Lale Mehrali

Ay alan, uşaq satıram!

Baxış sayı: 374

Klinikaların folekul və sperma bazarı barədə çox adamın məlumatı var. Donorlardan alırlar, süni mayalanma ilə pasiyentlərə köçürürlər. Klinikalar spermanı 100 manatdan, folekulu 500-700 manatdan alırlar, pasiyentlərinə 5-6 minə satırlar. Bu proses illərdir var, pula ehtiyacı olan gənclər bu yolla rahat pul qazanır. Səbəb olduqları fəlakətin böyüklüyünü bilmədən. Savadsızlıq o həddədir ki, satdığı folekuldan, spermdən doğulacaq uşağın doğma övladı olacağını anlamır. Folekulunu satan qadın, spermasını 50-100 manata peşkəş edən gənclər yalnız alacağı məbləği düşünür, gələcəyi götür-qoy etmir.

Bu işlə məşhur olan həkimlərin sosial şəbəkədəki reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat qarşılığında folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə donorluğa uyğun olan kriteriyalar da göstərilir. Yəni ailə klinikaya gəlir, ya ataya, ya da anaya oxşar bir donordan folekul, ya da sperm götürülməsini tələb edir, bunun müqabilində böyük məbləğdə pul ödəyir. Həkim də çıxır pasiyentlərinə oxşayan donor ovuna. Doğulacaq uşaq valideynlərdən birinə bənzəməlidir ki, ətrafı süni mayalanma zamanı donordan istifadə edildiyini düşünməsin.

Bu yumurta hüceyrələri alveri ilə daha çox instaqramda məşğul olurlar. Qadın səhifələrində pusquya yatan həkimlər və ya asisentləri qəpik-quruşa əldə etdikləri yumurtaları sonsuzluq problemi olan qadınlara 4 və ya 5 qat baha qiymətə satır. Səhifələr bu işin qanuni olduğunu bildirirlər. Ancaq əslində bu, insan alverinin bir forması sayılır. Yəni qanunlarımız ödənişli donorluğu qadağan edir.

Qanun donor olmağa könüllü və pulsuz şəkildə olması halında icazə verir. Folekul və sperm donorluğu isə 1 dəfədən çox olmamaq şərti ilə həyata keçirilməlidir. Folekulların köçürülməsi süni mayalanma deməkdir, süni mayalanma xidmətinin reklam olunması, paylaşılması isə reklam haqqında qanunvericiliyə görə qadağandır.

Folekul+sperma satan nə bilir sabah evdəki övladı ilə süni mayalamadan doğulan övladının yolları kəsişməyəcək? Hardan əmindir ki iki övladı gələcəkdə evlənməyəcək? Bunun ki qarantı yoxdur? Yaxın gələcəkdə bacı-qardaş evliliyi qaçılmaz olacaq. Bu işlərə çoxdan əl atmış həkimlərin sayəsində bəlkə də artıq bu baş verib, xəbərimiz yoxdur.

Bu işlə məşğul olan klinikalar donorlara heç bir zərəri olmadığını, təhlükəsiz təbii prosedur olduğunu deyirlər. Amma aldadırlar. Əgər folekul satmağa qərar versəniz sizə onun yetişməsini sürətləndirəcək hormonal iynələr vurulacaq. Çünki bu işlə məşğul olan həkimlər 1 folekulla kifayətlənmirlər, işdir, əgər birdən mayalanma getməsə ödənilən pul boşa getməsin deyə ehtiyat folekullar götürülür. Donora vurulacaq hormonal iynələrlə ən azı 2-3, bəzən daha çox folekul yetişir. Yəni sizə 1 folekul götürüləcəyini deyib müqabilində 500-700 manat ödəyib əslində 3-5, bəlkə də daha çox folekul götürürlər. Həmin an qadın dərmanla yatırdılmış olur və prosesdən xəbəri olmur. Əldə edilən hər folekulu ayrı-ayrı pasiyentə satırlar, qaz vurub qazan doldururlar. Nəticədə, bir qadın 10 gün ərzində 2-5 uşaq sahibi olmuş olur. Bir fərq var ki, uşaqlar özünün olsa da, başqa qadının bədənində böyüyür. Eynilə surroqat anada olduğu kimi…

Bəzən iddia edilir ki, indi əksər qadınlar övladı olmadığı halda stimulasiya edir. Bu prosedurun zərərli olmadığını, folekul donorluğunun da buna bənzər olduğunu iddia edən həkimlər bu yolla çoxlu donor tora salır. Doğrudur, stimulasiya da zərərli prosedurdur, lakin nəticəsində övladını satmırsan və sağlamlığına zərər gəlsə belə bu prosesdən sonra doğulan övladın yanında olur. Lakin folekul donoru olduğunuz halda sizə bərpası mümkün olmayan fiziki zərər verəcəklər və bunun qarşılığında çox az məbləğ təklif edəcəklər.

Eyni təbliğat kişilər arasında da aparılır. Sağlam kişilərin spermi pul qarşılığında alınır və süni mayalanma üçün müraciət edən pasiyentlərə təklif edilir. Bir fərq var ki, qadınlara folekulu yetişdirmək üçün hormonal iynələr vurulur, kişilərdə isə bu iynələrə ehtiyac olmur. Bu yolla özünə asan gəlir yeri tapan işsiz gənclər var. Fərqində deyillər ki özlərindən xəbərsiz saysız uşaq sahibi ola bilərlər və yaxud artıq olublar.

Dediyim kimi, qanunla bu prosedur ölkəmizdə qadağandır. Lakin bağlı qapılar arxasında baş verənlərdən xəbərimiz yoxdur. Əgər bunlar real olmasaydı, bu həkimlər sosial şəbəkələrdə donor ovuna çıxmazdı.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir