hote

Böyük sevgi: kənd qızına görə məşuqələrdən imtina edən dahi

Baxış sayı: 1. 474

Dahi alman şairi və filosofu İohann Volfqanq Höte Frankfurtda, zəngin vəkil ailəsində anadan olub. Hələ uşaq yaşlarından valideynləri onu hərtərəfli tərbiyə ediblər: o, xarici dillər bilirdi, tarixi, təbii elmləri öyrənirdi, rəsm və musiqi ilə məşğul idi. 17 yaşı olarkən Höte Leypsiq universitetinin hüquq fakültəsinə daxil olur. Atası kimi uğurlu vəkil olmağı arzulayır. Təhsili zamanı Höte bir çox adamlarla dost olur ki, onlardan biri də hersoq Veymar idi. 1775-ci ildə Veymar Höteni sarayında yaşamağa dəvət edir. Yarım il iki dost sarayda günlərini əyləncə ilə, içki və əxlaqsız qadınların əhatəsində keçirirlər.

Gələcək yazıçı yaraşıqlı idi. Hətta böyük burnu da üzünün cizgiləri ilə uyğunluq təşkil edirdi və onu cazibəli edirdi. O, həssas, mehriban və münasibətlərdə sadə idi. Bu da yerli qadınların diqqətini cəlb edirdi. Bu gəncin həyatında çox qadın olub. Amma bu qadınlar tezliklə unudulur, yerini başqalarına verirdilər.

Yalnız Kristiana Vulpius şairin qəlbini nə az-nə çox, düz, 30 il fəth edə bilib. Onlar 12 iyul 1788-ci ildə tanış olurlar. Höte parkda gəzərkən qaragözlü bir qız yaxınlaşıb, ona məktub verir. Məktubda qızın qardaşı məşhur almandan kömək istəyirdi. Yazıçı Dövlət Dumasında əsas yerlərdən birini tutduğu üçün o gənc qızın qardaşına kömək etməyə razılıq verir. Hesab edilir ki, elə məhz buna görə də Kristiana şairin məşuqəsinə çevrilib.

Kristiana elə də gözəl deyildi. O, alçaq boylu, dolu bədənli, kobud qadın idi. Amma narıncı saçları, al yanaqları onu gözəl göstərirdi. Hələ 23 yaşı olmasına baxmayaraq, kasıblığın pis üzünü görmüşdü. Çox uşaq yaşlarından gül fabrikində çalışmağa məcbur olmuşdu. Amma şənliyi və sadəliyi həyatın ağırlıqlarına tab gətirməyə kömək etmişdi.

Kristiana şairin o qədər xoşuna gəlir ki, onu şəhərin ən məşhur küçələrindən birində yerləşən bahalı evində yaşamağa dəvət edir. Kristiana yaza bilmirdi, aksentlə danışırdı, ifadələrində emosional idi. Tərbiyəli, ziyalı şair onu özü ilə görüşlərə və ya şənliklərə apara, dostları ilə tanış edə bilməzdi. Bu əvvəllər Kristiananı heç incitmirdi də. O, işə gedir, boş vaxtlarında ev yığır, bağla məşğul olur, həmişə şən olurdu.

Hötenin savadsız kəndli qızla yaşaması xəbəri bütün şəhəri bürüdü. Dostlar heç nə anlamır, pərəstişkarlar özlərinə yer tapmır, keçmiş məşuqələr maraqdan yanırdılar. Hötenin 14 il birlikdə yaşadığı Şarlotta fon Şteyn isə özünü təhqir edilmiş hesab edirdi. Höte isə heç nəyə fikir vermirdi və özünü təmizə çıxarmağa da çalışmırdı. O, bu qadında nə tapdığını çox gözəl bilirdi. Kristianada sonsuz mehribanlıq, şənlik və həyat enerjisi vardı. Şairdə də əsas bu çatmırdı. Kristiana onun həyatına istilik və şənlik gətirmişdi.

Görüşlərindən bir il sonra Kristiana bir oğlan doğur. Lakin Höte yenə də Kristianaya evlənmək təklif etmir və uşağa öz adını vermir.

İllər keçirdi. Qəribə sevgi öz yerini yaxınlığa və dostluğa verirdi. Kristiana uşaqlar doğurdu. Lakin doğulan beş uşaqdan yalnız ilk körpə – Avqust sağ qalır. Kristiana kökəlir. Onu tez-tez şəhərdə lağa salır, “Hötenin kök yarısı” deyirdilər. Lakin Höte onu sevməkdə davam edirdi. Kristiana məktublar yazırdı. Hətta bir dəfə Höte uzaq yola çıxanda Kristianadan xahiş etmişdi, köhnə ayaqqabılarını versin ki, ürəyinin başında saxlasın.

Lakin Kristiana tez-tez kədərlənirdi. Cəmiyyətin münasibəti onu incidirdi. Bəzən içki içir, pəncərənin qabağında oturub, evdən çıxmırdı. Artıq inanmırdı ki, nə vaxtsa Hötenin arvadı ola bilər.

17 il birlikdə yaşadıqdan sonra Höte Kristianaya evlənmək təklif edir. Həmin vaxt Hötenin 57, Kristiananın 41 yaşı vardı. Lakin evlilik cütlüyün həyatında heç nəyi dəyişmədi. Baxmayaraq ki, artıq bütün zəngin ailələrin qapısı üzünə açıq idi, Kristiana əvvəlki həyat tərzini dəyişmək istəmirdi. Səhhəti korlanır, tez-tez belindəki ağrılardan şikayətlənirdi. Bəzən ürəyi gedir və günlərlə yataqda qalırdı. Həkim ona ağır böyrək çatışmazlığı diaqnozu qoyur. Kristianaya nə müalicəvi su, nə də dərmanlar kömək edir.

Höte onun ölümdən çox qorxurdu. Sevgilisinin ölüm əzablarını görməmək üçün ondan uzaqlaşır. Kristiana Vulpius 6 iyun 1816-cı ildə vəfat edir.

Bir neçə gün sonra Höte yazırdı: “Arvadım öldü. İçimdə boşluq və dəhşətli sakitlik var. İnana bilmirəm ki, bu qadınla 20 ildən çox yaşamışam”.

Bir neçə il sonra qoca alman 20 yaşlı gözəlçə Ulrika fon Levetçoya evlənmə təklif etdi. Qız isə qoca ilə evlənməkdən imtina edir. Höte bundan sonra qadınlardan uzaq dayanır. Arvadının ölümündən 16 il sonra 22 mart 1832-ci ildə tarixin ən böyük şairlərindən biri vəfat edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir