyarət deyil, illərdir davam edən ənənəni pozmamaqdır. Dəfələrlə bayramlığa hazırlaşan ailələr “Qohum, qonşu baxır, getməsək nə deyərlər?” fikrindən utanaraq həm öz büdcələrinə, həm də qarşı tərəfə əziyyət verirlər.

Bayramlıq təkcə qoçla da bitmir…

Yeri gəlmişkən, qeyd edək ki, bayram ziyarətlərində xərc birtərəfli olmur. Oğlan evi qoçla bərabər şirniyyat, meyvə və geyimlərə təxminən 300-500 manat xərcləyir. Elə qız evi də qonaq süfrəsinə bir o qədər xərc çəkir.

Biz də bu məqamda xonçaların və qoçun bəzədilməsi ilə məşğul olan bir neçə şirkətlə əlaqə saxladıq. Məlum oldu ki, xonçaların bəzədilməsi 200 manatdan, qoçun isə 100 manatdan başlayır.

“Qurban kəsən Allahdan günahlarının yuyulmasını istəyirsə, onda oğlan da qız üçün qoç gətirir ki, al, bu illik günahlarımı yu?!”Özəl bir şirkətdə Sosial Media Meneceri işləyən Vüsalə Həsrətli artıq 6 aydır ki, nişanlıdır. Ancaq o, digər həmcinslərindən fərqli olaraq bu bayram, nə bər-bəzəkli qoç, nə də ki payram xonçaları gözləyir. Onun fikrincə bayramlarda təbrik zərurətdən meydana çıxmamalıdır, adi bir sözlə də bayramlaşmaq olar:

“Nişanlı olmamışdan əvvəl də düşünürdüm ki, hər bayramda “qohum-əqrəba, qonşu nə deyər” düşüncəsi ilə o boyda xərc tələb edən bayram ziyarətlərini tələb etmək doğru deyil. Əlbəttə, insanlar bir-birinin evinə gedib, bayramlaşa bilər. Bunda pis heç nə yoxdur, lakin bunun bir az məcburiyyətdən edilməsi və lazımsız xərclərin çəkilməsi hər iki ailə üçün yükdən və əziyyətdən başqa bir şey deyil.

Mənim üçün bütün o xonçaların gətirilib-gətirilməməsinin heç bir mənası yoxdur, yəni diqqətin, sevginin göstəricisi deyil. Sadəcə kiçik bir hədiyyə ilə, yaxud elə hədiyyəsiz gəlib, yaxud telefonlaşıb təbrik etmək kifayətdir”.

Vüsalə kimi düşünən qızlar olsa da, əksər xanımlar bayramlığın tərəfdarıdır. Onlar oğlan evinin əsas vəzifələrindən birinin də məhz “bayramlıq” olduğunu düşünürlər.

Bəs bayramlarda nişanlı qıza qoç aparılması mütləqdirmi?

Yazının əvvəlində qeyd etdiyimiz hadisədən sonra Ə. Həsənov Qurban bayramında qız evinə qurbanlıq qoç aparmağın İslam dini ilə əlaqəsi olub olmamasını araşdırıb. Onun sözlərinə görə, nişan adət-ənənələrinin heç biri İslamda yoxdur:

“Əslində bizim etdiyimiz adət-ənənlərimizin hamısı hansısa dinə dayanır. Ancaq mən İslam fiqh kitablarına baxdığım zaman təəccübləndim. Fiqh kitablarında nişana aid məsələlər demək olar ki, yoxdur. Yəni bizdə olan nişan adəti İslamda yoxdur. Nişanlanma adəti ümumilikdə bütün türk xalqlarında var. Türk xalqları islamı qəbul etdikdən sonra bu adəti də islamla birlikdə yaşadıblar. Bizim adətimizdə olan nişanda qurbanlıq qoyun aparmaq dinimizdə olmasa da biz dinimizin əmrini adətimizə qataraq həyata keçirmişik. Bu da Allah tərəfindən əmr olunan bir ibadət olmadığı üçün qəbul olunan bir ibadət növü də deyil, sadəcə insanın özünü əlavə əziyyətə salmasıdır. İnsanlar bilsinlər ki, islam dinində nişan adəti yoxdur. Bu səbəbdən də nişanda qurbanlıq aparmaq da yoxdur. Olmayan bir məsələyə görə də, nişanı qaytarmaq olmaz. Çünki nişanı pozmaq dinimizə görə bəyənilməyən əməldir”.

 

Günel Hacı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir