ata

Ata olmaq yox, atalıq etmək çətindir

Baxış sayı: 342

Əksəriyyətimiz qadınların doğuşdan sonra depressiya yaşadığı barədə eşitmişik, bəzilərimiz yaşamışıq, bir çoxumuz da müşahidə etmişik. Amma tək analar yox, atalar da həyat yoldaşının doğuşundan sonra depressiyaya düşə bilir. Mütəxəssislərin fikrincə, kişilərin doğuşdan sonra depressiyaya düşməsinin əsas səbəbi işsizliklə, gəlir azlığı, uşağın maddi təminatını ödəməyi bacara, ən əsası isə, yaxşı ata ola bilməmək qorxusu ilə əlaqəli olur.

“Cerebral Cortex” elmi jurnalında dərc olunan yeni araşdırma, atalığın kişilərin beynini dəyişdirdiyini sübut edib. ABŞ və İspaniyadan bir elmi qrup 40 kişi üzərində ilk övladının doğulmasından əvvəl və sonra beyin analizi aparıb. Kişilərin ata olduqdan sonra beyinlərində dəyişiklik olduğunu deyən alimlər bu dəyişikliyin qadınlara nisbətən daha az olduğunu da müşahidə edibər. Tədqiqat göstərib ki, kişilərin beyinlərində körpələri dünyaya gəldikdən sonra həssaslıq artır.

Alimlər deyirlər ki, həm qadınlar, həm də kişilər ata-ana olduqdan sonra bir sıra hormonal və psixi dəyişikliklər yaşayırlar. Əslində ata olmaq da ana olmaq kimi bioloji hadisədir. Hamiləlik və analıq qadın orqanizmində bir çox mühüm hormonal dəyişikliklərə səbəb olur və qadın bu hormonal dəyişikliklərə görə analıq hissinin təbii olaraq daha yüksək yaşayır. Kişilər uşaq dünyaya gətirmədikləri üçün onların hormonlarında atalıqla bağlı heç bir dəyişiklik olmadığına dair ümumi bir baxış bucağı vardı. Lakin bir çox araşdırmalar bunun əksini göstərdi. Ata olmaq kişilərdə də hormonal dəyişikliklərə səbəb olur, lakin bu dəyişikliklərin miqyası və xarakteri insandan insana dəyişə bilər.

Ata olduqdan sonra kişilərdə testosteron səviyyəsinin azaldığı da müşahidə edilən dəyişikliklərdəndir. Bu azalmanın səbəbinin qidalanma, yuxu rejiminin dəyişməsi, habelə qayğı göstərməyin artması olduğuna inanılır. Ənənəvi olaraq qadınlarda ana südü ilə əlaqəli olan artan prolaktin hormonu atalıq dövründə kişilərdə də artır. Atalarda yüksək prolaktin səviyyəsi daha çox körpə ilə təmas hallarında olur. Araşdırmalar göstərib ki, kişilər ata olduqdan sonra onların oksitosin səviyyəsi də yüksəlir və bu, atalarla uşaqları arasında bağlanma, yaxınlaşma prosesini asanlaşdırır.

atanin-qidalanmasi

Doğuşdan iki həftə sonra analarla aparılan araşdırmada, uşaqları ilə ünsiyyət qurduqda anaların beynində hansı bölgələrin dəyişikliyə məruz qaldığı müşahidə edilib. Məlum olub ki, körpəsi dünyaya gəldikdən sonra qadınların beynində narahatlıq ifadə edən bölgə həssaslaşır. Yəni anaların həssaslığı onların beynində narahatlıq ilə assosasiya olunur.

Eyni araşdırmada kişilər araşdırılarkən məlum olub ki, kişilərdə bu vəziyyət altı aydan sonra baş verir. Uşaqları ilə daha çox vaxt keçirən kişilərdə atalıq hissi nisbətən daha tez oyanır. Yəni, atalıq, uşağı qucağına alan kimi hiss olunan bir duyğu deyil, zamanla inkişaf edən bir duyğudur. O da məlumdur ki, kişilərin atalıq hissini tez qavramaları üçün ilk növbədə hamiləlik prosesini həyat yoldaşları ilə paylaşmalı, doğum anında həyat yoldaşlarının yanında olmalı, uşağın gündəlik baxımını ikisi birlikdə həyata keçirməlidir. Bu proses ata ilə uşağı arasında inkişaf edəcək möhkəm bir bağın əsasını təşkil edir. Uşaqla qurulan əlaqənin özəyi səmimiliyi və intensivliyidir. Körpələr onlara nə qədər səmimi və nə qədər tez-tez qayğı göstərildiyini hiss edirlər.

Bəzən ailədə ilk uşaq doğulanda kişilər depressiv vəziyyətə də düşürlər. Bunun səbəbi körpə doğulana kimi qadının bütün diqqətinin ərinin üzərində olması, körpə doğulduqdan sonra isə bu diqqətin paylanmasıdır. Kişilər bu halda qadın ruhunda nə baş verdiyini bilmirlər, əvvəlki kimi qayğı gözləyirlər, amma özləri qayğı göstərmirlər. Onların atalığa alışmaqları zaman alır. Qadınlar ana olmağa hamiləlik dönəmindən hazırlaşırlar, doğduqdan sonra körpəyə alışmaqları zaman almır. Amma atalar bu prosesdən çətin keçirlər. Psixoloqlar ilk övladı olan kişini özündən sonra ilk qardaşı və ya bacısı olan uşağa da bənzədir. Necə ki, uşaqlar qardaşı və ya bacısı doğulanda valideynlərinin yeni körpəni daha çox sevəcəyini düşünür, kişilər də ilk övladı doğulanda həyat yoldaşının yalnız uşağı sevəcəyini və ona diqqət göstərməyəcəyini düşünür. Lakin tədricən körpəyə alışdıqca, qayğı göstərdikcə atalıq hissi oyanır və bu günədək ər rolunda olan kişi bundan sonra həm ər, həm də ata olduğunun fərqində olur.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir