ayaqqabi

Ayaqqabı alarkən nəyə diqqət yetirmək lazımdır?

Baxış sayı: 2. 339

Ayaqqabı hər zaman insan geyiminin ayrılmaz elementidir. Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir. Lakin sağlamlığınızı qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir.

Ayaqqabıların keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır.

 

Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsiri olmamalıdır. Ayaqqabının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Texnoloji proses zamanı ardıcıllığa riayət olunmadıqda və üzlük materialın nəmlənməsi aparılmadıqda ayaqqabı forma saxlama qabiliyyətini itirir. Təbii gönlərdən fərqli olaraq süni və sintetik materiallarda məsamələr olmadığından ayaqlarda yaranan tər və nəm ötürülə bilmədiyinə görə xoşagəlməz qoxunun əmələ gəlməsinə, həmçinin sürtünmə nəticəsində hiperhidroz, yəni göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlayın. Üstündən burun hissəsini basaraq barmaqları əzib-əzmədiyini yoxlayın. Elastik və yumşaq altlıqlı ayaqqabı seçin. Əlinizdə bir az əyin. Keyfiyyətli ayaqqabıda altlıq asanca qatlanır, yuxarı hissəsi isə öz formasını çox da dəyişmir.

Ayaqqabı alarkən onun içlik materialına da fikir vermək lazımdır. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan ayaqqabı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir.

Yayda isti havada ayaq şişdiyi üçün laklı ayaqqabı almayın. Yazda və payızda ayaqqabı alarkən onun su buraxmamağı vacib şərtdir. Bu cür ayaqqabıların altlığı qalın olsa, daha yaxşı olar. Qışda da ayaqqabının altlığının qalın olması ən vacib şərtdir. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir.

Ayağın həcmi gün boyu genişləndiyinə görə ayaqqabını günortadan sonra almağa çalışın. Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə aldanmayın.

Nəzərə alın ki, istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığa ziyandır.

Eyni zamanda bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin. Ayaqqabının üstü, iç astarı, altlıq və dabanının hazırlanmasında hansı materiallardan istifadə olunduğunu öyrənmək üçün onun etiketinə baxın.

Ayaqqabı seçərkən əsas meyar model və rəngdən öncə, rahat olmasıdır. Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmalı, yəni ayaqqabı ayağınıza kip oturmamalıdır.

Uşaq ayaqqabılarının arxalarının bərk, ayaqqabının üstünün elastik olmasına, burun hissəsinin barmaqları sıxmamasına, altlığının və dabanının yeri yaxşı tutan, sürüşməyən, elastik bir materialdan hazırlanmış olmasına diqqət yetirin.

Ayaqqabının içini əl ilə yoxlayaraq astar və başqa hissələrdə ayağı narahat edəcək qırışıqların olmadığından əmin olun. Tikiş xətalarının olmamasına diqqət yetirin. Tez çirklənən və ya rəngi tez soyulan materiallardan istehsal olunmuş ayaqqabıları alarkən və istifadə edərkən iqlim şərtlərini nəzərə alın.

 

P.S. Eyni zamanda nəzərə alın ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinədə lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ təsbit edilmişdir. Bu, eyni zamanda, aldığınız ayaqqabıya da şamil oluna bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal, o cümlədən ayaqqabı istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o, alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində dəyişdirilə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir