ana sudu

Ana südü “smes”ə qarşı: kim qazanacaq?

Baxış sayı: 330

Onu “həyat iksiri”, “can dərmanı”, “təməl qida” adlandırırlar. Dünyada tayı-bərabəri olmayan ən ibtidai, ilkin qida – ana südü. Ana südü hər körpənin təməl qidası olmalıdır, amma təəssüf ki, hazırda çox körpə bundan məhrum edilir. Ona görə “edilir” deyirəm ki, bir çox ana özü könüllü şəkildə övladını ana südündən məhrum edir, süni uşaq qidası ilə qidalanmasına səbəb olur. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), bütün dünya həkimləri, hətta müqəddəs kitablarda belə körpənin iki il ana südü ilə qidalanması vacib və mütləq hesab edilir.

Son 30 ildə ana südü ilə bağlı aparılan araşdırmalar, ana südünün əvəzsiz qida olduğunu və körpənin qidalanmasında onu heç bir kənar qidanın əvəz edə bilməyəcəyini sübüt edir. Nəticədə bütün dünyada ana südünün təbliğatı aparılır, analar məlumatlandırılır. Dünya iki cəbhəyə bölübüb – qlobal “smes” istehsalçıları və ana südünün möcüzəsini bilənlər. Əmizdirmə anaların və körpələrinin sağlamlığı üçün ən vacib amildir. Başqa heç bir qidalanma variantı ana südü ilə qidalanmanın təmin etdiyi sağlamlığı vəd etmir.

BMT-nin Uşaq Fondu (UNİCEF) və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ölkəmizdə avqust ayının 1-dən 7-dək “Ümumdünya ana südü ilə qidalandırma həftəsi” keçirilir. Bu tarix ana südü ilə qidalandırmanın qorunması, təşviqi və dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNİCEF, dövlət siyasətçiləri və digər təşkilatlar tərəfindən 1990-cı ilin avqust ayında imzalanan “Inocenti Deklarasiyası”nın xatirəsinə həsr edilir.

Qeyd edək ki, doğuşdan sonrakı ilk günlərdə süd vəziləri zülal və mineral maddələrlə zəngin, tərkibində çoxlu miqdarda İgA, az miqdarda yağ və karbohidrat olan ilk südü –molozivo istehsal edir. Həkimlər bu südü körpənin ilk peyvəndi adlandırırlar və hər körpənin mütləq molozivo ilə qidalanmasını vacib sayırlar. Xəstəxanalarda isə çox zaman körpəni bundan məhrum edərək anaya ilk südün formalaşmasının 1 həftə çəkəcəyini deyirlər. Təcrübəsiz ana da inanır və südü formalaşanadək körpəsinə süni uşaq qidası verir. 1 həftə bu qidanı yeyən körpə isə əmmə refleksini itirir, tənbəlləşir və heç vaxt ana südü əmmək istəmir.

Keçmiş baş pediatr Nəsib Quliyev bir müsahibəsində deyirdi: “Ananın doğuşdan sonra “südüm yoxdur” deməsi, “hamiləyəm, amma bətnimdə uşaq yoxdur” fikri qədər absurddur. Yaradan bütün qadınlara süd istehsal edə biləcək orqanizm verib”. Baş pediatr illərini bu sahədə keçirən biri kimi çox şeyi görüb, çox şeyə şahid olmuşdu. Yeri gəlmişkən, süni uşaq qidasına qarşı mübarizə aparan azsaylı həkimlərdən olan pediatr Aytən İsmayılzadə deyir ki, körpənin reseptinə ana südü yerinə süni uşaq qidası yazan hər həkim qutusuna görə minimum 20-30 manat pul alır firmadan.

Əldə etdiyimiz məlumatlara görə, ölkəmizdə təxminən 1 yaşadək olan 100 mindən artıq körpə süni uşaq qidası yeyir. Təsəvvür edin, bir uşaq südəmər dövründə neçə qutu süni qida yeyir? Ayda ən azı 10-12 qutu. Bir qutu süni uşaq qidası minimum 10 manatdan başlayır, əksər hallarda həkimlər daha bahalısını məsləhət görür. Yəni ailə hər dəfə uşağına süni qida alanda həm də həkimin pulqabına pul göndərmiş olur. Belə ki, süni uşaq qidası bazarında bu qədər böyük pullar dövr edir. Əmizdirmə mütəxəssisləri doğum evlərinə buraxılmır, anaları südvermə ilə bağlı məlumatlandırırlar deyə.

UNICEF-in məlumatına görə, ana südü ilə qidalanmayan uşaqlarda ölüm nisbəti qidalananlara nisbətən 4-6 dəfə çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, qida çatışmazlığı 5 yaşa qədər uşaq ölümlərinin 7 faizinə səbəb olur və bunun təxminən yarısının əsas səbəbidir. ÜST bildirir ki, əmizdirən qadınların nisbəti yüksək olarsa, ana südü hər il 800 000-dən çox insan həyatını xilas edəcək.

Körpə ilk 6 ayda yalnız ana südü ilə (susuz) qidalanmalı, 6 aydan sonra əlavə qidalara keçsələr belə, ən azı 2 yaşa qədər və daha sonra ana südü ilə qidalanmalıdırlar. Ana südü ilə qidalanan körpələrdə allergik xəstəliklər, 1 və 2 tip diabet, iltihablı bağırsaq xəstəlikləri, hipertoniya, xərçəng, allergiya, astma, piylənmə, dağınıq skleroz, diş quruluşunun pozğunluqları və bəzi psixi xəstəliklər daha az rast gəlinir. Ana südü ilə qidalananların təhsildə uğur qazandıqları da məlumdur. Üstəlik, əmizdirmə təkcə körpəyə deyil, həm də anaya, ölkə və ailə iqtisadiyyatına, ətraf mühitə öz töhfəsini verir.

Azərbaycanda yeni doğulanların ana südü ilə qidalandırılma statistikası ən son 2021-ci ilə aiddir. Ölkəmizdə yenidoğulanların 82,9 faizi (hər min nəfərə) ana südü ilə qidalanır. Onlardan 3 ayına qədər yalnız ana südü ilə qidalananlar 58,2 faiz təşkil edir. 6 ayına qədər ana südü qəbul edən körpələr 68 faizdir. Onlardan yalnız ana südü ilə qidalananlar isə 39,2 faiz təşkil edir. 12 ayına qədər ana südü ilə qidalananlar 46,4 faiz, 1,5 yaşına qədər ana südü ilə qidalananlar 16,9 faiz, 2 yaşa qədər ana südü ilə qidalananlar 8,7 faizdir. Bu, olduqca təhlükəli rəqəmdir.

Qeyd edək ki, ana südü ilə qidalanan yenidoğulan körpələrin sayı (hər min nəfərə) 2010-cu ildə 77.9 faiz, 2011-ci ildə 74.5 faiz, 2012-ci ildə 83.5 faiz, 2013-cü ildə 86.5 faiz, 2014-cü ildə 93. 2 faiz, 2015-ci ildə 90.3 faiz, 2016-cı ildə 95.2 faiz, 2017-ci ilə 89.7 faiz, 2018-ci ildə 82.8 faiz, 2019-cu ildə 82.9 faiz təşkil edib.

Pediatr Şahanə Yadigarlı deyir ki, əgər hansısa pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasının və yaxud süni qidaların satışından gəlir əldə etdiyinin göstəricisidir: “Pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın, ana südünü hansı yollarla artırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı, əlavə qidalar da vermək olar ki, bu da bir çoxunun başa düşdüyü kimi süni uşaq qidaları deyil, yumurta sarısı, yulaf, qarabaşaq, manna (buğda yarması) və digər sıyıqlardır. Mən analara həmişə mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidaları məsləhət görürəm. Amma təəssüf edirəm ki, tənbəl analarımız çoxdur, alma püresini belə hazır alırlar. Ağıllı analar isə uşaqlarına konservantlarla konserviləşdirilib uzunmüddətli istifadəyə yararlı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər”.

Həkim deyir ki, anaların südü ola-ola doğum evlərində pediatrlar analara süni qidalar təklif edir, çox qadın da savadsızlıqdan bunu məcburi hesab edir: “Reseptlərə ən bahalı uşaq qidaları yazılır. Yanıma uşağını müayinəyə gətirən qadınlar var ki, baxıram südü olduğu halda süni qida verir uşağa. Alternativ qidalanma olduqda anaların südü quruyur, üstəlik, doğum evindən çıxıb evə gedəndən sonra da süni uşaq qidaları satan firmalar analardan əl çəkmir, tez-tez zəng edib uşağın qidalanması ilə maraqlanırlar. Bu, həmin firmaların həkimə pul ödəməsi deməkdir”.

Ana südü əmən uşaqlarda miningit, qulaq infeksiyaları, revmatizm, əsəb problemi, immun çatışmazlığı da olmur, orta qulağın iltihabını belə ana südü sağalda bilir. Bundan əlavə döş əmən uşaqlar çox az xərçəng xəstəliyinə tutulma riski daşıyırlar, onlar yaşıdlarına nisbətdə daha az diabetə yoluxurlar.

Ana südü hər körpənin haqqıdır, onu bu nemətdən məhrum etməyə heç bir ananın haqqı yoxdur. Hamiləlikdə sağlam qidalanın ki, övladınızın təməl qidası bol olsun, onu yalnız biznes maraqları güdən işbazlardan, süni qidalarla genefondumuzu dağıtmağı qarşısına məqsəd qoyan qlobal qüvvələrin təsirindən qoruyasınız. Hər yeri zəbt etmiş süni qidalarının reklamlarındakı “biz sizin övladınızı düşünərək ən yaxşı qidanı hazırladıq” kimi cümlələrə aldanmayın. Unutmayın ki, heç kim sizin övladınızı sizin qədər düşünə bilməz.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir