usaq ve ish

Ailə və karyera arasında balans yaratmaq mümkündürmü?

Baxış sayı: 473

Müasir qadın özünü büsbütün ailəyə, yoxsa karyeraya həsr etmək kimi dilemmanı həll etmək üçün öz həyatında balans yaratmağa çalışır.  Bu mürəkkəb dilemma qarşısında qadınlar karyeranı üstün tutarkən ailəyə kifayət qədər diqqət ayıra bilmədiklərinə görə özlərini günahkar hiss edir.  Ailəni üstün tutub karyeranı atmaq qərarı verən qadınlar isə düzgün seçim edib-etmədikləri sualına o qədər cavab axtarırlar ki, ya stressə düşür, ya da öz qabiliyyətlərindən şübhələnməyə başlayırlar. Özü də bu, istər karyerasının zirvəsində, ya da böyük teatr səhnəsində olan qadınlardan tutmuş, həftədə bir neçə saat çalışan qadınlar üçün eyni dərəcədə ağrılı bir proses ola bilər. Əslində ailə və karyera arasında balans yaratmaq ümumiyyətlə mümkündürmü?

Mənim özümə gəldikdə bu dilemmanın üzərində fikirləşməyə sözün əsl mənasında imkanım olmadı. BBC radiosunun müxbiri kimi çalışdığım illər ilk övladımın anadan olduğu günün sabahı reportajı xəstəxananın çarpayısından verməli olmuşdum. Bundan sonra o zaman yaşadığım Sarayevo şəhərindən reportajlarımı telefonla oğlumu qucağımda saxlayaraq oxuyurdum. Müharibədən çıxmış Sarayevoda şəhər infrastrukturunun hələ tam bərpa olmadığı o illər qucağımda körpə ilə bərabər reportajlarımı hazırlamağın özündə bir qeyri-adilik var idi. Həmkarlarımdan biri hətta bir dəfə görünür narahat saxladığıma görə ağlamağa başlamış körpə uşaq səsini eşidib məni “müasir madonna” adlandırmışdı. Bu gün gündəlik həyatda öhdəsindən gəldiyi vəzifələri nəzərə alsaq, müasir qadını tamamilə məsuliyyətlə super madonna kateqoriyasına aid etmək olar.

Professional həyat və ailə arasında balans yaradılması müasir cəmiyyətlərdə bu gün siyasətçilər və sosioloqlar, iqtisadçılar və həkimlər, qadınların özləri və kişilər tərəfindən geniş müzakirə olunur. Qadının bu dilemmanı həll etməsi asan deyil və çox vaxt “bu, ümumiyyətlə mümkündürmü?” sual edilir.

Cəmiyyətlərin çoxunda qadının ənənəvi rolu haqda artıq formalaşmış ümumi bir fikir mövcuddur, bir sıra ölkələrdə hələ də qadının ictimai həyatda rolunun artmasını dəstəkləyən qanunlar sistemi hazırlanmayıb. Hətta ABŞ-ın özündə bu günə kimi qadınların kişilərlə bərabər maaş alması məsələsi tam həllini tapmayıb. Qadınlar uşaq doğulduqdan sonra altı həftə müddətinə analıq məzuniyyəti götürə bilir. Gənc qadınların bundan artıq evdə qalmaq imkanı yoxdur, çünki Amerikada analıq məzuniyyəti şirkətlər tərəfindən ödənilmir.

Bir sıra cəmiyyətlərdə münasibətlər sistemi kişilərin üstünlüyü əsasında qurulub. 2012-ci ildə Birləşmiş Ştatlar Konqresinə seçkilərdə Senata 22 qadın qanunverici seçildi və ilk dəfə olaraq qadınlar Senatda üçdə bir yerləri tutdu. Senator qadınların sayının birdən-birə artması iclaslararası fasilədə cəmi iki kabinası olan qadın ayaqyolunun qarşısında növbənin yaranmasına səbəb olmuşdu. Xanım senatorlar bunu zarafatla qarşılasa da, əslində bunun qadınların hələ də siyasi seçkili orqanlarda kişilərdən qat-qat aşağı təmsil olunmasının göstəricisi olduğunu qeyd etmişdi.

Qərb ölkələrində qadınlar bərabər təhsil və karyera imkanlarına malikdir.  Statiskaya görə, Amerikada kollec və universitet məzunları arasında qadınların sayı daha çoxdur. Onların bir hissəsi universitetdən sonra təhsilini davam etdirərək, magistr və doktor dərəcəsi alır. Bu qadınların çoxu qarşıya müvəffəq karyera qurmaq kimi məqsəd qoyur. Ekspertlərin bir hissəsinin fikrincə, təhsilə bu qədər vaxt və maliyyə sərf etdikdən sonra qadının təbii olaraq seçimi özünə karyera qurmaqdan ibarət olur və qadın cəmiyyətdə ona verilən imkanlardan tam yararlanmağa çalışır. Ofis həyatının stresli şəraitində uğurlu karyera yaratmağa çalışan gənc qadın ailə qurmaq perspektivini adətən geri çəkməyə başlayır.

Dünyanın hətta ən inkişaf etmiş ölkələrində kişilərin bir hissəsi professional karyera qurmaq istəyən qadınlarla ailə qurmağın mürəkkəb cəhətlərini qeyd edirlər. Kişilərin gətirdiyi başlıca arqument budur ki, əgər qadının gəliri kişininkindən çoxdursa, bu, artıq özü-özlüyündə ailədə bir problem mənbəyinə çevrilə bilər. Amma eyni zamanda, kişilər onu da etiraf edir ki, qadın işi və karyerasından imtina edib evdə qalmalı olursa, bu, böyük stressə gətirib çıxara bilər; stressli qadınla birgə həyat isə çox çətindir.

Uğurlu karyera və ailə həyatı qura bilmiş qadınların böyük hissəsi ailə həyatı və kareyara arasında balans yaratmağın böyük çətinliklərini etiraf edir. Əslində belə bir balans varmı? Bu balansı yaratmaq üçün hansı vacib şərtlər mövcud olmalıdır? Bəzi qadınlar karyera qurduqları halda da güzəşt və kompromisin qaçılmaz olduğunu və seçimlərinin çox vaxt ailənin xeyrinə edildiyini bildirir. Başqaları isə ümumiyyətlə balansın mümkün olmadığını söyləyir. Onların sözlərinə görə, ailədə seçim məsələsinə gələndə, bu, demək olar hər zaman qadına aid olur və güzəştə əsasən qadınlar gedir. Buna görə də seçimlər birgə müzakirə olunmalı, güzəştlər də qarşılıqlı olmalıdır. Təbii ki bu mövzuda müzakirələr davam edəcək, lakin bütün bunlara baxmayaraq, unutmaq lazım deyil ki, həm müvəffəq karyera, həm də normal ailə həyatı qura bilən qadınlar az deyil və bu nailiyyətə görə onları yalnız alqışlamaq olar.

 

Dilşad Əlyarlı, ABŞ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir